'Müqavilə tələb edəndə sabahdan işə gəlmə dedilər'

Əmək yarmarkasında.

“Ailədə 5 nəfərik. İşsizik. Düzü, bu dəqiqə durub evimizə gələsi olsanız, süfrəyə qoymağa bir dişləmlik qənd də tapılmaz. Səbəbi də, çoxunda olduğu kimi, işsizlik...”

“ƏLLİ BƏHANƏ UYDURUB UZAQLAŞDIRIRLAR”

Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsində - keçmiş beton zavodunun ərazisində məskunlaşan Qubadlı köçkünü Əbülfət Baxşəliyev işsiz qalmasının səbəbini də gizlətmir. Deyir, getdiyi şirkətlərdə ilk növbədə işçi müqaviləsinin imzalanmasını tələb edir. Müqavilə bağlanmasından imtina olunduqda Əmək Müfəttişliyinə şikayət yazır. Zərbəsi də özünə dəyir:

“İxtisasca iqtisadçıyam. Şirkətlərə iş üçün müraciət edirəm, dəvət edirlər, deyirlər, ‘sabahdan işə çıx’. Deyirəm, ‘buyurun, bu, mənim VÖEN sənədim, bu mənim başqa sənədlərim. Gəlin, müqavilə bağlayaq’. Əlli bəhanə uydurub uzaqlaşdırırlar. Hələ də başa düşmürəm, bizim ölkədə niyə müqavilə, qanun sözü eşidəndə bunları sanki ilan vurur?”

Buna da bax:​ 'Bank işçisi qolumu burub sındırdı'

Sonuncu dəfə Xırdalanda fəaliyyət göstərən kabelləşdirmə işləri aparan şirkətlərdən birində iş tapıb. İşə düzələndə deyiblər, bir neçə gün ərzində müqavilə bağlanacaq. Ancaq müqavilə bağlanmadığını görüb Əmək Müfəttişliyinə şikayət edəndə şirkət rəhbəri onu tənbeh edərək “sabahdan işə gəlmə” deyib.

“MÜQAVİLƏDƏ HÜQUQLARIMI TAPA BİLMƏDİM”

Sumqayıt sakini Sübhan Eyyubov Sumqayıt Məşğulluq Mərkəzinə müraciət edəndə ona bir neçə şirkətdə texnologiya ixtisası üzrə iş təklifləri olub. Təklif olunan şirkətlərə yaxınlaşdıqda isə, o da müqavilə bağlanmasına nail ola bilməyib:

“Birində müqavilə tələb etdim, 2 gün sonra çağırdı, elə bir müqavilə göstərdi ki, o kağızda öz hüquqlarımı tapa bilmədim. Birtərəfli idi, yalnız mənim öhdəliklərim göstərilirdi. Dedim, ‘bu müqavilə hansı ölkənin Mülki Məcəlləsinə əsaslanaraq yazılıb?’ Dedilər, ‘budur. Xoşun gəlmir, başqa yerdə iş axtar’. Qayıtdım Məşğulluq Mərkəzinə, dedim, ‘göndərdiyiniz yerlərdə müqavilə bağlanmır, çoxu da mövsümi işlərdir’. Dedilər, ‘bizə nə verirlər, vətəndaşlara onları təklif edirik’”.

Buna da bax:​ 'Şikayət etdim, ailəlikcə işsiz qaldıq...'

“MƏSULİYYƏT İŞƏGÖTÜRƏNİN ÜZƏRİNDƏDİR”

Hüquqşünas Vaqif Alıyev deyir, qanunvericiliyə görə, işçi ilə işəgötürən arasında əmək müqaviləsi bağlanmamasının məsuliyyəti işəgötürənin üzərinə düşür:

“Yaxşı haldır ki, son illərdə işə düzəlmək istəyənlər arasında əmək müqaviləsi tələb edənlərin sayı artıb. Bu o deməkdir ki, vətəndaşlar öz hüquqları barədə daha dərindən düşünməyə başlayıblar. Müqaviləsiz işləyib sonunda 6-8 aylıq maaşını şirkətdə qoyub gedən adam, əlbəttə ki, yenidən eyni durumla qarşılaşmamaqdan ötrü qanun tələb edəcək. İşə düzələrkən əmək müqaviləsi bağlanmadıqda, o işçinin həmin şirkətlə hər hansı mübahisəsi düşdükdə, bu mübahisəni hüquq müstəvisinə çıxarmaqdan məhrum olur. Bu, məsələnin yalnız bir tərəfidir. Müqaviləsiz çalışmaq həmin vətəndaşın pensiya fonduna ödənişi, vergi ödəməsini də məhdudlaşdırır”.

Buna da bax:​ 'İşlətmədiyim data-kartlara görə borcla yüklənmişəm'

Hüquqşünas deyir, işəgötürən müqavilə bağlamaqdan boyun qaçırdıqda, işədüzələn bu barədə mütləq Əmək Müfəttişliyini bilgiləndirməlidir. Əmək Müfəttişliyi həmin işəgötürənlə bağlı qanuni tədbirlər görməlidir.

Sumqayıtda yerləşən 7 saylı region üzrə Dövlət Əmək Müfəttişliyindən “Qaynar xətt”ə bildirilib ki, əmək müqavilələri ilə bağlı vətəndaşlardan vaxtaşırı gələn şikayətlər araşdırılır. Müqavilə bağlamaqdan imtina edən şirkətlər barədə qanuni tədbirlər görülür. Hər iki vətəndaş belə halla üzləşibsə, Müfəttişliyə ərizəylə müraciət edə bilər.