Su bahalaşdı - Tarif Şurası

-

Tarif Şurası su pulunu qaldırıb. Qərar şuranın mayın 13-də keçirilən toplantısında verilib.

Şuranın saytı xəbər verir ki, toplantıda su təchizatı və tullantı sularının axıdılması, dərman vasitələrinin ekspertizası xidmətlərinin tariflərinə baxılıb.

“Azərsu”nun müraciətinə baxan şura 1 kubmetr su təchizatının tarifinə dəyişikliklər edib.

Mayın 16-dan əhali üzrə 1 kubmetr su təchizatının tarifi Bakı, Sumqayıt, Xırdalan şəhərləri və Abşeron rayonunda 35, digər inzibati ərazi vahidləri üzrə 30 qəpik müəyyən edilib.

Tullantı sularının axıdılması xidmətlərinin tarifləri əhaliyə hər kubmetr üçün 15 qəpik müəyyən edilib.

1 kubmetr su təchizatının tarifi qeyri-əhali üzrə əvvəlki səviyyədə saxlanıb. Yəni hər kubmetrə görə 1 manat səviyyəsində .

Sudan xammal kimi istifadə edənlər təyinatından asılı olmayaraq hər kubmetrə 8 manat ödəyəcəklər.

Tullantı sularının axıdılması xidmətlərinin tarifləri qeyri-əhalidən ötrü hər kubmetrə görə, 1 manat səviyyəsində təsdiqlənib.

İndiyədək əhaliyə suyun hər kubmetrinin tarifi Bakı, Sumqayıt, Xırdalan şəhərləri və Abşeron rayonunda 30, digər inzibati ərazi vahidləri üzrə isə 25 qəpik idi.

Tarif Şurası suyun hər kubmetrini 5 qəpik artırıb.

Tullantı sularının axıdılması xidmətlərinin tarifləri isə əhaliyə 6 qəpik idi. İndi isə 15 qəpik olub.

Buna da bax: Əliyev ailəsinin Londondakı şəxsi mülkləri - [görüntülər]