Oktyabrın 6-da Avropa birjalarında qazın qiyməti rekord həddə yüksəlib. ICE London birjasında min kubmetr qazın qiyməti 1700 dolları keçərək tarixi maksimumu yeniləyib.
Avropa Komissiyası artımı enerji resurslarına tələbin artmasıyla izah edib. Son 25 ildə tələb maksimum səviyyəyə yüksəlib.
Bu arada Fransa, İspaniya və Avropanın üç digər ölkəsi Avropa Birliyini qazın sürətlə bahalanmasının vurduğu ziyanı yumşaltmaqdan ötrü təcili addımlar atmağa çağırıb.
Fransa, İspaniya, Yunanıstan, Çexiya Respublikası və Rumıniya birgə bəyanatda AB-dən xahiş edirlər ki, “dramatik qiymət artmına” dərhal reaksiya vermək üçün proqram hazırlasın. “Bloomberg” xəbər verir ki, onlar həmçinin qaz bazarını araşdırmağa, blokun “bizim alıcılıq qabiliyyətimizi artırmaq üçün” alışı koordinasiya etməyə, energetika bazarlarını təkmilləşdirməyə çağırıblar.
Buna da bax: Ukrayna Rusiyanın Macarıstana qaz tranzitini dayandırdığını deyirGazprom-dan şübhələnirlər
Avropada qazın qiyməti yaydan yüksəlməyə başlayıb. Ekspertlər bunun bir səbəbini 2020-ci ildə qışın soyuq, daha sonra yayın anormal isti keçməsi ilə əlaqələndirib. Avropa anbarlarında yanacaq ehtiyatlarında qıtlıq qeydə alınır. Avropada 1 oktyabr istilik mövsümü başlayanda anbarların 70 faizi dolu idi ki, bu da 2011-ci ildən bəri minimum həddir.
Ötən il anbarlar 95 faiz dolu olub.
Avropa Parlamenti Gazprom-un bazara şüurlu təzyiq göstərməsindən şübhələnir. Rusiya konserni isə cavabında bildirib ki, təchizatın həcmini artırmağa çalışır. Moskva əmin edir ki, “Şimal axını-2” qaz kəməri işə düşəndən sonra qiymətlərdə balans yaranacaq.
Bu kəmər Rusiya qazını Baltik dənizinin dibiylə Almaniyaya çatdırmağı nəzərdə tutur.
Buna da bax: 'Şimal Axını-2' kəmərinə qaz doldurulurBritaniya
CNBC qiymət sıçrayışını özəlliklə Asiyada tələbatın artması, ölkələrin Covid-19 lokdaunundan çıxmasıyla izah edir.
Britaniyada enerji təchizatçılarının bir neçəsi artıq işini dayandırıb. Təkcə sentyabrda doqquz şirkət ticarəti dayandırıb. Britaniyanın Biznes naziri Kvasi Kvartenq normal ildə 5-8 şirkətin bazarı tərk etdiyini deyir.
Buna da bax: Britaniya ərzaq və yanacaq qıtlığı təhlükəsi ilə üz-üzədir
Qaz Britaniyada enerji təchizatında vacib rol oynayır. Belə ki, istilik, sənaye, elektrik enerjisi hasilatında qaz əsas rola malikdir, ölkə boyunca 22 milyondan ev ölkənin qaz şəbəkəsinə qoşulub.
Təhlilçilər qazın bahalanmasının inflyasiyanı yüksəldəcəyini deyirlər. “Bank of England” sentyabr üzrə monetar siyasətinə dair hesabatında qeyd edib ki, bu il üçün inflyasiya 4%-i “azacıq keçə bilər”. Bu isə hədəf səviyyədən iki dəfə yüksəkdir.