►“3 təpiyə 63 il iş olar?”
Jurnalist Rasim Əliyevin döyülərək öldürülməsilə bağlı məhkəmə prosesi yekunlaşır.
Fevralın 23-də Bakı Ağır Cinayətlər Məhkəməsində bu iş üzrə məhkəmə istintaqı bitib və prokuror təqsirləndirilən 5 nəfərə ümumilikdə 63 il həbs cəzası istəyib.
Prokurorun çıxışından əvvəl məhkəmə prosesinə sədrlik edən hakim Eldar İsmayılov Səbail Rayon Polis İdarəsinə göndərilən sorğuya idarənin rəisi Əli İbrahimovun verdiyi cavabı elan edib.
Sorğu ötən məhkəmə iclasında zərərçəkmiş tərəfin nümayəndəsi Fariz Namazlının vəsatəti əsasında göndərilmişdi.
Vəkil bildirmişdi ki, Rasim Əliyev döyüləndən sonra xəstəxanada olarkən Səbail rayonu, 8-ci polis bölməsinin əməkdaşları ondan izahat alıb, amma həmin izahat iş materialları arasında yoxdur.
Cavab məktubunda polis rəisi yazır ki, baş təhqiqatçı Pərviz Cəfərov xəstəxanaya getsə də, Rasim Əliyevin vəziyyəti ağırlaşdığından ondan izahat almaq mümkün olmayıb.
“ADAM ƏRİZƏ YAZA BİLİBSƏ”
Hakim eyni zamanda, Rasim Əliyevin xəstəxanada 8-ci polis bölməsinin rəisi Vüsal Qaraşova yazdığı ərizəni elan edib.
Həmin ərizədə o yazıb ki, müstəqil jurnalist kimi fəaliyyət göstərir. "Facebook"da futbolçu Cavid Hüseynov haqda status paylaşıb, bundan sonra bir nəfər zəng edərək onun ünvanına nalayiq ifadələr işlədib.
Ardınca futbolçunun özü də onunla əlaqə saxlayıb və hərəkətinin doğru anlaşılmadığını izah edib.
Cavid Hüseynovla anlaşıblar, ardınca "facebook"da əvvəlki statusunda qeyd olunanlarla əlaqədar təkzib yazıb.
Bundan bir müddət sonra əvvəl zəng edən şəxs yenidən əlaqə saxlayıb və onu görüşüb söhbətləşməyə çağırıb. Görüş zamanı isə bir qrup şəxs tərəfindən döyülüb, yıxılarkən pulqabısı, telefonu yerə düşüb və götürülüb. Rasim Əliyev ərizənin sonunda həmin şəxslər barəsində tədbir görülməsini xahiş edib.
Təqsirləndirilən şəxslərin vəkilləri Rasim Əliyevin vəziyyətinin ağır olmasına görə izahat yazmaması barədə cavabla razılaşmayıb və bu barədə deyilənlərin həqiqətə uyğun olmadığını bildiriblər.
Vəkillərin sözlərinə görə, əgər adam ərizə yaza bilibsə, müsahibə veribsə, deməli, izahat vermək iqtidarında da olub, amma nədənsə, o izahat ortada yoxdur.
İSTİNTAQIN YEKUNLAŞMASINA ETİRAZ OLSA DA...
Daha sonra Rasim Əliyev döyülərkən hadisə yerindəki təhlükəsizlik kamerasının lentə aldığı görüntülər və mərhum jurnalistin xəstəxanada verdiyi video-müsahibə məhkəmədə nümayiş etdirilib.
Ardınca hakim Eldar İsmayılov məhkəmə istintaqının tamamlanmasını təklif edib. Vəkillərin bir qismi, eləcə də təqsirləndirilən şəxslər məhkəmə istintaqının yekunlaşmasına etiraz etsələr də, hakimlər istintaqın tamamlanması barədə qərar qəbul edib.
Daha sonra prokuror çıxış edib.
O bildirib ki, təqsirləndirilən şəxslərə qarşı ittihamlar məhkəmə istintaqı zamanı tam sübuta yetirilib. Prokurorun sözlərinə görə, bu iş üzrə ibtidai istintaq zamanı həkimlərlə bağlı cinayət təqibinə xitam verilməsi haqda qərar qəbul olunub. Həmin qərardan da nə məhkəməyə, nə də Baş Prokurorluğa şikayət verilib. Dövlət ittihamçısı çıxışının sonunda təqsirləndirilən şəxslərdən Elşən İsmayılov və Arif Əliyevin hər birinin 14 il, Camal Məmmədovun 12 il, Samir Mustafayev və Kənan Mədətovun 11 il 6 ay azadlıqdan məhrum edilməsini istəyib.
Məhkəmə prosesi martın 1-də vəkillərin çıxışı ilə davam edəcək.
