►“The Times” qəzeti yazır ki, Britaniyada təxminən hər beş müsəlmandan biri Suriyaya döyüşməyə gedənlərə rəğbət bəsləyir.
Qəzet “The Survation” şirkətinin sorğusuna əsasən belə yazır.
Sorğuda iştirak edən və Britaniyada yaşayan 1000 müsəlmanın 19 faizi “Suriyadakı yaraqlılara qoşulmaq üçün İngiltərədən gedənlərə ən azından bir anlıq da olsa, rəğbət bəslədiyini" deyib.
18-34 yaş arasında olan müsəlman gənclərin isə daha çox - 25 faizinin belə düşündüyü bildirilir.
Sorğuda iştirak edənlərin 5 faizi isə Suriyadakı yaraqlılara qoşulmağa gedənlərə daha artıq rəğbətlə yanaşdığını bildirib.
Buna da bax: Türkan Şoray dekabrın 9-da gələcək
Müsəlmanlar razılaşmır
Sorğuda iştirak edənlərin 19 faizi Suriyada İŞİD hədəflərinə hava hücumlarının həyata keçirilməsini istəyən Böyük Britaniyanın baş naziri David Cameron ilə eyni fikirdədir.
Araşdırmanın nəticələri elan olunandan sonra 200-ə yaxın dindar müsəlman “The Times”a məktub göndərib.
Onlar İŞİD-in bütün cəmiyyətlər üçün təhlükə olduğunu bildiriblər. Təşkilatın Parisdə törətdiyi terror aktlarını pisləyiblər. Məktubda bu ifadələr də yer alır: “İslam adı ilə zorakılıqlar törədilməsi bizi çox narahat edir.”
Qəzet İngiltərədə bəzi dairələrin “The Survation” şirkətinin sorğusunun etibarlılığını araşdırdığını da bildirir.