►“Türkiyə bizə qardaş, dost ölkədir, Rusiya yaxın qonşumuzdur”.
“Mən kimin – Türkiyənin, ya Rusiyanın üzr istəməli olub-olmadığına münsiflik edə bilmərəm. Amma mən təəssüf edirəm ki, belə bir vəziyyət yarandı”.
Deputat, “Azərbaycan” qəzetinin baş redaktoru Bəxtiyar Sadıqov həmkarları Rəşad Məcidlə Aqil Abbasın “Türkiyə Rusiyadan üzr istəməlidir” fikrinə belə münasibət bildirdi.
O, AzadlıqRadiosuna müsahibəsində Türkiyənin Rusiya təyyarəsini vurmasından sonra iki ölkə arasında yaşananlarla bağlı fikirlərini də bölüşüb:
- Türkiyə bizə qardaş, dost ölkədir, Rusiya yaxın qonşumuzdur. Türkiyə dəfələrlə hava məkanının pozulması ilə bağlı xəbərdarlıq edib. Türkiyənin başqa çıxış yolu qalmadı. Türkiyə öz imicini, sərhədini qorumalıydı. Dəfələrlə xəbərdarlıq etdi və bunun adi söz olmadığını sübut etdi. Ancaq təəssüf edirəm ki, Rusiya da buna belə reaksiya verdi. Bununla da Türkiyəyə dost olmayan, Rusiyaya yaxşı münasibət bəsləməyən ölkələrin bunları bir-birinin canına salması, qarşıdurma yaratması üçün bir fürsət yarandı. Mən buna ancaq təəssüf edirəm. Ümumən, istərdim ki, bu məsələdə, müdriklik, ağıl üstün gəlsin. Qarşılıqlı anlaşma olsun və hər bir suveren dövlət bir-birinə, ərazi bütövlüyünə hörmət etsin, bu insident də kəskinləşməsin, dərinləşməsin. Çünki bu cür xoşagəlməz hadisə Azərbaycan üçün də problemli nəticələr verir. Mənim mövqeyim budur.
Buna da bax: Prokurorluq MTN işi ilə bağlı açıqlama verdi
- Bunun Azərbaycan üçün hansı mənfi təsiri ola bilər? Ehtiyat edənlər var ki, iki ölkə arasındakı gərginlik Dağlıq Qarabağ münaqişəsinin həllinə də mənfi təsir göstərə bilər. Bunu nəzərdə tutursunuz?
- Bəyəm Dağlıq Qarabağ münaqişəsini həll etmək istəyən var ki, ona mənfi, ya müsbət təsiri ola? Sadəcə, deyirəm ki, iki ölkə arasında yaranan bu münasibət mənə xoş gəlmir, dövlətimizə xoş gəlmir. Dövlətimiz üçün hər halda arzuolunan məqam deyil. Mən belə hesab edirəm.
- Adətən deyirlər ki, Türkiyə ilə Azərbaycan iki dövlət, bir millətdir. Bundan çıxış edərək Azərbaycanın sözügedən insidentə hər hansı formada münasibət bildirməsini gözləyənlər nə dərəcədə haqlıdırlar? Bakı buna reaksiya verməli idimi?
- Onların dünya praktikasından, dünya diplomatiyasından xəbərləri yoxdur. Burda Azərbaycanlıq nə mövqe, nə məsələ var? Azərbaycan neyləməlidir? Ortada sülh yaratmaq üçün Azərbaycandan bir istək olsa və Azərbaycan bilsə ki, bu işi nizama qoymaq ondan asılıdır, bu işə qarışar. Ancaq başqa cür Azərbaycanlıq bir iş yoxdur. Biz, sadəcə, arzulaya bilərik ki, bu məsələ dinc yolla, qarşılıqlı anlaşma yolu ilə həll olunsun.
Buna da bax: Bəylərin bığ bağı necə olurmuş?- [Fotolar]
- Yəni hesab edirsiz ki, Bakı reaksiya verməməkdə düz mövqe seçib?
- Tamamilə. Belə də olmalıdır.
- Sizcə, iki ölkə arasındakı gərginlik daha da dərinləşəcək, ya bir ortaq məxrəc tapacaqlar?
- Mən nə politoloqam, nə siyasətşünasam. Mən də jurnalistəm sizin kimi.
- Amma bir fərqimiz var, siz həm də deputatsınız.
- Deputatın çantasına siyasi bilgilər qoyurlar? Yox. Mən ancaq bildiyim işdən danışıram. Proqnoz mənlik deyil və məni üzrlü bilin...