- Musa müəllim, xoş gördük Sizi. Necəsiniz?
- Babatam. Hələ yaxşı ki, babatam, çünki babatın «ala»sı da var, alababat. Mən babatam.
- Müalicəniz davam edirmi?
- Həmişə. Dərmanlarımı atıram.
- Bir qrup gənc sosial şəbəkədə imza toplayır, onlar Sizin dövlət xətti ilə müalicəniz üçün Birinci vitse-prezident Mehriban Əliyevaya müraciət etmək istəyirlər. Gənclərin bu təşəbbüsündən xəbəriniz varmı və bunu necə qarşılayırsınız?
- Eşitmişəm mən. Mən bir dəfə Türkiyədə Gülhanədə əməliyyat olunmuşam öz hesabıma. Gedib-gəlmişəm, hər şey öz hesabıma olub. Heç kəsə müraciət etməmişəm, sözün düzü, nə də dövlətə müraciət etmişəm. Amma olunsa, yaxşıdır.
- Yəni hesab edirsiz yardım olunmalıdır?
- Amma heç yardım görməmişəm. Müraciət etməmişəm. İstəmirəm. Lazım da deyil. Yəni kefdən yox ey. Ümumiyyətlə, istəmirəm.
- Niyə? Bu, həm də Sizin dövlətinizdir.
- Dövlət hə, dövlət etsin. Məsələn, Prezident Aparatı mənə təqaüd versin. Fonddan dedilər ki, səni nahaq yaddan çıxarmışıq, baş qarışıb, amma sənə zəng edəcəyik, kömək edəcəyik.
- Bunu Sizə kim demişdi? Prezident Administrasiyasından, ya Heydər Əliyev Fondundan?
- Heydər Əliyev Fondundan. Nə bilim, bəlkə oradan...
- Nə vaxt olunub Sizə zəng?
- Bu gün.
- Dediniz ki, heç vaxt yardım istəməmişəm. Amma bugünlərdə bir müsahibəniz yayılıb, orda demisiniz ki, Yazıçılar Birliyinin sədri Anara sizi Türkiyəyə müalicəyə göndərməsi üçün müraciət etmisiniz, amma o, qorxduğu üçün Sizə yardım göstərməyib. Belə bir şey olub?
- Anarla mən yoldaşıq, dostuq. Yazıçılar İttifaqında iki xətt var - biri yaradıcı insanların bir-birinə köməyi, bir də maddi kömək. O da maddi kömək istəyirsə, elə o da mənim tayım. Zəng etsin ora-bura. Mənə dövlətdən imkanım... Müəyyən qədər bir şey versinlər. Bəziləri özləri alırlar. Təqaüd alırlar. Mənə vermirlər.
- Niyə Sizin adınızı da təqaüd siyahısına salmırlar?
...
- Mövqeyinizə görə?
- Torbada pişik var, heç nə. Elə dünən yox, srağagün eşitdim ki, Milli Məclisdə Fazil Qəzənfəroğlu danışıb, deyib ki, ayıbdır, neçə ildir diqqətdən kənar saxlanılıb. Çünki indi bu dəbdədir. Deyib ki, kömək etmək lazımdır, ictimailəşdirmək lazımdır. Yəni o buz qatı sındı, Milli Məclisdə danışdı. Mənim buz qatım var da, neynim. Zərər yoxdur, xoşum gəlir buz qatından.
- Gərək deputat qaldıraydı bu məsələni? Məsələn, həmkarınız olan yazıçılar, şairlər niyə gündəmə gətirmirdi, Yazıçılar Birliyi niyə dinmirdi?
- Mən heç onlara yaxınlaşmıram. Məsələn, o vaxt müxalifətlə möhkəm məşğul olan vaxt İsmayıllıda boş küçəylə gedirdim, biri məni görəndə üstümə qaçırdı, danlamasınlar onu istəmirəm, «sən filankəslə görüşdün» deməsinlər. Ona görə mənə lazım deyil. Mən öz dostlarımla görüşürəm. Başqası lazım deyil, onların xətrinə, öz xətrimə yox.
- Onları incitmələrini istəmirsiniz?
- Hə, tənqid edəcəklər ki, müxalifətçi ilə danışdı.
