Azərbaycan Dövlət Musiqili Teatrında ABŞ-ın Azərbaycandakı səfirliyinin nümayəndələri ilə görüş keçirilib.
Qurumun Mətbuat katibi Samir Sədaqətoğlunun AzadlıqRadiosu-na bildirdiyinə görə, nümayəndə heyətini salamlayan Dövlət Musiqili Teatrının direktoru Əliqismət Lalayev iki ölkə arasındakı mədəni, siyasi dostluq əlaqələrindən danışıb.
ABŞ-ın Azərbaycandakı səfirliyinin Mədəniyyət və Təhsil işləri üzrə Müşaviri, nümayəndə heyətinin rəhbəri xanım Emi Pitersen iki xalq arasındakı əlaqələrin gündən-günə inkişaf etdiyini qeyd edib:
«Görüşümüz bu əlaqələri daha da genişləndirmək məqsədi daşıyır. Biz inanırıq ki, Amerika-Azərbaycan qarşılıqlı mədəni əlaqələri xalqlarımızım yaxınlaşmasına böyük töhfələr verəcək. Bu münasibətlə ölkəmizdə fəaliyyət göstərən Pol Qordon Emersonun rəhbərlik etdiyi məşhur «Company-E»nin ölkənizdə ortaq layihə həyata keçirməsini arzulayırıq».
Xanım Pitersen «Company-E»-nin 2011-ci ildən dünyanın bir çox ölkələrində müxtəlif mədəni layihələrlə çıxış etdiyini bildirib: «Düşünürük ki, Azərbaycanda «Brodvey» musiqi layihəsini həyata keçirmək üçün ən ideal sənət məkanı sizin rəhbərlik etdiyiniz Musiqili Teatrdır. İnanıram ki, qarşılıqlı səylərimiz nəticəsində baş tutacaq «Brodvey» musiqi layihəsi «Company-E» ilə Azərbaycan Dövlət Musiqili Teatrı kollektivinin ortaq işi kimi böyük uğur qazanacaq».
Teatrın direktoru Dövlət Musiqili Teatrı ilə «Company-E» arasındakı əməkdaşlığı mədəni və yaradıcılıq mübadiləsi baxımından yüksək dəyərləndirib: «Düşünürük ki, bu ortaq layihə mədəniyyətlərarası dialoqun bariz nümunəsi olacaq və işimiz uğurlu alınsa, biz Musiqili Teatr olaraq bu konsert proqramını repertuarımıza daxil etməyə hazırıq».
Sonda «Company-E» ilə Azərbaycan Dövlət Musiqili Teatrı arasında«Brodvey» musiqi layihəsi ilə bağlı razılıq əldə olunub.
Layihənin 2016-cı il mayın ortalarında həyata keçirilməsi qərara alınıb.
Həmçinin dinlə:
Qəribə adam - Baba Mahmudoğlu ("İz" proqramı)