Ara Ayvazyan Brüsseldə Azərbaycana ittihamlar səsləndirib

Ara Ayvazyan

Avropa İttifaqının xarici işlər komissarı Jozep Borrell və Ermənistanın xarici işlər naziri Ara Ayvazyan dekabrın 17-də Brüsseldə Avropa İttifaqı-Ermənistan Əməkdaşlıq Şurasının görüşündən əvvəl jurnalistlər üçün brifinq keçiriblər.

Borrell bildirib ki, noyabrın 10-da Rusiyanın vasitəçiliyi ilə əldə olunmuş atəşkəs razılaşması daha çox ölümlərin qarşısını alıb.

Amma o qeyd edib ki, ötən həftə atəşkəsin pozulması barədə hər iki tərəfdən alınan məlumatlar təəssüf doğurur.

Avropa komissarı deyib ki, atəşkəsə riayət olunması başlıca məqsəd olaraq qalmalıdır.

Üçtərəfli danışıqlar olmayacaq

O habelə deyib ki, Avropa İttifaqı tərəflər arasında münaqişənin ATƏT-in Minsk qrupu formatında tənzimlənməsinə tərəfdardır.

Jozep Borrell bildirib deyib ki, lazım gələrsə, Avropa İttifaqı Minsk qrupunun səylərinə əlavə olaraq danışıqlar prosesinə kömək edə bilər.

“Və sabah mən Avropa İttifaqı-Azərbaycan Əməkdaşlıq Şurasının iclasına sədrlik edəcəyəm. Bundan əvvəl iki ölkənin xarici işlər nazirləri mənimlə Avropa İttifaqı-Ermənistan-Azərbaycan üçbucağında təmaslarda olublar və biz üçtərəfli göyüş keçirməyə cəhd göstərsək də bu, mümkün olmayıb. Odur ki, mən iki nazirlə ayrılıqda görüşəcəyəm”.

Buna da bax: Ceyhun Bayramov Brüsselə gedib

Şərq Tərəfdaşlığının dəyərləri

Ermənistanın xarici işlər naziri Ara Ayvazyan deyib ki, Dağlıq Qarabağda müharibə onun Brüsseldəki görüşlərinin əsas mövzusu olacaq.

O iddia edib ki, Azərbaycan Şərq Tərəfdaşlığı təşəbbüsünün dəyərlərini, “bizim Avropa dəyərlərimizi” sarsıdıb:

“Azərbaycan Artsax (Dağlıq Qarabağ - red) xalqının öz müqəddəratını müəyyən etmək hüququna qarşı zor tətbiq etməklə, mülki əhalini, həm də həyati əhəmiyyətli mülki infrastrukturu bilərəkdən hədəfləməklə, dəhşətli hərbi cinayətlər törətməklə, təkcə yerli Artsax – Dağlıq Qarabağ xalqının deyil, həm də bizim zəngin dini və mədəni irsimizi yer üzündən silməklə, Ermənistanın minilliklər ərzində bu torpaqdakı varlığını xatırladan nə varsa hamısını silmək üçün açıq soyqırım niyyəti nümayiş etdirməklə özünün beynəlxalq öhdəliklərini kobud şəkildə pozub”.

Buna da bax: Çavuşoğlu Rusiyaya irad tutdu

Türkiyəyə ittiham

Bunun ardınca Ermənistan naziri “bu təcavüzün birbaşa Türkiyə tərəfindən dəstəklənməsindən” danışıb.

Ayvazyan deyib ki, “bu təcavüz” Cənubi Qafqaz regionundakı təhlükəsizlik və sülhü sarsıdıb.

Nazir bəyan edib ki, Türkiyə və Azərbaycan münaqişələrin hərb yolu ilə həlli üçün presedent yaradıblar:

“Və biz bu barədə - bu son təcavüz və onun regional sabitlik üçün nəticələri barədə Avropa İttifaqındakı həmkarlarımızın rəyini eşitmək istərdik”.

Ayvazyan deyib ki, Azərbaycanın “aqressiv davranışı” qeyri-məqbuldur, çünki Şərq Tərədaşlığının dəyərlərini sual altında qoyur.

Buna da bax: Putin: Sülhməramlıların sayı ‘tərəflərin razılığı ilə artırıla bilər’

Azərbaycan tərəfinin ittihamları

Ermənistan tərəfi bundan əvvəl də Ara Ayvazyanın ittihamlarına bənzər ittihamlar səsləndirib və Azərbaycan tərəfi ittihamları rədd etməklə əks-ittihamlar irəli sürüb.

Rəsmi Bakı Yerevanı burada heç bir hərbi obyekt olmadığı halda Azərbaycanın Gəncə, Tərtər, Mingəçevir və Bərdə kimi şəhərlərinəraket zərbələri endirməklə dinc əhali arasında qırğın yaratmaqda, Azərbaycanın işğal olunmuş ərazilərini qanunsuz məskunlaşdırmaqla hərbi cinayətlər törətməkdə, işğal olunmuş ərazilərdə etnik təmizləmə aparmaqda, azərbaycanlıların maddi-mədəni irsini məhv etməkdə və saxtalaşdırmaqda ittiham edib.

Azərbaycan tərəfi bidlirib ki, Ermənistan Azərbaycan torpaqlarını üç onillik ərazində işğal altında saxlamaqla BMT qətnamələrini pozub.

Azərbaycan bunu da bildirib ki, bu müharibə zamanı özünün qanuni ərazilərini işğaldan azad edib və işğal edilmiş ərazilərdə törədilmiş dağıntılar üçün Ermənistandan təzminat tələb edəcək.

Buna da bax: Ermənistan Azərbaycana qarşı ‘klastr bombalarından istifadə edib’

Xatırlatma

Bu il sentyabrın 27-də Azərbaycan və Ermənistan silahlı qüvvələrinin təmas xəttində ağır döyüşlər başlayıb. Azərbaycan noyabrın 9-u döyüşlərin dayandırılmasına qədər 280 civarında kəndi, dörd qəsəbəni, Şuşa və daha dörd şəhəri (Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı) işğaldan azad etdiyini açıqlayıb.

Noyabrın 10-da açıqlanmış atəşkəs bəyanatına əsasən, Kəlbəcər, Ağdam və Laçın rayonları da Azərbaycanın nəzarətinə qaytarılıb.

Laçın dəhlizində və qoşunların təmas xəttində isə Rusiya sülhməramlıları yerləşdirilib.