Sovet hökuməti dağılandan sonra Azərbaycanın bölgələrində də zavodların tüstüsü kəsildi, fabriklərin dəzgahı dayandı. Dolanışıq dalınca adamların bir hissəsi üz tutdu Rusiyaya, bir hissəsi isə Bakıya.
Son 13 ildə regionlarda nə baş verib?
Hökumətin son 13 ildə qəbul etdiyi regionların inkişafı proqramının da məqsədi o idi ki, bölgələr inkişaf eləsin, camaat qayıtsın evinə, paytaxtın da yükü azalsın.
Buna da bax: Ekspert: 'İqtisadi siyasət iflasa uğrayıb'
Regionların əvvəlki iki sosial iqtisadi inkişaf proqramları 2004-2008, 2009-2013 illəri əhatə edib. 2014-cü ildə qəbul olunan proqram isə 2018-ci ilə qədər qüvvədədir.
Hakimiyyəti adətən tənqid edən iqtisadçılar deyirlər ki, bu proqramlar uğurlu olmadı.
Reqionlar proqramları uğurlu olmadı
İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin sədr müavini Rövşən Ağayev öz Facebook səhifəsində yazır ki, iqtisadiyyatda yaranan Ümumi Daxili Məhsulun təqribən 80 faizi hələ də Bakı, Sumqayıt və Abşeronun payına düşür.
Buna da bax: Azərbaycanı tərk edənlər niyə artır? (VİDEO)
“Abşeron yarımadası üzrə ÜDM-nin adambaşına məbləği 21 000 manatı ötür, yerdə qalan bölgələr üzrə orta göstərici 2 000 manata çatmır. 2015-ci ildə Bakıdan kənarda toplanan bütün vergilərin həcmi 828 mln. manat olmuşdu - bütün büdcənin 5 faizindən də az.
2017-də isə regionlarda toplanacaq vergilərin onsuz da kiçik olan məbləğinin daha da azalacağı gözlənir. Hökumət ölkənin regionları üzrə cəmi 620 milyon manat vergi toplayacağını proqnozlaşdırır. Bu illik büdcənin 3 faizindən bir az çoxdur. Bölgələrin heç ixracda da payı 3%-ə çatmır”.
Bakı sakinlərindən soruşmuşuq ki, paytaxtda işləyib-yaşamaq asandır, ya rayonda.
Sizin brauzer HTML5-i dəstəkləmir
Prezident: "Bölgələrdə qazlaşdırma artıb..."
Prezident Əliyev isə nikbindir. Axırıncı dövlət proqramıyla bağlı yanvarın 30-da çıxışında deyib ki, proqramın tətbiqindən əvvəl Azərbaycanda qazlaşdırma 51 faiz səviyyəsində idi. Bölgələrdə isə, demək olar ki, təbii qaz yox idi. Bu gün Azərbaycanda qazlaşdırmanın səviyyəsi 92 faizə qalxıb.
Buna da bax: Doğrudanmı İlham Əliyev deyən kimi 'dünyada böhran var'? [video]
İlham Əliyev deyib ki, 2004-cü ildən bu günə qədər təxminən 11 min kilometr avtomobil yolu salınıb. Onun sözlərinə görə, 2004-cü ildən bəri sahibkarlara 2 milyard manata qədər güzəştli kredit verilib.
"Vizual olaraq kəmiyyət dəyişikliyi baş verib"
ReAl Hərəkatının icra katibi, iqtisadçı Natiq Cəfərli deyir ki, regionalda infrastruktur layihələri doğrudan da həyata keçirilib, körpülər, yollar, məktəblər, xəstəxanalar və s. tikilib və bu layihələrə milyardlar xərclənib:
“Vizual olaraq kəmiyyət dəyişikliyi baş verdi və bu xərclənən milyardların bəzi vizual elementləri var. Amma regionların məğzi, fəlsəfəsi yerinə yetirilmədi. Bu proqramların mahiyyəti bu idi ki, adamların Bakıya gəlməsinin qarşısı alınsın, rayonların büdcənin formalaşmasında, əsasən də ixracatda payı artsın. Amma təəssüf ki, bu məqsədlərin heç birinə nail olunmadı”.
Buna da bax: İ.Əliyev: 'Azərbaycana kredit almaq problem deyil'
Natiq Cəfərli əlavə edir ki, regionların inkişafı üçün azad məhkəmə və azad iqtisadi mühit yaradılmalıdır, korrupsiya və inhisar aradan qaldırılmalıdır.
Azərbaycan beynəlxalq hesabatlarda da azad məhkəmə ilə bağlı problemlərin olmasına görə tənqid olunur.
Beynəlxalq Şəffaflıq Təşkilatının son hesabatında deyilir ki, Azərbaycan korrupsiyanın durumuna görə 178 ölkə arasında aşağıdan 55-ci yerdədir.