Yanvarın 23-də sosial şəbəkələrdə Bakı Dövlət Universitetinin (BDU) jurnalistika fakültəsinin dekan müavini Aytəkin Zeynalovanın tələbə qruplarının nümayəndələrini hədələdiyi iddia olunan beş dəqiqəlik audioyazı yayılıb.
Audioyazının jurnalistika fakültəsinin qrup nümayəndələrinə ünvanlandığı bildirilir.
Buna da bax: Qafqaz Universiteti tələbələrinin taleyi necə olacaq?
Aytəkin Zeynalovaya aid olduğu iddia edilən qadın səsi qrup nümayəndələrini tələbələri nəzarətdə saxlamağı tələb edir. O, deyir ki, kimsə dekan səlahiyyətlərini icra edən Cahangir Məmmədlini, Zeynalovanın özünü, Könül adlı digər dekan müavinini tənqid etməyə cürət edərsə, cəzalandırılacaq.
Audioyazıdan anlaşılır ki, tələbələrdən birinin Facebook-da “Dekanlıq hara baxır?” ifadəsi işlətməsi dekan müavinini xüsusilə qəzəbləndirib.
Buna da bax: Azərbaycana daha bir “mühəndis universiteti” lazım idimi?
Bakı Dövlət Universiteti, eləcə də jurnalistika fakültəsinin audioyazıda adı keçən nümayəndələri bununla bağlı hər hansı açıqlama verməyib.
BDU-nun mətbuat katibi Pərvanə İbrahimova audioyazı ilə bağlı araşdırma başladığını deyib.
Mətbuat katibi bu məsələ ilə bağlı universitetin rəsmi məlumat yayacağını bildirib.