Ukraynanın şərqindəki Donbas regionunda ağır döyüşlər gedir. Severodonetsk şəhərindəki Ukrayna qüvvələri Rusiyanın ağır bombardmanı altındadır.
Britaniya Müdafiə Nazirliyi iyunun 17-də gündəlik kəşfiyyat bülletenində bildirir ki, Rusiya ordusu son 24 saat ərzində Severodonetskdən 55 km cənubdakı Popasna boyunca üstünlüyü ələ almağa çalışıb. Buradan onlar şəhəri mühasirəyə almağa çalışırlar.
Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı isə iyunun 16-da axşam bildirib ki, Severodonetsk və Lisiçanskda və ətrafında xüsusilə ağır döyüş gedib. Lisiçansk Siverski Donets çayının əks tərəfində yerləşir.
12 minədək dinc sakin
Severodonetskdə bir neçə həftədir döyüş gedir. Ukrayna Prezidenti Volodimir Zelenski bu döyüşün Donbas regionunun taleyini həll edəcəyini deyib. Moskva Severodonetsk və Lisiçanskı tutacağı halda Luqanska nəzarəti bütünlükdə ələ alacaq.
Luqanskın hərbi qubernatoru Sergey Qayday müharibədən öncə 100 min əhalisi olan Severodonetskin 10 minədək sakininin vacib təchizatsız qaldığını bildirib. Dinc sakinlərin çoxu Azot kimyəvi zavodunun altındakı bunkerlərə sığınıb.
Severodonetskin meri Oleksandr Stryuk isə iyunun 16-da Ukrayna televiziyasına deyib ki, zavoddakı sığınacaqlarda 500-dək dinc sakin var.
BMT şəhərdə 12 minədək dinc sakinin qaldığını bildirib.
İyunun 16-da Lisiçanskda dinc sakinlərin sığındığı binaya raket zərbəsində azı üç nəfər həlak olub, azı yeddi nəfər yaralanıb. Bu məlumatı da Qayday açıqlayıb.
Buna da bax: Ukrayna uşaqlarının zorla Rusiyaya aparılmasına görə sanksiyalarArtilleriya üstünlüyü
Bu arada cəbhə xəttinin digər yerlərində Ukrayna əsgərlərinin Rusiyanın irəliləməsini dayandırdığı bildirilir. Xarkovda isə Rusiya əsgərləri Ukrayna qüvvələrinin qarşısını artilleriya ilə kəsib.
Şimal-şərqi Sumıda Rusiyanın raket zərbəsində dörd nəfərin öldüyü, altı nəfərin yaralandığı xəbər verilir.
Ukraynanın Müdafiə naziri Oleksiy Reznikov CNN-ə deyib ki, Rusiya fevralda Ukraynanı işğal edəndən bəri “onminlərlə” ukraynalı həlak olub. Reznikov bu rəqəmin 100 mindən az olmasına “ümid etdiyini” söyləyib.
Buna da bax: Hərbi ekspert: ‘Onlar elə bu cür orduyla Vermaxtın axırına çıxdılar’Britaniya Ukraynaya 20 yaylım atəşi sistemi verəcəyini bəyan edib. Müdafiə naziri Ben Vallas sistemlərin Ukraynaya göndəriləcəyini təsdiqləyib. O, Rusiyanın bəzi yerlərdə artilleriyada Ukrayna ordusundan 20 dəfə üstün olduğunu vurğulayıb.