Buna da bax: Musa Yaqub: '...Camaat narahatdır'- Mətbuatın yazdığına görə, AYB sədri Anara deyiblər ki, Musa Yaqub xəstədir, müalicəsinə yardım lazımdır, xalq şairi adı verilsin ona, təqdimat göndərilsin. Yazırlar ki, o da cavab verib ki, «biz ona yubiley keçirdik, daha nə neyləməliyik».
- Bayaq sözüm yarımçıq qaldı. Yazıçılar İttifaqı iki cür kömək göstərir - biri yaradıcılığa kömək, biri də maddi. Onların əlində heç nə yoxdur. Mütləq desin, məsələ qaldırsın ki, ona təqaüd verək, buna təqaüd verək. Bu mənada maddi kömək... Mən ömründə deməmişəm. Amma bugünlərdə demişəm ki, imkan varsa, bir məni Türkiyəyə göndər. Özünə yox, zəng etdim özü olmadı... Mən heç vaxt heç nə xahiş etməmişəm. Bir az maraqlıdırlar ki, ara qarışdırsınlar. Məsələn, mənə desinlər ki, niyə xahiş etmirsən, niyə demirsən? Əşi, niyə deyim? Və yaxud da onlar desin, bax sən xahiş etdin. Şouya çevirirlər, xoşum gəlmir.
- Bəs Anarın dediyinə cavab vermək istəmirsinizmi? Deyib ki, yubiley keçirdik, daha nə istəyir?
- Özü ilə şəxsən, dil-dodaq danışmamışam. Bunlar deyilənlərdir.
- Bugünlərdə Anar Sizə Xalq şairi adı verilməsi üçün rəsmi qurumlara təqdimat göndərdiyini açıqlayıb. Sizə belə bir ad verilməsini gözləyirsinizmi?
- Belədir də, Yazıçılar İttifaqının sədri çox istəyir ki, çox şairlərə, yazıçılara ad verilsin, yəni yaxşı olsun. Amma indi o günlər deyil. İndi bizi tabe ediblər kimə? Mədəniyyət Nazirliyinə. O vaxt Mərkəzi Komitədən sonra ikinci Yazıçılar İttifaqı idi, nə desə o idi. İkincisi, neynəsin, deyir də, qəbul edəndə edirlər, etməyəndə yox.
- Niyə bu müddətdə Sizə Xalq şairi adını vermədilər?
- Bu ad paydır, mükafatdır. Payı istəmirlər, verirlər. Verməyiblər, almamışam.
- Niyə vermirlər? Tərif etmirsiniz, ya başqa səbəblər var?
- Səbəb müxalifətçilik, vəssalam.
- Sizcə, bu titullar nəyi həll edir? Yazıçıya, şairə stimul verirmi, yaradıcılığına təsir göstərirmi? Yoxsa bu adlar gərəksizdir? Arada deyirlər, fəxri adlar ləğv edilməlidir. Siz nə fikirləşirsiniz?
- Olmamalıdır, vallah. Əvvəla, yazıçı, şair, yaradıcı insan məmur kimi düşünürsə, o yazıçı, şair ola bilməz. O, xalqın tərəfindən danışmalıdır. Ümumiyyətlə, deyək yaxşı mən də məmur olum, o da. Olmadı ki. Onların da o sözdən xoşu gəlmir. Başqa cür düşünənin başına nələr gətirirlər. Düşünür düşünsün də. Bizdə sistem yoxdur. Dövlət sistemi yoxdur, «belə olmalıdır». «Mən-mən» bizi yıxır, kin bizi yıxır.
Buna da bax: Professor Rafiq Əliyev: 'Sovet hökumətindən sonra millətin kodu dəyişdirildi'- Bu yaxınlarda prezident bir qrup ziyalını qəbul etdi. Baxdınızmı? Orda görüş iştirakçıları bəzi məsələləri qaldırdılar. Sonradan onlar qınandı ki, yazıçılar, bəstəkarlar, rəssamlar daha çox öz problemlərinə diqqət çəkdilər. Siz orda olsaydınız, hansı məsələni qaldırardınız? Ümumiyyətlə, dəvət olunmağınızı istərdinizmi ora?
