Bütün seçkilərin ən maraqsızı...

Narahat müxalifət indikindən daha fəal olardı

Nəhayət ki, rəsmi Bakı bu ilin payızında keçiriləcək prezident seçkisinin dəqiq vaxtını elan etdi. Seçki oktyabrın 15-də olacaq.


Prinsipcə, seçkilərin vaxtı qanunla müəyyən edilir. Amma bu tarixin şifahi şəkildə olsa belə dilə gətirilməsi prosesin başlanğıcına dəlalət edir. Mərkəzi Seçki Komissiyası indi seçici siyahılarının dəqiqləşdirilməsi ilə məşğuldur. Yəni proses özünün ilkin mərhələsindədir. Hələ Seçki Məcəlləsinə vəd olunan əlavə və düzəlişlər də edilməyib. Ümumiyyətlə, müşahidəçilərin fikrincə, 2008-ci ilin prezident seçkisinin bu vaxta qədər keçirilən bütün seçkilər arasında ən maraqsızı olacağı güman edilir. Əvvəllər seçki dövründə müxalifət müxtəlif bloklar yaradır və seçki ərəfəsinin demokratik olmasına çalışırdı. Bəzən bloklarda təmsil olunan siyasi təşkilatların sayı 60-a çatırdı. İndi həmin təşkilatların bir çoxu siyasi gündəmdə yoxdur. Seçkilər vaxtı fəallıq göstərən partiyalar zəifləyib, ya da aktiv siyasi fəaliyyətlə məşğul olmur.


AMİP-in siyasi fəaliyyəti nəzərə çarpmır. Liberal partiyasının sədri dəyişəndən sonra bu partiya da diqqət mərkəzində deyil. ADP siyasi ixtilaf nəticəsində parçalandı. AXCP qərargahsız qalıb. Müsavat parlamentdəki iki-üç deputatının fəaliyyəti ilə kifayətlənir və daha çox öz bütövlüyünü qorumağa çalışır.



AMİP-in siyasi fəaliyyəti nəzərə çarpmır. Liberal partiyasının sədri dəyişəndən sonra bu partiya da diqqət mərkəzində deyil. ADP siyasi ixtilaf nəticəsində parçalandı. AXCP qərargahsız qalıb. Müsavat parlamentdəki iki-üç deputatının fəaliyyəti ilə kifayətlənir və daha çox öz bütövlüyünü qorumağa çalışır

Seçki ərəfəsində siyasi məsləhətləşmələr yox dərəcəsindədir və yaxud ictimaiyyətin bundan xəbəri olmur. İndi elə vəziyyət yaranıb ki, Azərbaycanın bütün müxalifət partiyaları bir yerə toplaşsalar bəlkə güclü blok yarada bilərlər. Amma bu da real deyil. Çox güman ki, müxalifət seçkidə bir neçə blok şəklində iştirak edəcək. Vahid namizəd məsələsi bu dəfə də həll olunmamış qalacaq. Cəmiyyətlə rabitə də yox dərəcəsindədir.


Sözsüz ki, bütün bunlar təkcə müxalifətin səhvi ucbatından baş vermir. Ölkədə sərt siyasi rejim hökm sürür. Seçki ərəfəsində qəzetlərin fəaliyyəti məhdudlaşdırılır. Hətta bəzi böyük qəzetlər fəaliyyətlərini dayandırmaq haqqında fikirləşirlər. Qeyri-hökumət təşkilatlarının da çevrəsi daralıb.


Ölkədə faktiki olaraq təkpartiyalı siyasi sistem bərqərar olub. Telekanallar ancaq hakimiyyətin təbliğatı ilə məşğuldurlar. Müxalifət nümayəndələri telekanallara dəvət olunmurlar. Bütün bunlar artıq məlum həqiqətə çevrilib və onları təkrarlamağa ehtiyac yoxdur. Siyasi partiyalar özləri də etiraf edirlər ki, xırda dissident klublarına çevriliblər. Amma dissident klubları belə biri-birini axtarır və bir-birilə ünsiyyət qurmağa çalışırdılar. Təəssüf ki, Azərbaycan müxalifəti buna da ehtiyac duymur.


Müxalifət adamları arasında ünsiyyət yox dərəcəsindədir. Ünsiyyətin olmadığı yerdə isə müxalifətin çevrəsinin genişlənməsindən danışmaq yersizdir. Müxalifət seçiciləri səfərbər etmək və birləşdirmək funksiyasını itirib. Ancaq bir neçə qəzet müxalifətin funksiyasını yerinə yetirməkdədir-onlar mövcud vəziyyəti tənqid edir və insanları məlumatlandırırlar. Müxalifət bununla da öz missiyasını bitmiş hesab edir. Reytinq sorğusu keçirilmədiyindən müxalifətin dəstəyini müəyyən etmək olmur. Əslində çox paradoksal vəziyyət yaranıb. Obyektiv sorğu keçirilsəydi hakimiyyətin də reytinqi çox aşağı olardı. Hakimiyyətdən narazıların da sayı çoxdur. Amma bu narazı insanlar müxalifəti də müdafiə etmir. Azərbaycanda narazılıq institutlaşmayıb və personallaşmayıb – narazıların müdafiə edəcəyi həqiqi partiya və siyasi lider yoxdur.


Müxalifət kimi hakimiyyət dairələri də reytinqlərinin aşağı ola biləcəyini əsla qəbul etmirlər. Amma sadə məntiq bu reytinqin heç də böyük olmadığını iddia etməyə əsas verir. Ölkədə əsl qiymət şoku yaşanır, qiymətlər gündən-günə artır. Əgər qiymətlər artırsa onda hökumətin reytinqi aşağı düşür. Bu, dünya praktikasında qəbul olunmuş sadə həqiqətdir.


Oktyabrın 15-nə təxminən altı ay vaxt qalıb. Bu müddət ərzində nə hakimiyyətin, nə də müxalifətin reytinqində əsaslı dəyişiklik baş verməyəcək. Hakimiyyət inzibati resurslarına arxayındır. İnzibati resurslar bu dəfə də ona hakimiyyətdə qalmağa imkan verəcək. Bəs müxalifət nə edəcək? 5-10 faizlik nəticə ilə kifayətlənəcəkmi? Seçkilər yaxınlaşdıqca bu sual aktuallaşır. Amma deyəsən bu, müxalifəti bir o qədər də narahat etmir. Narahat müxalifət indikindən daha fəal olardı.