Nardaran işi: 'Şalvarımı aşağı çəkəndə, dözmədim'

Nardaran məhbusları

Taleh Bağırov: “Bu adamın da özünə və ya yaxınlarına nəsə olsa, məsuliyyət sizin, Ramil Usubovun və İlham Əliyevin üzərində olacaq"

"Kürdəxanı təcridxanasında "bandotdel"in şöbə müdiri Kərim Əlimərdanov və əməliyyat müvəkkili İslam Ağabəyov mənə dedi ki, üçdə birlə çıxıb uşaqlarının yanına getmək istəyirsənsə, get məhkəmədə Talehin əleyhinə ifadə ver, heç olmasa, istintaqdakı ifadəni təsdiqlədiyini de". Razılaşmadım. Dedilər ki, onda Əli İnsanovun gününə qalacaqsan, oradan çıxmayacaqsan”.

Noyabrın 7-də Nardaran işi üzrə məhkəmədə şahid qismində ifadə verən Mötəbər Babayev belə deyir. Onun özünü də ötən il noyabrın 26-da Nardaranda keçirilən əməliyyatdan dörd gün sonra həbs ediblər. Dediyinə görə, əvvəlcə Sabirabad Rayon Polis Şöbəsində işgəncələrə məruz qalıb, hətta zorlanmaqla hədələnib: "Boynuma silah qoymaq istəyirdilər. Nə qədər döydülər, boynuma götürmədim. Şalvarımı aşağı çəkəndə, dözmədim, yalvarıb-yaxardım ki, bunu eləməyin. Axırda rəis müavini Əlifağa Kazımov dedi ki, aparın, kənddə həyətlərinə heroin qoyun, atasını götürüb gəlin bura. Onda dedim ki, atamın 51 yaşı var, heç vaxt şöbə-filan görməyib, bura gələn kimi ürəyi partlayar. Götürdüm boynuma. Guya, silahı Rövşən adlı adam mənə saxlamağa verib, mən də aparıb kənddə gizlətmişəm".

Buna da bax:​ Deputatlar 'Nardaran işi' barədə nə düşünür?

"Dedilər ki, "Hacı Talehin üzünə durmalısan"

Şahidin dediyinə görə, onu Bakıya gətirib, haqqında həbs-qətimkan tədbiri seçəndən sonra Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə (BMCMİ-yə) aparıblar. Orada isə ondan "Müsəlman Birliyi" Hərəkatının sədri Taleh Bağırovun əleyhinə ifadə vermək tələb olunub: "Mənə dedilər ki, "sənə silahı Hacı Taleh verib. Əgər istəmirsənsə, birbaşa Talehin adını yazmayaq. Yazaq ki, Əkbər verib, onsuz da o ölüb. Ya da Abbasın adını yazaq, onu da elə günə qoymuşuq ki, o da bu gün-sabahlıqdır". Axırda yazdılar ki, guya Hacı Taleh verib Əkbər rəhmətliyə, o da mənə. Allaha and olsun, elə işgəncələr verirdilər, insan ləyaqətinə toxunan elə hərəkətlər eləyirdilər ki, öldürsəydilər, ondan yaxşı idi. Əllərim arxadan bağlı vəziyyətdə elə yerdən vururdular ki, dözmək mümkün deyildi. “Dubinka” və butulka ilə məni zorlamaq istəyirdilər. Ona görə də gətirdilər, qol çəkdim. Dekabrın 29-da Kürdəxanı təcridxanasına köçürdülər. Fevralda gəldilər ki "Hacı Talehlə üzləşmədi, gedib üzünə durmalısan". Nə qədər elədilər, razılaşmadım".

Həmin silah ittihamı ilə Mötəbər Babayevə 2 il 6 ay həbs cəzası verilib və o, Xələcdəki 5 saylı Cəzaçəkmə Müəssisəsində saxlanılır. Bir müddət əvvəl Taleh Bağırov və daha 17 nəfərin işi üzrə məhkəmədə ifadə vermək üçün Kürdəxanıdakı 1 saylı istintaq təcridxanasına köçürülüb. Dediyinə görə, oktyabrın 19-da BMCMİ əməkdaşları gecə saat 11 radələrində ora gəlib onu hədələyiblər.

Buna da bax:'Nardaran işi' üzrə şahidlər polisə aparılıb

"Onu da bilirəm ki, dediklərinə əməl eləmədiyimə görə, mənə nəsə eləyəcəklər. Ya Xələcdə nəsə düzüb-qoşacaqlar, ya çıxandan sonra yenə tutacaqlar. Özləri də xəbərdarlıq eləyiblər ki, "Əli İnsanovun gününə qoyacağıq səni". Amma mən adamın üzünə durub olmayan şeyi necə deyim?", - şahid ifadəsinin sonunda əlavə edib.

"Şahidlərin bir hissəsini toka verirlər...”

