İqtisadiyyatın üç əsas problemi

Azərbaycan iqtisadiyyatı liberal dəyərlərdən hələ çox uzaqdır

Həmişə böyük maraq doğuran beynəlxalq Davos iqtisadi forumu növbəti dəfə işinə başlayıb. Forumun işində Azərbaycan da təmsil olunub. Dünya iqtisadiyyatının qlobal problemlərinin müzakirə edildiyi bu forumda iştirak etməyin özü təbii ki, müsbət haldır, çünki tədbirdə 20-dən çox dövlət başçısı və minlərlə iş adamı iştirak edir. Forum təkcə iştirakçılarının nüfuzu ilə səciyyələnmir, burada sözün əsl mənasında dünya iqtisadiyyatının çox mühüm problemləri müzakirə olunur. Təkcə onu qeyd etmək kifayətdir ki, hazırda dünyanın maliyyə-kredit sistemində mühüm dəyişikliklər baş verir, ABŞ dolları özünün qlobal iqtisadi missiyasını dəyişir. Bu dəyişiklik bütün digər ölkələrin iqtisadiyyatına təsir göstərmək iqtidarındadır.


Forum üçün Azərbaycan iki aspektdən maraq kəsb edir; enerji və maliyyə resursları baxımından. Əgər bir neçə il bundan əvvəl bu ölkə təkcə potensial enerji imkanları ilə diqqəti cəlb edirdisə, indi artıq bu imkanlar real məzmun kəsb edir, üstəlik, dövlətin investisiya qabiliyyəti xeyli artıb. Amma dünya iqtisadiyyatına inteqrasiya ilə bağlı hələ də problemlər var. Məsələn, Azərbaycan hələ də Ümumdünya Ticarət Təşkilatının üzvü deyil. Üstəlik, problemlər təkcə dünya iqtisadiyyatına münasibətdə təzahür etmir. Davos forumu liberal və qlobal iqtisadi dəyərlərin müzakirə edildiyi yerdir.


Amma Azərbaycan iqtisadiyyatı liberal dəyərlərdən hələ çox uzaqdır, qloballaşmaya münasibət isə çox ziddiyyətlidir. Liberal iqtisadiyyat və ümumiyyətlə liberalizm dövlətin cəmiyyətin həyatındakı rolunun məhdudlaşdırılmasını nəzərdə tutur. Azərbaycan isə bir sıra beynəlxalq təşkilatların hesabatlarında qeyri–azad ölkə kimi xarakterizə olunur. Düzdür, dövlət rəsmiləri bu qiymətləndirmələrlə razılaşmır, onları qərəzli hesab edirlər. Amma bu arqumentlər inandırıcı görünmür, çünki dövlətin özünün fəaliyyəti onları inkar edir. Məsələn, ancaq bu yaxınlarda iqtisadiyyatda «bir pəncərə» sistemi tətbiq edilməyə başladı. Bu sistem iqtisadi strukturların daha tez və asan yolla qeydiyyatdan keçirilməsini nəzərdə tutur. Əvvəllər isə bu işlər üçün aylarla vaxt tələb olunurdu.


Hazırda Azərbaycan iqtisadiyyatının üç mühüm problemi var; korrupsiya, inflyasiya və inhisarçılıq. Hiss olunur ki, bu problemlərdən hökuməti ən çox narahat edən inflyasiyadır

Ölkədə liberal iqtisadiyyatın təməl prinsiplərindən biri olan mülkiyyət toxunulmazlığı ilə bağlı problemlər var. Burada maraqlı bir faktı qeyd etmək olar. Məsələn, digər ölkələrdə, o cümlədən Gürcüstanda rəsmi qaydada qeydiyyatdan keçən və dövlət vergi orqanları tərəfindən etiraf olunan milyonçular var. Azərbaycanda isə belə hal müşahidə olunmur. Bu detal bir daha göstərir ki, ölkə iqtisadiyyatı kifayət qədər şəffaf deyil. Üstəlik, məsələ təkcə bununla bitmir. Azərbaycan iqtisadiyyatına bələd olan müşahidəçilər onu məmur kapitalizmi kimi səciyyələndirirlər. Ölkə iqtisadiyyatı məmurların fəal nəzarətinə və müdaxiləsinə məruz qalır. Müstəqil və aşkar iqtisadi elita formalaşmayıb. Müstəqil iqtisadi elitanın olmamasının nəticəsi özünü digər sferada–siyasətdə də təzahür etdirir, siyasi partiyalar iqtisadi dayaqlar olmadan fəaliyyət göstərir və siyasi hüquqlarla bağlı problemlər yaranır. Bir çox problemlər baxımından mühüm əhəmiyyət kəsb edən «orta təbəqə»nin formalaşması prosesi ləngiyir.


Hazırda Azərbaycan iqtisadiyyatının üç mühüm problemi var; korrupsiya, inflyasiya və inhisarçılıq. Hiss olunur ki, bu problemlərdən hökuməti ən çox narahat edən inflyasiyadır. İndi onun təxminən 16 faiz həddində olduğu bildirilir. Amma müstəqil iqtisadçılar daha böyük ədəd deyirlər. Düzdür, son illərdə ölkədə nisbi maliyyə sabitliyi hökm sürüb. Bu, imkan verib ki, manatın denominasiyası aparılsın. Amma inflyasiya tədricən artmaqdadır.


Digər iki problem-korrupsiya və inhisarçılıqla bağlı çox müzakirələr aparılsa da, hələki onların həlli istiqamətində hiss olunacaq irəliləyiş görünmür. Mütəxəssislər bunu təbii hesab edirlər, çünki bu iki problemin həlli üçün ciddi islahatlara ehtiyac var. Bəzən bəraət kimi digər ölkələrdə də korrupsiyanın və inhisarçılığın olduğunu deyirlər. Amma təbii ki, bu, bəraət xarakterli fikirlərdir. Digər ölkələrdə korrupsiya və inhisarçılıq olsa da, onlara qarşı ciddi mübarizə də var. Üstəlik, bu mübarizə sistemli xarakter daşıyır. Azərbaycanda isə məhz bu çatışmır-sistemli mübarizə.