20 Yanvar hadisələrindən 34 il ötür. Sovet qoşunlarının Azərbaycan paytaxtı Bakıya və ayrı-ayrı şəhərlərə girişi zamanı 146 nəfər öldürülmüş, yüzlərlə adam yaralanmışdı. Rafiq Səməndər həmin hadisələrdə həlak olan 146 adamın hər biri haqda qısa zamanda bir kitab yazdı. Sovet ordusunun atdığı güllə nəticəsində ölən adi Azərbaycan vətəndaşlarının hər birinin hekayətini bir kitaba yığdı: “Şəhidlər”.
Hadisələrin ili tamam olmamış kitab artıq hazır idi və 150 min tirajla çap olunaraq sürətlə yayılmağa başladı. Kitab bugünlərdə latın qrafikası ilə yenidən nəşr edilib.
Rafiq Səməndər həmin kitabı yazmasının tarixçəsini AzadlıqRadiosu-na danışır:
Buna da bax: Sovet qəzetlərinin 20 Yanvardan əvvəl və sonra yazdıqları
– O vaxt mən 1990-cı ildə Azərbaycan Dövlət Televiziyasında ədəbi dram verilişləri redaksiyasında baş redaktorun müavini idim. Səhər işə gələndə yolumuz Şəhidlər Xiyabanından keçirdi. Təsəvvür edin, birbaşa ah-nalənin içindən keçirdik, otaqlarımızın pəncərəsi də Xiyabana açılırdı. O səsdən pəncərəni açmaq da olmurdu, açmamaq da. Biz özümüzü çox gücsüz hiss edirdik, bilmirdik neyləyək. O adamlara yaxınlaşır, təsəlli verir, dərdləşir-söhbətləşirdik. Ağır ölüm xəbərləri ilə bağlı gündəliyimdə qeydlər aparırdım. Bir də baxdım gündəlik dolub, ədəbi əsərə çevrilə bilər. O vaxt Sahib Ələkbərov komsomolun birinci katibi idi, “Gənclik” nəşriyyatı da birbaşa ona tabe idi. Ona müraciət etdim ki, məndə faktlar var, bəlkə bir kitab yazım çap edəsiniz? Mənə böyük dəstək oldu. “Dalğa” verilişində xalqa müraciət etdim ki, belə bir missiyanı üstümə götürmüşəm, kimdə fakt varsa, mənə təqdim etsin, kömək etsin. Təsəvvür etməzsiniz, səhəri gün nə qədər adam tökülüb gəldi. Artıq onların qabağından qaçmağın yeri yox idi. Bir şəhidin anası da gəlirdi, bacısı da, dostu da, qohumu-qonşusu da... Birdən-birə boynuma elə yük düşdü ki, o cavan vaxtımda. O məsuliyyətin altından çıxmaq üçün özümü necə köklədim, heç bilmirəm. Artıq şəhidlərin qırxına kitaba lazım olan faktları toplamışdım. O vaxt mənə Bəxtiyar Vahabzadə də böyük dəstək oldu. Zəng etdi ki, gətir yazıları mənə göstər. Yazılara baxırdı, amma şəkillərə baxa bilmirdi. Deyirdi: “Şəkilləri qırağa qoy, əhvalatı danış”. Hadisələrin ili tamam olmamış, noyabrda artıq kitab çıxdı. Mən heç bilməzdim bu kitab millətin hörmətini qazanacaq, əl-əl gəzəcək.
Buna da bax: «Partbiletimi Bakatinin ağzına soxdum»
"Birdən-birə boynuma elə yük düşdü ki, o cavan vaxtımda..."
– Amma qırx günə bu faktları tapmaq, ailələrlə görüşmək yəqin əziyyətli iş idi.
– Hər tərəf rus ordusu, hər tərəf əsgər. Desən ki, şəhid haqda kitab yazıram, vurub adamı öldürərdilər. Çətin idi. Bu saat danışmaq asandır. Amma onda... Mən oturdum maşınıma getdim Lənkəranda, Neftçalada öldürülənlərdən yazdım. Nə qədər əsgərlə üzləşmişəm, nə qədər zülmlər çəkmişəm. Mən Dövlət Televiziyasında işləyirdim, Dubinyakın (General Dubinyak 1990-cı il 20 yanvar hadisələri zamanı Bakının komendantı olub) imzası ilə xüsusi buraxılış vəsiqəsi vermişdilər. Həm işə gəlib-getməyə, həm də şəhidlərlə bağlı yazmaq üçün xüsusi buraxılış vəsiqəsi verildi. Lənkərana, Salyana, Neftçalaya getdim. Ən çox Neftçalada həlak olan gənclərə əziyyət vermişdilər. Onları helikopterlə sallaya-sallaya gətirmişdilər. Lənkərana gedəndə dedim ki, məni onların evinə aparmayın. Onlar hansı kolun dibində, hansı ağacın dibində həlak olublar, ora aparın. Orda bir neçə gənc həlak olmuşdu. Sonradan polkovnik demişdi: “Mən bilsəm bunlar silahsızdır, bunlara atəş açmazdım”. Hə, bu ölən gənclər görüblər sovet əsgəri şəhərə gəlir, demişdilər ki, kimin ailəsi, uşağı varsa, qalsın burda, biz şəhərdən çıxaq. Çünki Lənkərana ordu girsəydi, qırğın olacaqdı. Buna görə də o gənclər İstisu meşəsi ilə getmişdilər. Mən də onların getdiyi yolla, meşəylə getdim, addım-addım. Hətta bir gəncin motosikletinin bakını vurub partlatmışdılar. Mən həmin partlayışın baş verdiyi yerə belə getdim. O uşaqlar qəhrəmanlıq ediblər, şəhərdən çıxıblar ki, camaata güllə dəyməsin.