Vəkil Yalçın İmanov

Vəkil Yalçın İmanov Nardaran işi üzrə şahidlərə qarşı bu cür təzyiqləri "Azərbaycanın məhkəmə tarixinə qara ləkə kimi düşən biabırçı hadisə" adlandırıb. Daxili İşlər Nazirliyinin tabeliyindəki qurumların, o cümlədən BMCMİ-nin, Sabunçu RPİ-nin şahidləri hədələdiyini, onları çağırıb işgəncə verdiyini deyən vəkil şahid Mötəbər Babayevin təhlükəsizliyini təmin etmək üçün məhkəmənin müvafiq tədbirlər görməsi barədə şifahi vəsatət qaldırıb: "Bu nə deməkdir, axı? Şahidlərin bir hissəsini Sabunçu polisi aparıb toka verir ki, niyə həqiqəti danışmısan? Bir hissəsini hədələyib tələb eləyirlər ki, gəlib məhkəmədə də istintaqdakı yalan ifadəni təsdiqləsinlər. Mən vəkillik təcrübəmdə ilk dəfədir ki, belə analoqsuz, ağlagəlməz hadisə ilə qarşılaşıram. Kərim Əlimərdanov, İslam Ağabəyov gecə saat 11 radələrində istintaq təcridxanasında nə gəzirlər? Saat 6-da vəkilləri müdafiə etdikləri adamlarla görüşdən çıxarırlar ki, iş vaxtı başa çatıb. Onlara bu icazəni kim verib? Xahiş edirəm, prokurorluğa bütün bu qanunsuzluqlar barədə məlumat verilsin, araşdırma aparılsın. Şahid Mötəbər Babayevin həyatı burada ifadə verəndən sonra, faktik, təhlükə altına düşüb. Bu adamın təhlükəsizliyinin təmin olunması üçün lazımi addımlar atılsın".

Vəkil Gülşən Salmanova baş verənlərin ilk növbədə məhkəmənin özünə sayqısızlıq olduğunu vurğulayıb: "Məhkəmə öz acizliyini göstərir. Məhkəmə özünə qarşı bu cür hörmətsizliyə görə qətiyyət ortaya qoymalıdır. Nə vaxta qədər belə davam edəcək?".

Buna da bax:​ Nardaran işi: Peşəkar futbolçular da dindirilib...

Başqa bir vəkil Zibeydə Sadıqova məlumat verib ki, ötən məhkəmə iclaslarının birində dindirilərkən, istintaqdakı ifadələrindən imtina etdiklərinə görə sonradan Sabunçu RPİ-də işgəncələrə məruz qalan Valeh Abbasov və Samir Babayev bugünlərdə yenidən idarəyə çağrılıblar. Bu dəfə onları hədələyib, heç bir təzyiqə məruz qalmadıqları barədə ərizəyə imza atdırıblar. Onlara bildirilib ki, bu ərizəni imzalamasalar, narkotik satışı ittihamı ilə barələrində cinayət işi başlanacaq.

Zibeydə Sadıqova şahidlərə qarşı bu addımları atan polislərin cinayət məsuliyyətinə cəlb olunması üçün məhkəmənin Baş Prokurorluğa məktub göndərməsi barədə vəsatət qaldırıb.

"Cənab hakim, "bandotdel"də sizə də işgəncə verilibsə, deyin bilək"

Taleh Bağırov xatırladıb ki, hələ 2013-cü ildə "bandotdel"də işgəncə yolu ilə onun əleyhinə ifadə verməyə məcbur edilmiş Hacı Kamran Seyidov sonradan vicdan əzabından intihar etdi. Ölümündən əvvəl də məktub yazıb məhz bu səbəbdən özünü asdığını bildirdi: "O adam vicdan şəhidi oldu və onun ölümünün məsuliyyəti Ramil Usubovun, İlham Əliyevin üzərindədir. İndi bu adamın da özünə və ya yaxınlarına nəsə olsa, məsuliyyət ilk növbədə sizin, Ramil Usubovun və İlham Əliyevin üzərində olacaq".

Buna da bax:​ 'Prokuror qarşısında boynunu bükən, 'makler-vəkil'lərlə kimsənin işi yoxdur'

Təqsirləndirilən şəxslərdən AXCP sədrinin müavini Fuad Qəhrəmanlı Əlövsət Abbasovun sədrlik etdiyi hakimlər heyətinin bütün bu baş verənlərlə bağlı heç bir tədbir görməməsinə etiraz edib: "Cənab hakim, bəlkə sizin özünüzü də "bandotdel"ə aparıb orada işgəncə veriblər, hədələyiblər? Belədirsə, deyin, biz də bilək ki, ona görə məsələlərə belə susqun yanaşırsınız".

"Polislərin yalanlarını malalayırsınız"

Sabunçu RPİ-nin qarşısında aksiya - 5 noyabr 2015

Məhkəmə iclasında Sabunçu RPİ rəisinin sürücüsü Afiq Şükürov da zərərçəkmiş qismində dindirilib. O deyir ki, keçən il noyabrın 5-də idarənin qarşısında "Müsəlman Birliyi" Hərəkatı sədrinin müavini Elçin Qasımovun azadlığa buraxılması tələbi ilə keçirilən aksiyada atılan daş başına dəyib. Dediyinə görə, həmin vaxt mülki geyimdə olub.

