Türkmənistanda qərbi Balkan vilayətinin rəsmi orqanları qeyri-rəsmi komendant saatı tətbiq ediblər, sakinlərə axşam 9-dan sonra evdən çıxmağa icazə verilmir. Məmurlar bu addımı "sülh və asayişin qorunması" məqsədilə atıldığını bildirirlər.
AzadlıqRadiosunun türkmən xidməti polisin qadağanı bu ayın əvvəlində tətbiq etdiyini, yeni qaydaları pozan dövlət qulluqçularının işlərini itirə biləcəyini xəbər verir.
Bu Orta Asiya ölkəsində hökumət individual hüquq və azadlıqları kəskin məhdudlaşdırır.
Yerli hökumət tədbiri izah etməyib. Ancaq Türkmənbaşı sahil şəhərində bir polis əməkdaşı AzadlıqRadiosuna deyib ki, tədbirin məqsədi "sülh və asayişi qorumaq, əhalinin gecə rahat dincəlməsini təmin etməkdir".
Dövlət qulluqçularına göstəriş
Dövlət qulluqçularının dediyinə görə, onlara vilayət polisindən vərəqələr gəlib, axşamlar küçələrdə səbəbli və səbəbsiz gəzməmək tapşırılıb.
Anonimlik şərti ilə danışan başqa bir polis əməkdaşı isə komendant saatını son illər ölkədə, əsasən, gənc qadınların guya yoxa çıxmasına cavab tədbiri adlandırıb.
"Qızların gecə klublarına getdiyi, evə qayıtmadığı xeyli hallar var. Son iki ildə ölkədə gənc qızların yoxa çıxması ilə bağlı 54 iş açılmamış qalır", - o deyib.
Polis detallı danışmasa da, onu da deyib ki, iddia olunan yoxaçıxmalar Daxili İşlər Nazirliyinin və ölkə rəhbərliyinin narahatlığına səbəb olub.
Buna da bax: Türkmənistanda yeniyetmələr bakirəlik testindən keçirilirBu qadağalardan öncə isə Balkan vilayətində məktəbli qızların hamısının əxlaqını "dəyərləndirmək" və yeniyetmə hamiləlik hallarının qarşısını almaq üçün məcburi bakirəlik testindən keçmək göstərişi verilib.
Testdən keçə bilməyənlərin siyahısının polis və təhlükəsizlik xidmətləri ilə paylaşılacağı bildirilib.
Nəzarət gücləndirilir
AzadlıqRadiosunun Balkandakı müxbirlərinin məlumatına görə, qeyri-rəsmi gecə komendant saatı son həftələr polisin vilayətdə nəzarət tədbirlərini gücləndirməsi fonunda baş verir. Belə ki, küçədə sərxoş gəzənlər saxlanılır. Saxlananların bəziləri üç ayadək alkoqol və narkotikdən reabilitasiya mərkəzlərinə yerləşdiriləcək, - AzadlıqRadiosuna anonimlik şərti ilə danışan polis əməkdaşı deyib.
Dünyada ən repressiv ölkələrdən olan Türkmənistanda vətəndaşlar zorla reabilitasiya mərkəzləri yerləşdirilir, yaxud məcburi yoxlamalara məruz qalırlar. İmtina, yaxud tənqid edənlər həbslə üzləşə bilərlər.
Türkmənistanda müxalifət partiyası, yaxud müstəqil media yoxdur, ictimai etirazlar nadir hadisə sayılır, hökumətin bir çox tənqidçiləri ya həbsə atılıb, ya da ölkədən qaçmağa məcbur olub.
Mehri adlı yaşlı bir Türkmənbaşı sakini AzadlıqRadiosuna deyib ki, hökumət getdikcə sərtləşdirilən qadağaları yeni normaya çevirir: "Bunu tədricən edirlər, baxırlar ki, adamlar reaksiya verəcəkmi. Etiraz yoxsa, yeni qadağalar qoyurlar. Məhdudiyyətlərin miqyası onu deməyə əsas verir ki, hakimiyyət getdikcə xaldan daha çox qorxur".
Balkanda qeyri-rəsmi komendant saatı isə günlərin uzandığı bir vaxtda yerli sakinlər və turistlər üçün əngəllər yarada bilər.
Bu vilayət, xüsusilə Avaza kurort şəhəri ölkəiçi turizmin ən populyar məkanı sayılır. Şəhər restoranları, gecə klubları, konsert zalları ilə məşhurdur. Bundan başqa, bir çox sakinlər məscidlərə axşam ibadətinə də gedirlər.