Ailə üzvlərini öldürməkdə suçlanan Əhməd Əhmədovun xalası narazıdır

Əhməd Əhmədov

Anası, atası, azyaşlı qardaşı, bacısı və onun 5 yaşlı qızını öldürməkdə ittiham olunan Əhməd Əhmədovun məhkəməsi başlayıb. Onun işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır.

İyunun 25-də məhkəmənin ilkin hazırlıq iclasında bəlli olub ki, istintaq dövründə ekspertiza Ə.Əhmədovun anlaqsız olması barədə rəy verdiyinə görə Xətai rayon İcra Hakimiyyətinin əməkdaşı Elçin Əhmədov ona qanuni nümayəndə təyin olunub.

Ə.Əhmədovun xalası Şəfaqət Bədəlova icra hakimiyyətinin əməkdaşının qanuni nümayəndə təyin olunmasına etiraz edib. O bildirib ki, özü bacısı oğluna qanuni nümayəndə təyin olunmasından ötrü məhkəməyə və başqa qurumlara ərizə verib. Amma müsbət cavab almayıb.

Ş.Bədəlova etirazını kəskin şəkildə ifadə etdiyinə görə hakim onun məhkəmə zalından çıxarılmasına göstəriş verib. Onu zaldan çıxarıblar.

Ə.Əhmədovun vəkili, eləcə də qətlə yetirilənlərin hüquqi varisləri heç bir vəsatət qaldırmayıb.

Məhkəmə baxışı iyulun 4-nə təyin edilib. Növbəti məhkəmə iclasında ittiham aktı elan olunacaq, ardınca dindirmələr başlamalıdır.

Şəfaqət Bədəlova

Xalası: "Bəs niyə barmağını sındırmısınız?"

Ə.Əhmədovun xalası Ş.Bədəlova məhkəmədən sonra jurnalistlərə açıqlamasında deyib ki, bacısı oğlunun bu cinayətləri təkbaşına törətdiyinə inanmır. O vurğulayıb ki, Ə.Əhmədovun qanuni nümayəndəsi kimi tanınmaq istəyir: "Dəfələrlə qapalı şəkildə müraciətlərim olub. Ruhumu narahat edən məsələlər var. Uzun müddət gözlədim ki, bəlkə, istintaq düzgün aparılar. Mən onun bu hadisəni tək etdiyinə inanmıram, şübhələnirəm. O uşağı bacımla birlikdə böyütmüşük. O uşaq xəstə idi, bəli, bəs niyə barmağını sındırmısınız?".

Hələlik, xalasının dediklərinə cavabdeh rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb.

Xatırlatma

Hadisə bu il fevralın 13-də saat 16:30 radələrində baş verib. İttihama görə, Ə.Əhmədov paytaxtın Günəşli qəsəbəsində yaşayan bacısı – 27 yaşlı Elmira Əhmədova və onun 5 yaşlı qızını balta ilə qətlə yetirib. O, daha sonra Xətai rayonu, Əhmədli qəsəbəsində valideynlərinin yaşadığı evə gəlib. Öncə atası Mehman Əhmədovu, daha sonra anası Bikə Əhmədova və 9 yaşlı qardaşı Məhəmmədi qətlə yetirdiyi bildirilir.

47 yaşlı B.Əhmədova Bakıdakı 59 saylı məktəbin direktoru idi.

Ə.Əhmədova Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə), 120.2.7 (iki və ya daha çox şəxsi öldürmə) və 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə) maddələri ilə ittiham verilib. Bu maddələrdə 20 ilədək və ya ömürlük həbs cəzası nəzərdə tutulub.

Əgər məhkəmə də onun anlaqsız olduğu qənaətinə gəlsə, cəzadan azad ediləcək və məcburi müalicəyə göndəriləcək.

Onun özündən ayrılıqda bu ittihama münasibət almaq mümkün olmayıb.