Payenda Məhəmməd İbrahimxel böyük oğlunun təyyarədən yıxılıb öldüyü günü heç vaxt unutmayacaq.
Hadisə Kabilin 5 milyondan çox sakini üçün gərgin bir gündə – 2021-ci il avqustun 16-da baş verib. Bir gün öncə Taliban şəhəri ələ keçirmişdi.
Buna da bax: Talibanın hakimiyyətdə bir ili: hansı fraksiya söz sahibidir“Oğlunuz təyyarədən yıxılıb”
Taliban şəhəri tutanda zorakılığın baş verməməsi bəzi sakinləri evdən çıxmağa ürəkləndirmişdi. İbrahimxelin oğlu, gənc diş həkimi Fida Məhəmməd Əmir gəmin gün səhər yeməyindən sonra özəl klinikadakı işinə getmişdi.
Ancaq səhər 10-da həyat yoldaşına zəng etməyəndə ailə şübhəyə düşür. Adətən həmin saatda evə zəng edərək sağ-salamat klinikaya çatdığını deyirdi.
İbrahimxelə günortadan sonra tanımadığı bir adamdan zəng gəlir. Ondan soruşurlar ki, Əmir onun oğludurmu.
“Oğlunuz təyyarədən yıxılıb”, – naməlum şəxs deyir və oğlunun meyitini götürmək üçün Kabildə gedəcəyi yeri söyləyir.
Buna da bax: Əl-Zəvahiri eyvana çıxanda dronla vurulub13 min dollar borc
O, 26 yaşlı oğluna böyük ümidlər bəsləyirdi, onun təhsilinə, toyuna əlindəki sərmayəni qoymuşdu. Ata danışır ki, Əmir heç Əfqanıstanı tərk etməkdən danışmazdı, ancaq bir il öncə toyuna görə borc alınmış 13 min dollar ağlından çıxmırdı.
İbrahimxel deyir ki, ABŞ hərbi pilotunun, yerdəki dispetçerin oğlunun və daha iki nəfərin həyatını xilas etmək üçün daha çox çalışmaması onu daim düşündürür. Onların üçü də C-17 Globemaster hərbi nəqliyyat təyyarəsindən yıxılaraq ölüblər. Vaşinqton və müttəfiqləri Kabildəki hökumət avqustun 15-də çökəndən sonrakı iki qarışıq həftə ərzində 100 mindən çox əfqanı məhz bu nəhəng təyyarə ilə evakuasiya etmişdi.
“Niyə hamının sağ qalması üçün təyyarənin havaya qalxmasını dayandırmadılar? Onda beynəlxalq qüvvələr Kabil aeroportuna, Taliban döyüşçüləri isə onun ətrafına nəzarət edirdi”, – ata AzadlıqRadiosunun əfqan xidmətinə – Radio Azadi-yə deyir.
Ölkədən qaçmağın səbəbləri
Əmirin anası Şacan oğlunun faciəvi ölümünün həyatlarını darmadağın etdiyini söyləyir. Onun sözlərinə görə, Əmir iki il qabaq diş həkimi işləməyə başlayandan evin yeganə çörək qazananı idi.
Evin böyük oğlu kimi o, həyat yoldaşı, dörd kiçik qardaşını, beş bacısını klinikadan qazandığı cüzi gəlirlə dolandırırdı.
“Görürdü ki, borcun içində batmışıq, maliyyə durumumuz getdikcə pisləşir”, – deyən ana oğlunun hərbi təyyarəyə dırmaşaraq Əfqanıstanı tərk etmək cəhdini yozmağa çalışır.
“Çünki Əfqanıstan başqa bir faciəylə üzləşmişdi. Daha bir məhrumiyyət gəlirdi. Yoxsa niyə bir həkim ölkədən belə ümidsizcəsinə çıxmağa çalışsın ki”, – o söyləyir.
Sizin brauzer HTML5-i dəstəkləmir
Taliban hakimiyyəti ələ keçirəndən sonra sıravi əfqanların iqtisadi vəziyyəti daha da pisləşib, ölkə humanitar böhranla üzləşib.
Avqustun 16-da Əmirlə birlikdə gənc Safiulla Hotak da aeroport yaxınlığındakı bir evin beton damına yıxılaraq ölüb. Əfqanıstanın gənc milli futbol komandasının üzvü, 17 yaşlı Zəki Ənvəri isə təyyarənin təkərinə dırmaşıbmış. Onun qalıqları təyyarə bir neçə saatdan sonra Qətərdə eniş edəndən sonra təkərlərin arasından tapılıb.
Buna da bax: ‘Görünməz’ əfqan qadınların etirazıABŞ-ın mövqeyi
Bu faciəvi ölümlərdən sonra ABŞ Kabildə hava nəqliyyatı dispetçerlərinə və C-17-nin heyətinə psixoloji yardım göstərib.
ABŞ Hava Qüvvələrinin sözçüsü Anna Stefanek faciəvi xəbər dünyaya yayılandan sonra demişdi ki, C-17 təyyarəsi ətrafındakı təhlükəsizlik vəziyyətinin sürətlə pisləşdiyini nəzərə alaraq aeroportdan mümkün qədər tez qalxmağa qərar verib.
Onun sözlərinə görə, yüklə dolu təyyarə onu boşalda bilməyib, yüzlərlə əfqanın mühasirəsinə düşdüyündən havaya qalxmağı qərara alıb.
Həmin xaotik günlərdə ölü sayı bununla bitmir.
Avqustun 26-da intiharçı 13-ü ABŞ əsgəri olmaqla 173 nəfərin həyatına son qoyur. Hücuma görə ultra-radikal İslam Dövləti-Xorasan (İD-X) qruplaşması məsuliyyəti götürür. ABŞ təhqiqatı hücuma görə tək bir intiharçının məsuliyyət daşıdığını müəyyənləşdirir.
Buna da bax: 183 milyon nəfərə yardım üçün 41 milyard dollar lazımdırKompensasiya verilməyib
Əmirin ailəsi o yeddi yaşında ikən Kabilə köçüb ki, daha yaxşı təhsil alsın. Şacan deyir, nə Taliban, nə də ABŞ hökuməti onlara kompensasiya verib.
“Media orqanları bizdən yazmağa gələndə isə elə bil yaramıza duz səpirlər”, – ana danışır.
İbrahimxel isə heç kəsin onlardan üzr istəmədiyini, yaxud dərdlərini yüngülləşdirməyə cəhd etmədiyini deyir.
Ata oğlunun gələcəklə bağlı böyük arzuları olduğunu, diş müalicəsi üçün təhsilini davam etdirmək istədiyini söyləyir: “İşıqlı gənc idi, həyatda irəli getmək istəyirdi”.