Beynəlxalq insan hüquqları təşkilatı olan Freedom House Gürcüstan hakimiyyətini ölkənin üçüncü prezidenti Mixeil Saakaşviliyə lazımi müalicə imkanını təmin etməyə çağırıb.
Buna da bax: Amerikalı həkim : ‘Saakaşvilinin xəstəlikləri təhlükəlidir’Təşkilat bu barədə özünün Tvitter səhifəsində məlumat paylaşıb.
“Gürcüstanın həbsdə olan keçmiş prezidenti Mixail Saakaşvili barəsində son xəbərlər və fotoşəkillər bizi narahat edir. Gürcüstan hökuməti Saakaşvilinin həbsdə olduğu müddətdə onun sağlamlığına və rifahına cavabdehdir. Biz hakimiyyəti onu təcili və tam tibbi yardımla təmin etməyə çağırırıq”-təşkilatın bəyanatında vurğulanır.
Gürcüstan hakimiyyəti Saakaşvilinin kritik vəziyyəti ilə bağlı söhbətləri piar kampaniyasının bir hissəsi sayır.
Tbilisi Şəhər Məhkəməsi vəkillərin Saakaşvilinin səhhətinə görə möhlət və azadlığa buraxılması ilə bağlı vəsatətinə baxır - növbəti proses gələn həftəyə təyin edilib.
Vəkillər tez bir zamanda qərar qəbul etmək üçün prosesdə gündəlik dinləmələrə nail olmağa çalışırlar və işin beynəlxalq məhkəməyə verilməsi üçün sənədlər hazırlayırlar.
Buna da bax: Gürcüstanda Saakaşvilinin azadlığı uğrunda hərəkat güclənir2004-2013-cü illərdə Gürcüstanın prezidenti olmuş Mixeil Saakaşvili oktyabrın 1-də qəflətən mühacirətdən Gürcüstana qayıtdıqdan bəri həbsxanadadır.
O bundan əvvəl vəzifə səlahiyyətlərini aşmaq ittihamı ilə qiyabi olaraq 6 il müddətinə azadlıqdan məhrum edilmişdi.
Hazırkı məhkəmə prosesində ona qarşı 2007-ci ilin noyabrında antihökumət mitinqinin zorakılıqla dağıdılması və sərhədin qanunsuz keçilməsi ittihamları araşdırılır.
Saakaşvili özünə qarşı bütün ittihamları rədd edir və onları “qondarma” adlandırır.
Həkimləri və tərəfdarları bildirirlər ki, Saakaşvili həbsdə olduğu müddətdə iki dəfə aclıq aksiyası keçirdikdən sonra səhhəti son dərəcə pisləşib.