2024-cü ilin yanvar-avqust aylarında Azərbaycanın xarici ticarət dövriyyəsi 12 faizdən çox azalaraq 30 milyard 995 milyon ABŞ dollarına düşüb.
Bu barədə Dövlət Gömrük Komitəsi (DGK) məlumat yayıb.
Son bir ildə ölkə üzrə ixrac da 25-faizdən çox azalaraq 18 milyard 231 milyon, idxal isə 14 faizdən çox artaraq 12 milyard 763 milyon dollar təşkil edib.
Xarici ticarət dövriyyəsinə 5 milyard 467 milyon dollarlıq müsbət saldo yaransa da, bu, ötən ilin eyni dövrünə nisbətən 2.4 dəfə azdır.
Buna da bax: İqtisadçı 2025-ci ildə manatın devalvasiya ehtimalının yüksək olduğunu deyirAzərbaycanda qeyri-neft sektoru zəif inkişaf etdiyinə görə...
İqtisadçı Natiq Cəfərlinin AzadlıqRadiosuna deməsinə görə, müsbət saldonun azalmasının səbəblərini, əsasən, ölkədə neftin hasilatının azalmasında axtarmaq lazımdır: "Bizdə hasilat kəskin olaraq aşağı düşüb. Biz may ayından bəri ortalama 475 min barel neft hasil edirik, hansı ki, bir neçə il bundan əvvəl 700-800 min barel idi. Bununla paralel olaraq qiymətlər da son rübdə aşağı düşüb. Bu iki faktor ixracat göstəricilərdə öz əksini tapdı".
Onun fikrincə, Azərbaycanda qeyri-neft sektoru zəif inkişaf etdiyinə görə enerjidaşıyıcıların həcmində və qiymətində azalma olan kimi bu, ixrac göstəricilərinə ciddi təsir göstərir.
İdxalın artmasına gəldikdə, N.Cəfərli bunu iki səbəblə izah edir: "Birinci, qlobal səbəb - bizdə istehsal çox zəifdir və idxaldan çox asılı ölkəyik. Bu səbəbdən də bizim idxal göstəricilərimiz həmişə artır. İkinci səbəb isə Qarabağda aparılan təmir-bərpa işləridir ki, onlara hər il büdcədən milyardlarla vəsait ayrılır. Təmir-tikinti işlərində istifadə olunan materialların, avadanlıqların çoxu xaricdən gətirilir. Bu da idxal rəqəmlərinə təsir göstərir".