Kuytim üç il gözlədikdən sonra, nəhayət, sentyabrın 9-da paytaxt Priştinadakı dövlət xəstəxanasında damarından əməliyyat edilə bilib.
Tam adının çəkilməsini istəməyən 30 yaşlı Kuytim deyir ki, xəstəliyinin həyati təhlükəsi olmasa da, "gözləmək çox yorucu idi".
AzadlıqRadiosu Kosovo xidmətinin əməkdaşı Arton Konuşevçinin hazırladığı yazıda deyilir ki, Kosovoda 10 mindən çox insanın adı gözləmə siyahılarındadır. Kosovo Milli Audit İdarəsi son hesabatında bu insanlardan bəzilərinin ürək və göz əməliyyatı kimi müxtəlif zəruri tibbi prosedurlar üçün illərlə gözləməli olduğuna diqqət çəkilib.
Audit İdarəsi tibbi xidmətləri yetərsiz sayır
Milli Audit İdarəsi tibbi xidmətlərin vaxtında göstərilməməsinə görə təkcə Səhiyyə Nazirliyini deyil, Kosovo Xəstəxana və Universitet Kliniki Xidmətini (KXUKX) də günahlandırır. Bu qurum ölkənin yeddi regional dövlət xəstəxanasının işinə cavabdehdir. Kuytimin əməliyyat olunduğu Priştinada yerləşən Kosovo Universitet Kliniki Mərkəzi (KUKM) də hesabatda tənqid edilib.
Audit İdarəsi bu hesabatda problemin tibb personalı, özəlliklə anestezioloq çatışmazlığından qaynaqlandığını bildirib.
Hesabatı tərtib edən auditor vurğulayıb ki, hazırda Kosovo tibbi gərək və dərman vasitələrinə daha çox pul xərcləyir. Əgər ölkənin bu sahədə xərcləri 2019-cu ildə 25 milyon avro olubsa, 2024-cü ildə 38 milyon avroya yüksəlib.
Kosovo 2008-ci ildə Serbiyadan müstəqilliyini qazandıqdan bəri müxtəlif çətinliklərlə üzləşib və həm iqtisadiyyatını dirçəltməyə, həm də Belqradın basqılarına duruş gətirməyə məcbur qalıb. Səhiyyə xidməti dövlətin üzləşdiyi çoxsaylı başağrılarından yalnız biridir.
Milli Audit İdarəsinin hesabatında deyildiyi kimi, 1.5 milyon əhalisi olan Kosovo tibb personalının kəskin çatışmazlığından əziyyət çəkir. Gənc kosovolular tibbi təhsil alandan sonra çox zaman daha yaxşı maaş üçün xaricə üz tuturlar. Bu, Şərqi Avropanın keçmiş kommunist ölkələrinin ortaq problemlərindəndir. Xəstəxanalar təkcə avadanlıqla deyil, dərman və tibbi gərəklərlə də yetərsiz təchiz olunub. Nəticədə xəstələr bəzən bütün bunları özləri almağa məcbur qalır.
AzadlıqRadiosunun Kosovo xidməti daha öncə KUKM-də döşəkağından tutmuş, sabunadək ən adi gərəyin çatışmaması, eləcə də xərçəng xəstələrinin müvəqqəti otaqlarda kimoterapiya aldığı barədə yazıb.
Yeddi regional xəstəxanadan biri
Bir çox ən çətin tibbi prosedurun yerinə yetirildiyi KUKM Kosovonun yeddi regional xəstəxanasından biridir. Ölkənin gələcək həkimləri mərkəzlərdə təhsil alırlar. Bu xəstəxanalardan başqa ölkənin bir çox şəhər və kəndində fəaliyyət göstərən dövlət xəstəxanaları şəbəkəsi, onlarla yanaşı, çox sayda özəl klinika və xəstəxana da var. Son illərdə onların sayı artıb. Bu xəstəxanalardan yararlanma imkanı olanlar, adətən, vaxtlı-vaxtında və keyfiyyətli xidmət gördüklərini deyirlər.
Kuytim üçün belə klinika heç vaxt əlçatan olmayıb.
"Bəlkə də, özəl müəssisəyə gedərdim, ancaq imkanım yox idi. Üstəlik, dövlət sisteminə daha çox güvənirəm", - o, AzadlıqRadiosuna belə deyib.
Kuytimin ehtiyac duyduğu əməliyyat özəl klinikada min dollara başa gələcəyi halda, KUKM-də tam pulsuz olub. Bu amil nəzərə alındığı zaman əksər xəstələrin həmin xəstəxanada müalicə olunmaq üçün gözləməyi seçməsi təəccüblü deyil.
Anestezioloq sayı ehtiyacı ödəmir
Hazırda Mərkəzin Anesteziologiya Klinikasında 48 anestezioloq çalışır. Klinikanın direktoru Qazmend Spahiya bu sayın ehtiyacı ödəmədiyini deyir.
2019-2023-cü illər arasında 29 anestezioloq klinikanı tərk edib. KUKM-i tərk edən təkcə anestezioloqlar deyil, son beş ildə toplam 142 mütəxəssisin mərkəzi tərk etdiyi bildirilir.
Kosovo Tibb Palatası mütəxəssislərin kütləvi axınının əsas səbəbini iş şəraitinin pis, maaşlarınsa aşağı olmasında görür. Mərkəzin həkimləri 1200 avro əməkhaqqı alırlar. Kosovoda orta aylıq əməkhaqqı təxminən 600 avrodur. Kosovodan getmək istəməyən həkimlər daha yüksək maaş və daha yaxşı iş ortamı üçün özəl klinikalara üz tuturlar.
2019 və 2023-cü illər arasında anestezioloqlar iki dəfə işə çağrılsa da, mərkəz yalnız 23 anestezioloqu işə götürə bilib. Bu da tələb olunan 100 mütəxəssisdən xeyli azdır.
Mərkəzin direktoru Elvir Azizi deyir ki, mütəxəssis qıtlığı hələ bir müddət də davam edəcək. Gələn il 15-dən çox həkimin anesteziologiya sahəsində ixtisaslaşmasını tamamlayacağı gözlənilir. Ancaq onlardan neçəsinin dövlət tabeliyində olan xəstəxana sistemində çalışacağı bilinmir. Çoxu öz təhsillərini özləri maliyyələşdirdiklərindən onların təhsillərini tamamladıqdan sonra dövlət sistemində çalışmaq öhdəlikləri yoxdur.