"Qəflətən halım pisləşib, huşumu itirmişəm, yaxınlarım təcili yardıma zəng vurub, kaş ki, zəng vurmayaydılar, bizim həkimlər şəfa yox, dərd verəndilər".
Bakı sakini Nuriyyə Əhmədova danışır ki, bu il iyulun 15-də şadlıq evlərindən birində səhhətində problem yaranıb. Yaxınları təcili yardıma zəng vurub. Çağırışa gedən həkim briqadası ilə ailə arasında yaranan anlaşılmazlıq tanışının həbsi ilə nəticələnib:
Buna da bax: Pensiyaçı: 'Xəstəyəm və acam'
"Gecə saat 11 olardı, şadlıq evindən çıxanda halım pisləşdi, yıxıldım. Yaxınlarım təcili yardım çağırdı. Həkimlər iynə vurub, təzyiqimi ölçüb çıxıb getmək istəyəndə mənim hələ də ayılmadığımı görən ailəm xəstəxanaya götürülməyimi tələb edib. Həkimlərsə "biz üzərimizə düşəni etdik, təzyiqini də ölçdük, iynə də vurduq, gerisi bizlik deyil" deyib yola düzələndə mübahisə düşüb. Hətta təcili tibbi yardım maşınının sürücüsü də vəziyyətimin ağır olduğunu görüb xərəyi düşürüb gətirib ki, bu xəstəni mütləq aparmaq lazımdır. Ancaq həkimlər ona acıqlanıblar və xərəyi geri qaytarıblar. Ailə üzvlərimlə həkimlər arasında mübahisə qızışıb".
“SKAMYADAN YIXILMIŞAM, QALDIRIB TƏZƏDƏN UZANDIRIBLAR”
Nəticədə həkimlər xəstəni xəstəxanaya aparmağa razılaşıblar. Lakin xəstə bir də gözünü açıb ki, xəstəxanada yox, Xətai rayon polis idarəsinin 34-cü polis bölməsinin qarşısındadır:
"Məni xəstəxana adıyla maşına mindirib polisə aparıblar, bu da azmış kimi, polis binasının qarşısındakı skamyaya uzadaraq, çıxıb gediblər. Özümə gələndə gördüm ki, başımın üstündə polis işçiləri var, sən demə, skamyadan yıxılmışam, onlar qaldırıb təzədən uzandırıblar. Məndən yaxınlarımın əlaqə nömrəsini istəyirdilər. Onda bildim ki, mənimlə bərabər təcili tibbi yardım maşınına ailə üzvlərimi yox, restoranın tanımadığım bir işçisini mindirib gətiriblər. Mən polis bölməsinin qarşısında canımla əlləşdiyim vaxtda ailə üzvlərimiz xəstəxanalarda məni axtarıb".
Buna da bax: Çoxmərtəbəli bina qonşu evlərin divarına bitişdirilib
Nuriyyə Əhmədova deyir, həkimlər onun bacısı ilə də kobud davranıblar. Bacısının qolundan yapışıb kənara itələyəndə qol sümüyündə çatlar əmələ gəlib və bir müddət qolu gipsdə qalıb.
3 AYLIQ HƏBS
34-cü polis bölməsindən "Qaynar xətt"ə bildirilib ki, hadisələr iyulun 15-də Xətai rayonu, Əhmədli qəsəbəsi Telnov küçəsində baş verib. 7 saylı Təcili və Təxirəsalınmaz Tibbi Yadım Stansiyasının tibb briqadasının iki həkimi həmin ünvana xəstə çağırışına gedərkən xəstənin yaxınları tərəfindən xəsarət almaları barədə rəsmi müraciət ediblər. Bölmə şikayəti araşdırıb, tərəflərin izahatlarını aldıqdan sonra xəstənin tanışı Elvin İsmayılov barəsində cinayət işi başlayıb. Məhkəmə 3 aylıq həbs-qətimkan tədbiri seçib və o, 1 saylı istintaq təcridxanasına göndərilib.
Buna da bax: “Həyat yoldaşım bir ayağını itirdi bu yolda”
7 saylı Təcili və Təxirəsalınmaz Tibbi Yadım Stansiyasından "Qaynar xətt"ə bildirilib ki, polisə şikayətçi olan tibb işçiləri - həkim Aynurə Şamilzadə və feldşer Günay Həziyeva çağırışa gedərkən xəstəni içkinin təsirindən huşsuz vəziyyətdə görüblər. Onlar şokda olan xəstəni xəstəxanaya götürmək istəyəndə yaxınları mane olmağa çalışıb. Bu səbəbdən tərəflər arasında mübahisə düşüb və xəstənin yaxınları onlara xəsarət yetirib. Ağxalatlılar da çağırış yerindən birbaşa polisə yollanıblar.
Hadisədə kim günahkardır, kim doğru – gerçək yaxın gələcəkdə məhkəmədə ortaya çıxacaq.