____________________________________________________________
Bunlara da bax:
_____________________________________________________________
“GÖRÜNÜR, TAPŞIRIQ BELƏ OLUB”
Zərərçəkmişin nümayəndəsi Fariz Namazlı AzadlıqRadiosuna açıqlamasında məhkəmə istintaqının tamamlanmasını belə şərh edib:
"Biz həkimlərin məsuliyyətə cəlb olunmasını istəyirdik. Məhkəmə istintaqı başlanandan bu günə qədər də bu tələblə çıxış edirdik. Təəssüf ki, həkimlər məsuliyyətə cəlb olunmadı. Görünür, tapşırıq belə olub ki, yalnız Rasim Əliyevi döyən şəxslər cəzalandırılsın. Həkimlər və Cavid Hüseynovla bağlı verdiyimiz şikayətlər isə nəticəsiz qaldı".
İbtidai istintaq zamanı həkimlərlə bağlı qəbul olunmuş qərardan şikayət verilməməsi barədə dövlət ittihamçısının dediklərinə gəlincə, Fariz Namazlı onunla razılaşmır:
"İstintaq zamanı müstəntiq tərəfindən sübutların qiymətləndirilməsinə dair qərar qəbul edilir. Həmin qərar məhkəmə nəzarətinin predmeti deyil. Bu baxımdan, dövlət ittihamçısının o qərardan şikayət olunmaması barədə dedikləri qanunvericiliyə də uyğun deyil. Baxmayaraq ki, məhkəmə verilən ittiham çərçivəsində işə baxır, amma prosesin gedişində başqa şəxslərin əməlində cinayət tərkibinin olması nəticəsinə gələrsə, bu barədə prokurorluğa məlumat göndərə bilərdi. Amma təəssüf ki, bu addımı atmaq məhkəmənin marağında olmadı. Üstəlik, biz şikayətlər vermişik, hətta məhkəmənin hazırlıq iclasında da vəsatət qaldırmışdıq ki, həkimlər məsuliyyətdən kənarda saxlanıldığı üçün iş ibtidai istintaqa qaytarılmalıdır. Amma məhkəmə həmin vəsatəti də təmin etmədi".
“3 TƏPİYƏ 63 İL İŞ OLAR?”
Təqsirləndirilən şəxslərdən Kənan Mədətovun anası İlhamə Mədətova AzadlıqRadiosuna prokurorun çıxışının ədalətsiz və çox sərt olduğunu bildirib. Onun sözlərinə görə, bu iş üzrə ibtidai istintaq qeyri-obyektiv, qərəzli keçirilmişdi, məhkəmə də eyni yanaşmanı davam etdirdi:
"Məhkəmədə sanki prokurordan başqa heç kim yoxdur, ancaq onun dediyi eşidilir. Həkimləri məsuliyyətdən kənarda saxlayıb, onların əməllərini ört-basdır edib, bu uşaqlara belə ağır cəza verməklə ədalət görüntüsü yaratmağa cəhd göstərilir. İşin içində ekspertin rəyi var ki, mənim övladım, ümumiyyətlə, Rasim Əliyevə toxunmayıb. Ona durub 11 il 6 ay cəza istəməyin adı, ən yumşaq şəkildə, ədalətsizlikdir. Mən uşağıma bəraət istəmirəm, onun elədiyi hərəkətə uyğun cəzalandırılmasının tərəfdarıyam. Bu uşaqlara üst-üstə 63 il iş istənildi, üç təpiyə 63 il iş olar? Başa düşürəm, insan dünyasını dəyişib, amma bunlar onu qəsdən öldürməyiblər axı... Bunlar da gəncdilər, valideynləri var. İnsan hər bir addımı atanda başının üstündə Allahı görər".
Rasim Əliyev “facebook”da futbolçu Cavid Hüseynov barədə şərh yazandan sonra, 2015-ci il avqustun 8-də bir qrup şəxs tərəfindən döyülüb. Avqustun 9-da səhərə yaxın xəstəxanada vəfat edib. Bununla əlaqədar altı nəfər həbs olunub. 5 nəfər CM-nin 126.3-cü (qəsdən sağlamlığa ağır xəsarət yetirmə ölümə səbəb olduqda) maddəsi ilə ittiham olunur. Cavid Hüseynov isə yalnız CM-nin 307.1 (ağır cinayətin hazırlanması və ya törədilməsini bilib xəbər verməmə) və 307.2-ci (qabaqcadan vəd etmədən ağır cinayəti gizlətmə) maddələri ilə təqsirləndirilir. Cavid Hüseynovun işi üzrə icraat ayrılıb və hazırda onun da məhkəməsi davam edir.
Sizin brauzer HTML5-i dəstəkləmir