«Dövlətin büdcəni xəstə vətəndaşın hesabına doldurması...»

Musa Quliyev

-

Azərbaycanın dərman bazarında qiymət artımı son günlər bu sahə ilə bağlı bir sıra təklifləri gündəliyə gətirib.

Milli Məclisin üzvü Musa Quliyev APA-ya müsahibəsində dərmanların qiymət artımının qarşısını almaq üçün hökumətə təkliflər verildiyini deyib: «Dövriyyədə olan malların 70 faizdən çoxunun qiymətini Tarif Şurası tənzimləyir. Bundan sonra ölkədə dərmanların qiyməti 2.5-3 faiz düşdü. Ancaq dekabrda baş verən devalvasiya səbəbindən dərmanların qiyməti yenidən bahalaşdı».

Deputat bildirib ki, hökumətə dərman vasitələrinin Əlavə Dəyər Vergisindən (ƏDV) azad olunması təklif olunub: «Dərmanlara ƏDV böyük dərman istehsalı olan ölkələrdə tətbiq olunur. Azərbaycanda isə istehlak olunan dərmanların 90-95 faizi xaricdən gətirilir. Daxili bazar yoxdursa, ƏDV tətbiqi əhəmiyyətsizdir. Digər tərəfdən, dövlətin öz büdcəsini xəstə vətəndaşın hesabına doldurması doğru deyil. ƏDV aşağı salınarsa, və ya tamamilə ləğv olunarsa, dərmanların qiyməti də düşəcək».

M.Quliyev bildirib ki, qiymətləri aşağı salmağın digər yolu ölkədə dərman istehsalının həyata keçirilməsidir: «Artıq bununla bağlı danışıqlar da aparılır, yaxın zamanda Azərbaycanda dərman istehsal edən zavodlar qurulacaq. Dərmanın xammalı onun özündən dəfələrlə ucuzdur. Əgər onu özümüz istehsal edəriksə, dərmanın maya dəyəri aşağı düşəcək».

Cavanşir Feyziyev

«ZAVOD AÇMAQ SƏRF ETMİR»

Azərbaycan əczaçılıq bazarında böyük pay sahibi kimi tanınan «Avromed» şirkətinin təsisçisi, deputat Cavanşir Feyziyev isə bir qədər əvvəl əks fikirlər söyləmişdi. O, Azərbaycanda dərman istehsalına şübhə ilə yanaşdığını bildirdi:
«Dərman istehsalını qida məhsulu, geyim, məişət avadanlıqlarının istehsalı ilə eyniləşdirmək olmaz. Dərman istehsalı avadanlıqları baha olduğundan müəssisələrinin yaradılması böyük miqdarda investisiya tələb edir. Bu sahəyə qoyulan kapital yalnız istehlakçılar çox olanda özünü doğruldur. Azərbaycanın dərman bazarı böyük olmadığına görə, müvafiq istehsal müəssislərinin yaradılması mümkün deyil».

C.Feyziyev deyib ki, belə bir addım atmamışdan öncə, bazarlar tapılmalıdır:
«Dərman isə o qədər keyfiyyətli olmalıdır ki, bazar rəqabətinə tab gətirsin. Başqa ölkələr də bizdən dərman almağa razılıq versinlər».

Azərbaycan hökumətinin üzviləri də dərmanların Əlavə Dəyər Vergisindən azad edilməsi haqda düşünürlər. Bir qədər əvvəl Yeni Azərbaycan Partiyası icra katibi, Baş nazirin müavini Əli Əhmədov bununla bağlı açıqlama vermişdi.