Türkmənistan məhbus və miqrant ailələrini güzəştli ərzaq almaqdan məhrum edir. AzadAvropa/AzadlıqRadiosu hökumətin bu addımının milyonlarla türkməni yoxsulluq və ərzaq qıtlığı dövründə subsidiyalı ərzaqdan məhrum edəcəyini yazır.
Məsələdən agah mənbələrin radionun Türkmənistan xidmətinə dediyinə görə, yeni qayda gələn həftədən qüvvəyə minəcək.
Ölkə vətəndaşlarının güzəştli ərzaq satılan dövlət mağazalarına çıxışı getdikcə daha çox məhdudlaşdırılır. Burada ərzaq özəl mağazalardan 10 dəfə ucuz satılır.
Buna da bax: Azərbaycan və İran prezidentləri görüşüblər, Bakı-Aşqabad-Tehran qaz müqaviləsi imzalayıbTəkliflər
Xaricdə 1 milyon civarında türkmən miqrantın işlədiyi deyilir. Onların çoxu Türkiyədə çalışırlar.
2021-ci ilin əvvəlində ölkədə məhbus sayının 35 minə yaxın olduğu bildirilirdi.
Aşqabad gözlənən dəyişikliklər və onların mümkün səbəbləri haqda rəsmi açıqlama verməyib. Mənbələr isə regional ticarət departamentlərinə bu plan haqda informasiya verildiyini deyirlər.
Lebap vilayətinin Farap rayonunda noyabrın 18-də keçirilən iclasda təlimat aparıcı rəsmilərə izah olunub. Rəsmilər onu da deyiblər ki, hökumət güzəştli ərzaqdan məhrum edilənlər siyahısına əhalinin əlavə kateqoriyalarının salınmasını nəzərdən keçirir.
Bir təklifə görə, güzəştli ərzağı yalnız xidmətdə olan əsgərlərin, müharibə veteranlarının, müdafiə sektorunda çalışanların ailələri almalıdırlar.
Məhdudiyyətlər
Radionun Türkmənistan xidməti Lebap və Aşqabadda hakim orqanlara müraciət etsə də, şərh ala bilməyib. Sərt nəzarət altında olan bu ölkənin rəsmiləri adətən, müstəqil mediaya danışmırlar.
Vilayətlərdə dövlət mağazalarından ərzaq alışına artıq məhdudiyyətlər qoyulub. Məsələn, Meri vilayətində yeddi nəfərlik bir ailəyə ayda maksimum iki litr pambıq yağı, iki litr günəbaxan yağı, iki kiloqram şəkər almağa icazə verdi. Amma martda bu miqdar yarıya salınıb.
Dövlət mağazalarında ən çox satılan mallar isə çörək, un, düyü, yağ, şəkər, yumurta və toyuq bududur.
Ölkə illərdir iqtisadi çətinliklər içində olduğundan bu mağazalara da yetərincə mal göndərilmir.
Buna da bax: Türkmənistanda əhalinin güzəştli ərzaq payını azaltdılarKart sistemi
Hətta vəziyyətin nisbətən yaxşı olduğu Aşqabadda belə bir çox hökumət mağazaları bu ildən xüsusi kart sistemi tətbiq ediblər. Məsələn, bir günə bir müştəriyə üçdən artıq çörək satılmır.
Vilayətlərdə ərzağın miqdarı bir evdə qeydiyyatda olanların sayından asılıdır.
Fevralda dövlət mağazaları şəkər, yağ və toyuq budları daxil ərzağın qiymətini 50 faizədək qaldırıb.
Əhali isə qiymət artımı, yeni qaydalar, məhdudiyyətlər barədə adətən mağaza sahiblərindən xəbər tuturlar. Hakimiyyət heç vaxt qiymət artımını, ərzaq qıtlığını, digər dəyişiklikləri elan eləmir.
Üstəlik, hökumət mağazalarında ərzaq ala bilmək üçün uzun tələb siyahısı, əziyyətli sənəd işi də var. Məsələn, kommunal borcu olanlar avtomatik siyahıdan çıxarılır.