Buna da bax: E.Məmmədov: 'Həmin qurbanlar gedib, bunun nəticəsində Azərbaycan müstəqil dövlət olub...'
"Dubinyakın imzası ilə xüsusi buraxılış vəsiqəsi vermişdilər"
– O vaxtkı komendant Dubinyakla da görüşmüsünüz, deyəsən.
– O qəliz, bir az da gizli məsələdir. Məni Dubinyakın yanına, gecə, gözümü bağlayıb gizlicə, özü də aldadıb aparıblar. Demişdilər ki, şəhid ailəsi ilə görüşdürəcəyik... Amma yaxşı keçdi söhbət. Dərinə getməyin. Hər halda, mənim xeyrimə oldu, kitabımı yazdım.
– Müsahibənizdə demisiniz ki, Dubinyak sizə bu hadisələr zamanı öldürülən sovet əsgərləri haqda da yazmağı təklif edib. Yazdınızmı?
– Mənə dedi ki, hərbi peşə məktəbində ölən əsgərlər haqda da yazım. Cavab verdim ki, rus dilini bilmirəm, yaza bilmərəm, belə bir variantdan istifadə edib vəziyyətdən çıxdım.
– İndiyə qədər unutmadığınız hadisə varmı?
"Mənə dedi ki, hərbi peşə məktəbində ölən əsgərlər haqda da yazım"
– Yusif adında bir oğlan vardı. Onun sağ qolu tapılmışdı bircə. Tibb Universitetində oxuyurmuş, əlaçıymış, hamı tərifləyirdi onu. Anasını birtəhər tapdım, mənə dedi ki, oğlumun qolundan yazma, ondan bütöv yaz. Çaşıb qalmışdım. Soruşa bilmirdim ki, hardan bildiniz bu sizin oğlunuzdur? Ana özü mənə dedi: “İki sviter toxumuşam, biri atasına, biri oğluma. Mən öz ilmələrimdən tanıdım”. Bu əhvalat mənə çox təsir etdi. Bir həftə, on gün keçdi, yaza bilmirəm. Bəxtiyar müəllim gözləyir, hamı gözləyir. Bir gün Ramiz Rövşənlə çay içəndə bu əhvalatı danışmağımı istədi. Danışdım, ancaq sözarası dedim ki, yaza bilmirəm. O mənə “Sən bu əhvalatı o qədər danışırsan ki, boşalırsan. Bir neçə gün danışma, yazacaqsan” söylədi. Elə də etdim. Bir həftə danışmadım, sonra birbaşa yazdım.
Buna da bax: 28 il əvvəl Lənkəranda Sovet hakimiyyəti necə devrildi
"İstəyirdilər ki, bər-bəzəkli yazım, təmtəraqlı yazım, şişirdim də, məsələn, əlində bayraq tankın üstünə gedib, filan..."
– Kitab çıxandan sonra sizdən “Niyə bunu yazmısan, onu yazmamısan” deyə narazı qalanlar oldumu? Məsələn, bir ana oğlunun ayağında cırıq çəkmə olduğunu yazdığınız üçün sizə irad tutub, deyəsən.
– Olurdu. Xırda, adi incikliklər olurdu. İstəyirdilər ki, bər-bəzəkli yazım, təmtəraqlı yazım, şişirdim də, məsələn, əlində bayraq tankın üstünə gedib, filan. Amma kitabın qiyməti ondaydı ki, iti-isti, necə vardısa elə yazdım. Olduğu kimi. Ana isə istəyir yazım ki, oğlu inqilabçı olub, əlində tüfəng tank üstünə gedib. Amma bu adam tankın üstünə getməyib, axı, yolla gedəndə vurulub. Onda günah olmayıb. Burda üzə çıxırdı ki, günah adi vətəndaşda yox, sovet əsgərindədir.
Sizin brauzer HTML5-i dəstəkləmir
– Sonradan mövzuya qayıtdınızmı?
– Təxminən beş il qabaq şəhid Ülvi Bünyadzadənin atası gəldi ki, o vaxt şəhid olan beş-altı adamın adı ora düşməyib, gəl onları da əlavə et, yenidən kitabı çap edək. Avqust idi. Mənə şəkillər, disklər verdilər. Məzuniyyətdə idim. Bütün avqustun, sentyabrın ortasına qədər nə qədər çalışdım yaza bilmədim. O kitabı yazmağa məni o dövr, zəmanə vadar etdi. Vətəndaşlıq borcum vadar etdi.
Buna da bax:
Sizin brauzer HTML5-i dəstəkləmir