Hərbi münaqişə qurbanlarının kütləvi dəfni sürətləndirilir

Rusiyadan olduqları bildirilən hərbçilərin Krımda hava bazasını tutması, 2014-cü il

Qaydalar gələn il fevralın 1-dən qüvvəyə minəcək

Rusiya hakimiyyəti hərbi münaqişələrdə, yaxud qeyri-döyüş fövqəladə vəziyyətində ölən insan və heyvanların sürətli kütləvi basdırılmasına dair yeni qaydalar dərc edib. Bu, Rusiyanın Ukraynanın işğalına hazırlaşması ehtimalıyla bağlı gərginliyi daha da artırır.

Birləşmiş Ştatlar, Avropa ittifaqı və Ukrayna Rusiyanın Ukrayna ilə sərhəd yaxınlığına onminlərlə əsgər yığmasından narahatdır, bunu mümkün hərbi hücuma hazırlıq kimi yozur.

Rusiya isə Ukraynanı işğal etmək planının olmadığını deyərək, bir sıra tələblər, o cümlədən təhlükəsizlik məsələlərinin həllindən ötrü Birləşmiş Ştatlarla birbaşa dialoq tələb edir. Moskva Ukraynanın nə vaxtsa NATO-ya üzv olmayacağına təminat istəyir.

Buna da bax: ABŞ və Rusiya Moskvanın tələblərini yanvarda müzakirə edəcəklər

Qaydalar

Dekabrın 20-də Fövqəladə Hallar Nazirliyinin vebsaytında dərc olunmuş sənədə görə, sürətli kütləvi basdırılma “hərbi münaqişələr, yaxud belə münaqişələrin nəticəsində, gərəkərsə, dinc vaxtda fövqəladə şəraitdə öldürülənlərə” aiddir. Qaydalar gələn il fevralın 1-dən qüvvəyə minəcək.

Kütləvi məzarlıqların su təchizatı və kanalizasiya sistemləri, təbii mineral su ehtiyatları, su səviyyəsi yerin səthindən iki metrədək yüksəklikdə yerləşən çaylar və göllərin yaxınlığında salınmasına icazə verilmir.

Sənədə görə, kütləvi dəfnlərə hazırlığa və həyata keçirilməsinə regional hakim orqanlar məsuliyyət daşıyacaq.

Buna da bax: Poroşenko vətənə xəyanətdə şübhəli bilinir

Münaqişə

Ukraynanın şərqi Donetsk və Luqansk regionlarında rusiyapərəst separatçılarla hökumət qüvvələrinin münaqişəsi 1.5 milyon nəfəri evindən didərgin salıb, 13 min 200-dən çox insan həlak olub.

Donbas adıyla tanınan bu ərazi 2014-cü ilin aprelindən separatçıların nəzarətindədir.

Buna da bax: 'Az sayda ölkə Rusiya ordusunun hücumunu dayandıra bilər'

Münaqişə Rusiyanın 2014-ci ilin fevral-martında Ukraynanın Krım yarımadasını ilhaq etməsindən sonra başlanıb.

Rusiyanın separatçılara hərbi, iqtisadi və siyasi dəstək verməsinə böyük dəlillərin olmasına baxmayaraq, Moskva Ukraynanın daxil işlərinə qarışmadığını bildirir.