Xalq Cəbhəsi partiyası sədrinin müavini Fuad Mustafayev deyir ki, Belarus Azərbaycana nisbətən Avropaya daha yaxındır və bu, istər-istəməz ona daha artıq diqqət göstərməyi tələb edir. Bununla belə, Fuad Mustafayev Belarusun Qərbə daha yaxın olması amilini ikili standartın başlıca səbəbi hesab etmir. Deyir ki, Gürcüstan da Azərbaycanın qonşuluğunda yerləşir. Ancaq Gürcüstanda keçirilən seçkilər zamanı da Qərb daha sərt və daha birmənalı mövqe tutmuşdu: «Məsələ burasındadır ki, Azərbaycan hakimiyyəti Belarus hakimiyyətindən fərqli olaraq əsasən Qərbin siyasi və iqtisadi maraqlarını təmin edir».
Ancaq Belarusla Azərbaycan arasında seçki məsələləriylə bağlı paralellər aparmağın əleyhinə çıxanlar da var. Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov deyir ki, Azərbaycan Belarusdan fərqli olaraq Avropa Şurasının üzvüdür. Onun sözlərinə görə, Azərbaycanda keçirilən seçkilər zamanı müəyyən pozuntular olsa da, hakimiyyət bunu etiraf edib. Bir sıra çox zəruri addımlar ataraq müəyyən inkişaf yolu keçib:
«Azərbaycanın üzü bütün dünyaya açıqdır. Azərbaycan demokratiya sahəsində müəyyən inkişaf yolu keçməklə və anti-terror kampaniyasında iştirak etməklə tamam başqa məkanda özünə yer seçib».
Belarus müxalifəti ilə Azərbaycan müxalifəti arasında da müəyyən təhlillər aparılır və bu məsələdə də fərqli mülahizələr eşidilir. Səməd Seyidov deyir ki, Belarus müxalifətinin Azərbaycan müxalifətinə nisbətən Qərbdən daha çox dəstək aldığı haqda iddialar zəiflərin öz zəifliklərinə haqq qazandırmaq cəhdindən irəli gəlir: «Azərbaycanda bütün xarici telekanallar, beynəlxalq hüquq-müdafiə təşkilatları istədikləri kimi fəaliyyət göstərirlər. Azərbaycanı Belarusla müqayisə etmək olarmı?»
Fuad Mustafayevin fikrincə, Aleksandr Lukaşenkonu heç insan haqlarına münasibətinə görə də İlham Əliyevlə müqayisə etmək olmaz. Çünki o, seçkidən dərhal sonra xalqı əzmək yolunu tutmadı.
Hikmət Hacızadə isə deyir ki, Belarusda korrupsiyanın Azərbaycana nisbətən az olmasını Aleksandr Lukaşenkonun üstünlüyü kimi qiymətləndirmək olmaz. Onun sözlərinə görə, Sovetlər Birliyi dönəmində də Azərbaycanda korrupsiya Belarusdakından qat-qat çox idi. Onda nə Aleksandr Lukaşenko var idi, nə də Azərbaycan və Belarusun müstəqilliyi. Bununla belə Hikmət Hacızadə hesab edir ki, Aleksandr Lukaşenkonun cidd-cəhdlə yaşatmaq istədiyi Sovet ənənələri olmasa, Belarus xalqı daha azad və daha firavan yaşayar.