►“Ortada həqiqətəuyğun fakt olsaydı, Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri kimi bu haqda məlumat alardım”
Tahir Kərimli: "İnsana insan kimi davranılmalıdır. İnsan heyvan deyil ki, onu kötəkləyəsən, əzab verəsən."
Ombudsman aparatı mayın 19-da gənc fəallara işgəncə verilmədiyini bəyan etdi.
Onların vəkili Elçin Sadıqov isə əksini iddia edir.
O, Qiyas İbrahimov və Bayram Məmmədovun bədənində işgəncə izlərini gördüyünü bildirir.
Vəkil əlavə edir ki, məhkəmənin gənc fəalların fiziki işgəncəyə məruz qalması hallarının araşdırılması ilə bağlı hökmü var.
Gənc fəallar mayın 10-da narkotik ittihamı ilə saxlanıblar. Rəsmi məlumata görə, onların üstündən 2 qram, evlərindən 1 kiloqramdan artıq heroin çıxıb. İbrahimov və Məmmədovun mənsub olduğu NİDA Vətəndaş Hərəkatı gənclərin Heydər Əliyevin heykəli üzərinə yazdıqları şüarlara görə saxlanıldıqlarını bildirir.
“GƏNCLƏRİN ŞƏKİLLƏRİNİ YAYSINLAR”
Elçin Sadıqovun sözlərinə görə, hər iki gəncin bədənindəki işgəncə izlərini ombudsman aparatının əməkdaşları da görüb və hətta şəklini çəkiblər:
“Fotoları dünən ombudsman özü çəkib. Onların bəyanatı həqiqəti əks etdirmir. Əgər doğrudurlarsa, gənclərin şəkillərini yaysınlar. Bayramın sol biləyində irinləmiş yara var, onu görməmək mümkün deyil. İşgəncənin izi olduğunu hətta məhkəmə də gördü və qərarında da yazdı ki, işgəncə faktı araşdırılsın. Görməsə, yazmazdı”.
____________________________________________________________
Bunlara da bax:
"Bayram Məmmədov işgəncə izlərini göstərdi"- [Video]
Azərbaycan təyyarəsi maneəyə dəyib- [Yenilənib]
____________________________________________________________
Mayın 16-da vəkil Bayram Məmmədovun, iki gün sonra isə Qiyas İbrahimovun Bakı Baş Polis İdarəsində işgəncələrə məruz qalması ilə bağlı izahat və məktub yayıb. Gənclər fiziki işgəncə altında narkotik ittihamına imza atdıqlarını söyləyiblər.
Vəkil ombudsman aparatını hadisəyə ləng reaksiya verməkdə qınayır:“Birincisi, ombudsman aparatı təcridxanaya gec getdi. 7-8 günə xəsarətin izlərinin qalması da çətindir. Ombudsman həmişə belədir”.
DİN DƏ DİLƏ GƏLDİ
AzadlıqRadiosu bir neçə gündür məsələ ilə bağlı hüquq-mühafizə orqanlarından münasibət öyrənməyə çalışsa da, nəticə yoxdur. Bu arada Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəis müavini Ehsan Zahidov ann.az-a işgəncə haqqında deyilənlərin doğru olmadığını bildirib:
“Doğru olmayan məlumatlar yayırlar. Onlar nəyə görə döyülməlidir və ya işgəncə verilməlidir? Onlar törətdikləri cinayət başında ifşa olunublar. Hər ikisindən hal şahidlərinin iştirakı ilə külli miqdarda narkotik götürülüb. Nəinki bu iki şəxsə, ümumiyyətlə, daxili işlər orqanlarında, müvəqqəti saxlama yerlərində heç bir vətəndaşa qarşı kobud rəftar edilmir. Saxlanılan hər bir şəxs törətdiyi əmələ görə məsuliyyət daşıyır”.
Respublika Prokurorluğunun mətbuat xidmətindənsə AzadlıqRadiosuna əlavə şərh verilməyəcəyini bildiriblər.
SƏMƏD SEYİDOV: “NÖVBƏTİ PROVOKASİYADIR”
Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov da bu haqda məlumatların “həqiqətəuyğun olmadığını” düşünür. O, AzadlıqRadiosuna deyir ki, bu məsələlərə aydınlıq gətirməyə ombudsman institutu mövcuddur.
Sizin brauzer HTML5-i dəstəkləmir
“Ombudsmanın təcridxanaya getmək, o insanlarla görüşmək ixtiyarı var. Əminəm ki, ombudsman institutu öz səlahiyyətlərindən istifadə edərək bu vəzifəni yerinə yetirib. Ortada həqiqətəuyğun fakt olsaydı, mən Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri kimi bu haqda məlumat alardım”.
Deputat bu yöndə müzakirələri “təxribat” adlandırır:
“Çox təəccüblüdür ki, biz sabah amnistiya aktını müzakirə edəcəyik, Azərbaycan insan haqları ilə bağlı çox ciddi işlər görür, amma hansısa faktı bu şəkildə yaymağa başlayıblar. Məncə, bu, növbəti provokasiyadır”.
“İNSAN HEYVAN DEYİL Kİ, ONU KÖTƏKLƏYƏSƏN”
Milli Məclisin İnsan Hüquqları Komitəsinin üzvü Tahir Kərimli bu məsələ ilə bağlı ona və ya quruma müraciəıt daxil olacağı halda, araşdırma apara biləcəklərini bildirir.
Sizin brauzer HTML5-i dəstəkləmir
“Mətbuatda gedən məlumat düz olmaya da bilər. Ancaq bunlar həqiqətdirsə, əlbəttə, yolverilməzdir. Dövlətimizin də, özümüzün də adına çox ciddi ziyandır. Bu məsələni vacib instansiyalar qarşısında qaldırmağa çalışacam. İşgəncə halı varsa, pislənməli və cavabdehlər məsuliyyətə cəlb edilməlidirlər”.
Deputat son zamanlar işgəncə halları ilə bağlı məlumatların çoxaldığını da bildirir:
“ABŞ kimi ölkədə də zor tətbiq edilirsə, Azərbaycan kimi ölkə bundan xali deyil. Amma istənilən halda, bu cür utancverici davranış birdəfəlik aradan qaldırılmalıdır. İnsana insan kimi davranılmalıdır. İnsan heyvan deyil ki, onu kötəkləyəsən, əzab verəsən. Hər bir hal araşdırılmalı, təqsirkarlar müəyyən edilməlidir”.
Mayın 19-da Bakı Apellyasiya Məhkəməsi Bayram Məmmədov və Qiyas İbrahimovun həbs qərarından verdikləri şikayətə baxıb. Məhkəmə birinci instansiya məhkəməsinin qərarını qüvvədə saxlayıb. Gənclər onların barələrində seçilən 4 aylıq həbs qətimkan tədbirinin ləğv edilməsini istəyirdilər.
Vəkil Elçin Sadıqov AzadlıqRadiosuna qərarların ədalətsiz olduğunu, yuxarı instansiyalara şikayət edəcəklərini deyib.
Beynəlxalq qurumlar gənc fəalların siyasi motivlə həbs olunduğunu bəyan ediblər.
Buna da bax: Gənclər həbsdə qaldı
Sizin brauzer HTML5-i dəstəkləmir