-
«Bakıda yarış üçün uyğun şərait yaradılıb. Yolla bərabər gözəl infrastruktur və hotellər var. Hesab edirəm ki, əsrarəngiz yarışmanın şahidi olacaqsınız».
Bunu «Formula-1» Avropa Qran-prisinin səfiri, bu yarışların ikiqat çempionu Fernando Alonso martın 8-də Bakıda keçirdiyi mətbuat konfransında deyib. «Trend»in xəbərinə görə, o, daha sonra deyib:
«Biz sürətli yolları sınaqdan keçirdik. Mən bütün pilotların adından çıxış edirəm. Bizim üçün burada sürətli yürüşə çıxmaq böyük məmnuniyyət olacaq».
Sizin brauzer HTML5-i dəstəkləmir
F.Alonso bildirib ki, bu yarışı canlı hiss etmək çox fərqli bir aləmdir: «Adətən insanlar bu yarışı televiziyadan izləyirlər. Ancaq bu yarışı yaratmaq, onun iştirakçısı olmaq başqa bir hissdir».
F.Alonso-nun deməsinə görə, Bakıda yarışmada 340 km/saata qədər sürət yığmaq mümkün olacaq.
O, həmçinin qeyd edib ki, «Formula-1» son iki il ərzində böyük inkişaf yolu keçib: «Çalışırıq ki, bu yarışmanı dünyada daha çox tanıdaq, insanlar bu yarışmanın tam məğzini anlaya bilsinlər. «Formula-1» Azərbaycana ilk dəfə gəlir. Hesab edirəm ki, azərbaycanlılar bu yarışmanı bəyənəcək. Çünki «Formula-1» dünyada ən çox izlənilən idman növlərindən biridir».
Sizin brauzer HTML5-i dəstəkləmir
«Formula-1» yarışmasının Bakının tarixi abidələrinə hər hansı təsirinin olub-olmaması barədə sualı cavablandıran F.Alonso qeyd edib ki, bu, heç bir problem yaratmır: «Bunun heç bir təsiri yoxdur, heç bir problem yaratmır. Hər şey çox gözəl nizamlanır və təşkil edilir. Bütün bu məsələlər təşkilatçıların qarşısında duran əsas prioritet məsələlərdir».
Fernando Alonso «Formula-1» yarışlarının ikiqat çempionu, üçqat vitse-çempionudur. Hazırda «McLaren Honda» komandasının heyətində yarışır.
«Formula-1» yarışları bu il iyunun 19-da saat 18-də başlayacaq.