- Mən də sözümü deyərdim. Amma bizlərdən çağırmamışdılar. Ramizi, məni, beş-altı nəfər var, onları çağırmamışdılar. Çağrılmayan yerdə nə işim var? Bilir ki, nə deyəcəm. Bizim telefonları izləmirlər. Çünki bilirlər biz kimik, ürəyimizdən nələr keçir. Biz düşmən deyilik ey. Vallah, müxalifətçilərik. Dövləti də, xalqımı da, elimi də, prezidentimi də, torpağımı da on dəfə onlardan çox sevirəm. Başqa cür deyim sözümü:
Ürək telim buz bağladı,
Dondurdu sırsıra məni,
Mən hara, bu yığnaq hara,
Kim gətirdi bura məni?
O zorbala, bu ərköyün,
Üz qırmızı, alın düyün,
Açması yox bu örtüyün,
Salacaqlar tora məni.
Bu oyundan xilas dedim,
Bir az susdum, bir az dedim
Hey «Üç badam, bir qoz» dedim,
Qoşdular bu xora məni.
İndi mən də xor oxumuşam. Həqiqət deyil deyə, xoşum gəlmir. Mən olmuşam kəndçi adam, kim nə deyir desin, haqqına danışıram. Onda orda da birdən-birə dönüblər. Birdən-birə olmayıb, mən işimi yaxşı bilirəm. Mən Xaqani haqda bir poema yazmışam, Xaqani də yaman üsyankar kişi olub. Yazıram ki, a kişi, sən bir kəndli olmusan, padşah sənə hörmət edib məliki-şüəra edib, böyük şair edib, otur sarayda, tənqid etmə də. Dözməyib, tənqid edib. Qınaq edirdim ona. Gördüm ki, dözmək olmur. Vallah, mənə ömründə heç kəs deməyib ki, niyə tənqid edirsən, yoldaşım da deməyib. Bir onu deyib ki, bir az yumşaq olsan, dolanışıq da yaxşı olardı. Cavab verdim ki, lazım deyil... İndi insanların özləri başqadır, sifətləri başqa. İndi sifət saxlamaq, adamlıq saxlamaq çox çətindir, tamahı qaytarmaq çox çətindir.
Buna da bax: Vaqif Səmədoğlu: 'Dinlərin bizə aşıladığı Allaha mən inanmıram'- Azərbaycanın ən böyük problemi, Sizcə, nədir? Hansı dərdinin həllini istərdiniz?
- Azərbaycanın? Dövlət problemi. Vallah, azərbaycanlılar qədər mehriban xalq yoxdur. Dövlətçilik problemi var. Deyirik, Məmməd Əminin varisiyik. Deyirik ki, ən gözəl unitar dövlət Azərbaycandır. Deyirik, əməl etmirik. Dediyini et. Yalan, tamah... Bəxtiyar da, mən də Heydərin gəlişini alqışladıq. Təcrübəsi vardı. Amma insanın içindəki kin, «Qoy gəlim, sənə neynəyəcəm» qurtarmaz... Heydər Əliyev məni də çox aparıb gəzdirib, məsələn, Ukraynaya dövlət xətti ilə səfərə getmişdik. Bizi Kuçma qarşıladı. Kuçma gəlib birinci mənimlə görüşdü. Görürəm kişi bir mənə baxır, bir Kuçmaya. Sən denən, şairdən nə umursan? Mən neynəyəcəm? Heç nə. Bax bu cəhəti... Sonra soruşur Kuçmayla niyə görüşürsən, sənə nə deyir? Cavab verdim ki, heç nə, Kuçma, Kuçma, gəl uçma... Bunun da səbəbi var. O vaxt sovet hökumətinin vaxtında ədəbiyyat günləri keçirilirdi Ukraynada. Bunları da mən müşayiət etmişəm. O vaxt yazıçılar hörmətli idi. İndi dostuq da. O, Nazirlər Kabinetinin müavini, mən də bir yazıçı. Yadında qalıb, gəlib görüşüb. Niyə şübhələnirsən?
- Yəni Kuçma Sizinlə dost idi, tanışlığı vardı deyə, birinci Sizinlə görüşdü, Heydər Əliyev də bundan təəccübləndi ki, Sizi haradan tanıyır?