O, vəkillərin "sürücünün aksiyada nə işi vardı?" sualına cavab olaraq bildirib ki, həm də polisdir, çavuşdur.

Buna da bax: ’Bu, işgəncə verməyə görə ad çıxarmış 'skoç Ədalət'in şəxsi kadrıdır'

Başından daş dəyincə, huşunu itirdiyini, idarədən birbaşa DİN hospitalına aparıldığını və gözünü orada açdığını deyən sürücünün istintaqdakı ifadəsi ilə məhkəmədə dedikləri arasında ziddiyyət var. Məhkəmədə birbaşa hospitala aparıldığını desə də, istintaq ifadəsində evinə getdiyini yazır.

Afiq Şükürov bu ziddiyyətə aydınlıq gətirə bilməyib.

Təqsirləndirilən şəxslər, yalan danışdığına görə, onun məsuliyyətə cəlb olunmasını tələb etsələr də, hakim məsələyə əhəmiyyət verməyib. Təqsirləndirilənlər hakimi bu cür mövqeyinə görə qınayıblar.

"Siz, açıq-aşkar, özünüzü yalançının vəkili kimi aparırsınız. Polislər gəlib burada nə yalan danışırlar, siz də onu malalayırsınız. Əgər müstəqil olsaydınız, əksinə, yalanı ifşa etməyə çalışardınız. Ayıbdır, axı. Bəsdirin də...", - Fuad Qəhrəmanlı belə deyib.

Buna da bax-Nardaran işi: 'Hakimiyyət daxilində də müxtəlif klanlar var'

Şahidləri polislər aparıb-gətirir

Nardaran sakini Əli Gülməmmədov dindirilərkən, məlum olub ki, vəkillərin ötən məhkəmə iclaslarında haqqında bəhs etdiyi, polisə aparılan şahidlərdən biri də odur. Ə. Gülməmmədov bildirib ki, oktyabrın 26-da Sabunçu polisinin təşkil elədiyi avtobusla şahidləri, o cümlədən də onu məhkəməyə gətiriblər. Amma proses yarımçıq qalıb və onları elə həmin avtobusla qaytarıb Sabunçu RPİ-yə aparıblar. Orada bir müddət onları saxlayıblar.

"Mənim üzrlü işim vardı, dedim, buraxdılar getdim" deyən şahidin ifadəsindən aydın olub ki, bu gün – noyabrın 7-də də məhkəməyə polisin telefon zəngi ilə gəlib.

Hakim Əlövsət Abbasov da təsdiqləyib ki, bu şahidi onlar çağırmayıb.

Şahid vəkillərin əksər sualına "bilmirəm", "xatırlamıram" cavabını verib.

Vəkil Yalçın İmanov bildirib ki, bu şahidin qorxudulduğu, rahatsızlığı aşkar görünür. Polisin məhkəmənin işinə bu dərəcədə müdaxiləsi yolverilməzdir: "Onda bu məhkəmə prosesini saxlayın, hökmü elan edin, çıxıb gedək. Belə biabırçılıq olmaz, axı. Şahidləri hədələyib onlardan istintaq vaxtı işgəncə ilə alınan yalan ifadələri təsdiqləməyi tələb edirlər".

Ə. Gülməmmədovun istintaqa ifadəsində Taleh Bağırovun əleyhinə fikirlər yer alıb. İfadə elan olunarkən şahid bildirib ki, həmin fikirlər ona məxsus deyil.

Buna da bax- Nardaran işi: 'Polislər Mehriban Əliyevanı söyəndə səsiniz çıxmırdı...'

Məhkəmə noyabrın 11-də davam edəcək.

XATIRLATMA

Ötən il noyabrın 26-da Nardaran qəsəbəsində keçirilən xüsusi əməliyyatda, ikisi polis, altı şəxs həlak olub. Rəsmi bilgilərə görə, "Müsəlman Birliyi" Hərəkatının 70-dən çox tərəfdarı həbs edilib (Hüquq müdafiəçilərinin siyahısında bu rəqəm 87 göstərilir). Daha yüngül maddələrlə ittiham edilənlərin məhkəməsi başa çatıb. Həmin şəxslər 1 il 6 aydan 6 il 6 aya qədər həbs cəzası alıblar. Taleh Bağırov, Abbas Hüseynov və daha 16 nəfərin məhkəməsi ayrılıqda davam edir. T.Bağırov və onunla saxlananlar qətldə və bir çox başqa ağır cinayətlərdə suçlanırlar. Təqsirləndirilən bu ittihamları rədd edir, ifadələrin işgəncə altında alındığını bildirirlər.

Məhkəmədə zərərçəkən kimi ifadə verən DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları "Nardaran işi"ndə həbs olunanlara işgəncə verilməsi ilə bağlı deyilənləri təkzib ediblər.