Bankların manatla kredit verməməsinin əsas bir səbəbi var...

Manat.

Əkrəm Həsənov: “Bankların manatla kredit verməməsinin səbəbi çoxdur, birincisi odur ki, manatın ucuzlaşacağını bilirlər”

Azı, 10 gündür ki, dollar manata nisbətdə dəyər itirir. Düzdür, fevralın 16-da dollar cüzi bahalaşdı, ancaq ilin əvvəlindəki yüksək məzənnə geridə qalmış kimi görünür. Yanvar başlanınca 1 dollar 2 manatadək qalxmışdı, amma indi 1.70 civarındadır. Bu durum banklarda manat kreditinə yaşıl işıq yandırır, ya yox?

Xırda bizneslə məşğul olan Süleyman Əliyev işiylə bağlı manatla kredit götürmək istəsə də, üz tutduğu banklarda ona dollar təklif edirlər: “Biznesim mənfəətlidir, yəni gəlirim var. Gəlirimdən daha az məbləğdə kredit istəyirəm, banklar mənə dollar təklif edir”.

Buna da bax:​ 'Manat möhkəmlənəcəksə, banklar niyə manatla kredit vermir?' [video]

“Dollar bir ay sonra yenə bahalaşsa, sahibkar nə edəcək?”

Süleyman Əliyevin sözlərinə görə, bu, ona sərf etmir, çünki işi yerli biznesdir və dollar bahalaşarsa, krediti geri qaytarmaqda problem yaşaya bilər.

Bakı sakini Kamran Salehə dollarla kredit sərfəli deyil və o da manatla kredit axtarır, amma şərtləri uyğun saymır: “Neçə gündür ki, yalandan dolları salırlar, amma bir ay sonra təkrar qalxsa, onda nə edəcək bu sahibkar?”.

AzadlıqRadiosu-nun müxbiri bəzi banklara müştəri kimi üz tutub və manatla kredit götürüb-götürməmək imkanlarını araşdırıb. Bəzi banklar müsbət cavab versə də, bütün valyutalarda krediti dayandıranlar da var.

Buna da bax:​ Ekspert: 'Sxem sadədir - əhali dolları satır, yığılan dollar...'

“Bir nəfər zamin mütləqdir”

Məsələn, AFB bank manatla kredit verir, ancaq əməkhaqqına dair arayışın notariusda təsdiqlənmiş sürətini istəyir və yalnız bundan sonra maaşa uyğun kredit xətti açıla biləcəyini deyir: “Kredit illik 30 faizlə və bir il müddətinə veriləcək. Bir zamin mütləqdir”, - bankın müştəri xidmətinin sözləridir.

“Əməkhaqqı kartı bizim bankın olmalıdır”

Beynəlxalq Bank da manatla kredit verdiyini bildirir, ancaq bundan ötrü müştəri əməkhaqqını Beynəlxalq Bank vasitəsilə almalıdır. Bu zaman maaşın 7-8 misli qədər kredit xətti açıla bilər. Minimum maaşın 150 manat olması tələb edilir. Zamin varsa, illik - 27, yoxdursa, 29 faiz ödəyəcəksən.

Buna da bax: Banklar dolların kursunu sürətlə salır

“Amrahbank” istər dollar, istərsə manatla krediti dayandırıb. Kredit xəttinin nə zaman açılacağı barədə bilgi verilmir, daha doğrusu, bunun bilinmədiyini deyirlər.

“Biznes krediti yalnız dollarladır”

“Bank of Baku” Facebook hesabında bildirir ki, ən azı, 6 ay fəaliyyətdə olan mənfəətli biznesiniz və daşınmaz əmlak girovunuz varsa, biznes krediti üçün müraciət edə bilərsiniz. Ancaq kredit dollarla verilir. Minimum məbləğ 5 min dollardan başlanır. Bank bildirir ki, müvəqqəti olaraq, biznes kreditləri dollarda verilir, ancaq yaxın zamanda manatla da verilməsi bərpa ediləcək.

Buna da bax:​ Manat kəskin bahalaşdı

Təminatlı kredit

Ölkənin ən iri banklarından “Kapital bank” da yalnız öz müştərilərinə çalışır. Bankın mətbuat xidmətinin rəhbəri Pərviz Sədrəddinov deyir ki, pensiya və ya maaş kartını bu bankdan alan şəxslər 20 min manatadək kredit götürə bilər. O, indi bankın təminatlı kredit kampaniyası apardığını da sözlərinə əlavə edir: “Yəni istənilən şəxs banka minimum 300 dollar təminat yatırmaqla, bunun 60 faizi civarında kredit ala bilər. Bu təminat kreditin geri qayıtmaması probleminin qarşısını alır. Məsələn, 10 min dollar təminat qoyan şəxsə bir illiyə 25 faizlə 6 min manat kredit verilə bilər”.

“Banklar bilir ki, manat kəskin ucuzlaşacaq”

Əkrəm Həsənov, bank məsələləri eksperti

Bank məsələləri eksperti Əkrəm Həsənovun fikrincə, bir çox bank “manatla kredit verirəm” söyləsə də, reallıqda bunu etmir, çünki manatın yenə dəyərsizləşməsindən qorxur: “Ötən ilin aprelindən qaydalar dəyişib, banklar artıq xarici valyutada kredit verə bilmir. Milli valyutada kreditsə banka sərf eləmir, bilirlər ki, manatın möhkəmlənməsi müvəqqəti xarakter daşıyır, yaxın bir neçə ayda manat kəskin ucuzlaşacaq”.

Buna da bax: Ekspert: 'Manat tezliklə düşəcək...'

Əkrəm Həsənov manatla verilən kreditlərin məhdud dairəni əhatə etdiyini düşünür. O, son dəyişiklikləri də kredit siyasətinə təsir göstərən amillərdən sayır: “Maliyyə Bazarına Nəzarət Palatasının son qərarlarının birində göstərilir ki, əməkhaqqı minimum yaşayış xərcinin 3 mislindən çox olanda, müştəriyə kredit verilir. Bu kateqoriyaya isə az adam uyğun gəlir. Kreditə ehtiyac duyanların bəzisi ya rəsmi maaş almır, ya da ailə üzvlərinin sayını götürəndə, onun maaşı minimum yaşayış xərcinin 3 mislindən az olur. Bu da bankların kredit siyasətinə təsir edir”.

Sizin brauzer HTML5-i dəstəkləmir

Əkrəm Həsənov: "Banklar manatın ucuzlaşacağını bilirlər"

Ekspert banklarda vəsait çatışmazlığına da diqqət çəkir. Onun sözlərinə görə, vəsait çatışmazlığını şərtləndirən səbəblər arasında problemli kreditlər və əhalinin banklara inamsızlığı da var.

Buna da bax:​ Əksər ekspertlərin proqnozu özünü doğrultdu

Ötən il kredit qoyuluşu azalıb

2016-cı ildə manatla kredit qoyuluşu iki il əvvəllə müqayisədə 10,2 milyard manatdan 8,7 milyard manatadək, yəni 15 faiz azalıb. Dollarla kredit verilməsi 41 faiz azalaraq, 11 milyarddan 7,8 milyarda düşüb.

Bu ilin ilk ayında banklar nə qədər kredit verib? Maliyyə Bazarlarına Nəzarət Palatası AzadlıqRadiosu-nun bu sualını hələ cavablandırmayıb.