Nardaran məhbusu Qobustan həbsxanasını məhkəməyə verdi

Abbas Hüseynovun bacısı etiraz edir. 09avq2017

Həbsxanada işgəncəyə məruz qaldığını bildirən “Nardaran işi” üzrə məhbuslardan Abbas Hüseynovun vəkilləri məhkəməyə müraciət ediblər.

Bu haqda vəkil Yalçın İmanov məlumat verib.

Vəkilin bildirdiyinə görə, şikayət bu gün, avqustun 10-da Qaradağ Rayon Məhkəməsinə təqdim olunub.

Müdafiə tərəfi məhkəmədən A.Hüseynova münasibətdə Avropa Konvensiyasının 3-cü (İşgəncə) maddəsinin pozuntusunun tanınması, A.Hüseynov barəsində təcili məhkəmə-tibb ekspertizasının təyin edilməsi tələb edilib.

Buna da bax:​ Vəkil: 'Abbas Hüseynov çətinliklə yeriyir...'

Məhkəmədən həmçinin, şikayətə baxılarkən Abbas Hüseynovun iştirakının təmin edilməsi də xahiş edilib.

Vəkilin bildirdiyinə görə, məhkəməyə müraciət etməzdən öncə A.Hüseynovun işgəncəyə məruz qalması iddiasının araşdırılmasından ötrü Baş Prokurorluğa, Ombudsman Aparatına və Penitensiar Xidmətə müraciət edilib. Hələlik, həmin qurumlardan hər hansı cavab verilməyib.

Avqustun 8-də “Nardaran işi” üzrə vəkillərdən Yalçın İmanov Qobustan Qapalı Həbsxanasında A.Hüseynovla görüşmüşdü. Görüşdə A.Hüseynov vəkilinə deyib ki, əsasız yerə ardıcıl “kars”a salınıb. Ona davamlı işgəncələr verilib. Hətta məhbus vurğulayıb ki, onu “çarmıxa” bağlayıblar.

Buna da bax: Taleh Bağırovun yenidən 'kars'a salındığı deyilir

A.Hüseynovun konkret işgəncə şikayətinə, Qobustan Qapalı Həbsxanasının rəhbərliyindən və Penitensiar Xidmətdən şərh almaq mümkün olmayıb. Ancaq qurumun mətbuat xidmətindən «Turan» Agentliyinə bildirmişdilər ki, avqustun 8-də T.Bağırovun işgəncəyə məruz qalması ilə bağlı iddialara verdikləri cavab bu məsələyə də aydınlıq gətirə bilər.

Həmin açıqlamada qeyd edilirdi ki, T.Bağırovun işgəncəyə və qeyri-insani rəftara məruz qalması ilə bağlı deyilənlərin heç bir əsası yoxdur:

«Respublikada sabitliyi pozmağa, ictimaiyyət daxilində çaxnaşma yaratmağa cəhd edən qüvvələr ayrı-ayrı məhkumlar ətrafında ajiotaj yaradırlar. Bəzi kütləvi informasiya vasitələrində cəzaçəkmə müəssisələri barədə qeyri-sabitliyi əks etdirən qızışdırıcı və təhrikedici, uydurma məlumatlar dərc etməklə həmin məhkumların gündəmdə saxlanılmasına səy göstərirlər».

Buna da bax:​ Nardaran işi üzrə həbs olunanlar 'kars'dan çıxarılmayıb

XATIRLATMA

2015-ci il noyabrın 26-da Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Bakının Nardaran qəsəbəsində keçirdiyi əməliyyatda ikisi polis olmaqla, 6 nəfər həlak olub. Rəsmi ittihama görə, radikal silahlı dəstə polis əməkdaşlarına silahlı müqavimət göstərib və ölüm hadisələri bu qarşıdurmada baş verib.

Nardaranda və Sabunçu Rayon Polis İdarəsinin qarşısında baş verən hadisələrə görə 70-dən çox (hüquq müdafiəçilərinin siyahısında bu rəqəm 80-dən çox göstərilir) adam həbs olunub. Onların bir qisminə silah saxlama ittihamı ilə ilyarımdan 6 il 6 ayadək həbs cəzası kəsilib. 40 nəfərdən çox adama isə daha ağır maddələrlə (dövlət çevrilişinə cəhd, terrorçuluq, dini nifaq salma və s.) ittihamlar verilib.

Buna da bax:​ "Nardaran məhbusu" "bədəninə tok yeridildiyini" deyir

Üç qrupa ayrılan cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. «Müsəlman Birliyi» Hərəkatının sədri T.Bağırov və daha 17 nəfərin məhkəməsi yekunlaşıb. T.Bağırov, onun müavini Abbas Hüseynova 20 il, digərlərinə isə 10 ildən 19 ilədək həbs cəzası verilib.

Daha iki qrupun məhkəməsi davam edir. Ötən həftə isə əlavə iki nəfərin istintaqı yekunlaşıb. İş məhkəməyə göndərilib.

Nardaran olayları ilə bağlı həbs edilənlərin əksəriyyəti məhkəmələrində tutularkən və ilkin dindirilmədə ağır işgəncələrə məruz qaldıqlarını bildiriblər. Onlar verilən ittihamları qəbul etməyiblər.

Buna da bax:​ Elçin Qasımov: 'Seyid olduğunu nəzərə alıb çox üstünə getmirəm...'

Ancaq Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin və digər hüquq-mühafizə orqanlarının əməkdaşları məhkəmə prosesində işgəncə şikayətlərini təkzib ediblər.