- Təəccüblənsin.
- Tək təəccübləməyib, bir az da narahat olub, deyəsən, elə başa düşürəm.
...
- Bəs necə oldu ki, o vaxt deputat seçildiniz? Deyirlər, Rəsul Quliyevin köməyi ilə reallaşıb, elə bir şey olub?
- Mənim bir kitabım çıxmışdı: «Ürəyim bir əsim nanə yarpağı». Mən Milli Məclisdə olmayanda tərifləyib, deyib ki, oxuyun, görün bir deputatımız nə fikirləşir, nə yazır. Bəziləri birtəhər olub ki, Milli Məclisdə olmaz. Niyə olmaz? Sonradan deyiblər ki, kitabın pulunu, deyəsən, Rəsul Quliyev verib. Vallah, verməyib, billah, verməyib. Bir az dostlarım qoyub, bir az da özüm, yığışmışıq, çap olunub. Rəsulun heç xəbəri yoxdur. Mənim bunun reallığından xoşum gəldi. Bu gedəndən sonra bir neçə deputat dalıyca getdik. Dalıyca yox. O çıxdı getdi. Heydər Əliyev onu çıxartdı, çox mehriban çıxartdı. Amma Rəsul Quliyev duruş gətirə bilmədi. Çıxarılmağı çox dərin iş idi. Biz də dedik, bir gedək Amerikada buna dəyək. Gəncəli deputat, mən... Amma demə, o gecə... Onda mən də «Amal» Ziyalı Hərəkatının rəhbərlərindən idim. Həmən gecə ki, biz gedirik – biz dedik bizi qaytaracaqlar, «getməyin» deyə - sən demə, Heydər Əliyev xəstələnib, yıxılıb. Amma bir peşmançılığım var. Biz 23 ziyalı orda yazmışdıq ki, Heydər Əliyev getsin. Bu cür rəftar xəstələnəndə ağır olur. Mən özüm xəstələndikdən sonra başa düşdüm ki, xəstələnəndə adam adama sataşmaz. Yəni o vaxt pis idi. Bilmədim. Bir də gördüm xəstələnib. Dünyada peşman işlərimdən biri də budur. Bir 10 gün qabaq olaydı, 20 gün sonra olaydı, nə olardı. Üst-üstə düşdü. Bu taledir...
- Deməli, Heydər Əliyev saraydakı çıxışı zamanı yıxılanda yazmışdınız ki, o, hakimiyyətdən getsin və indi buna görə peşmansınız.
- O xəstə idi. Xəstələnəndə gördüm ki, mənə də desəydilər, pis təsir edərdi. Nə bilim, üst-üstə düşdü. Birinci dəfədir bunu AzadlıqRadiosuna deyirəm.
- Başqa peşmanlıqlar da var?
- Nə bilim.
- Danışmaq istəmirsiniz?
- Daha yox.
- Sonda bir sual. Arzunuz, istəyiniz nədir?
- Arzum odur ki, xalqım gözəl olsun, yaxşı olsun. Bu xalq böyük xalqdır. Buna «kiçik» deyənin dili quruyar. Sonra bir təklifim var, adi təklifdir. O vaxt aşıqlar Qarsdan, Türkiyədən oxuyanda tüklərimiz biz-biz olurdu, deyirdik, ay Allah, görəsən biz o yerləri görəcəyik? İndi ora qatar çəkilib. Mən deyirəm ki, Heydər Əliyevin yaxşı bir işi vardı, mindirirdi qatara bütün hərəkat adamlarını, şeir, sənət adamlarını gəzdirirdi. Vallah, o səfər adamları mehribanlaşdırırdı, insanları bağlayırdı, səfərdən xatirələr qalırdı. İndi bir böyük səfər təşkil etsinlər, Bakıdan Qarsa kimi 3-4 gün mədəniyyət işçiləri yol getsin. Xatirə yaradaq.
- Bu qatarla Qarsa getmək istərdinizmi?
- Bəli, mən də getmək istərdim. Sağ olun. AzadlıqRadiosu ən sevdiyim radiodur. AzadlıqRadiosu azad sözün yiyəsidir, sözünü deyir, düzdüsə, təzyiq görür.