Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi Mariya Zaxarova oktyabrın 25-də deyib ki, Qərb Rusiya ilə Ermənistanın münasibətlərini korlamaq istəyir.
O bildirib ki, Moskva Cənubi Qafqazda “cərəyan edən meyllərdən” narahatdır:
“Cənubi Qafqazda sürət kəsb edən həyəcanlı meyllər bizi narahat etməyə bilməz. Qərb açıq şəkildə ora Ukraynada işlədiyi qarşıdurma sxemlərini gətirməyə çalışır”.
Buna da bax: Putin Azərbaycan və Ermənistan liderlərini niyə dəvət edib?
Media nümayəndələrinin suallarına cavab verən Zaxarova Ermənistanın və Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması ətrafında gedən proseslərdən bəhs edib və bildirib ki, Moskva “qardaş Ermənistanın xaricdən hansı misli görünməmiş təzyiqlərə məruz qaldığını” görür:
“Ölkələrimiz və xalqlarımız arasında çoxəsrlik münasibətlərə ziyan vurmaq məqsədilə Rusiyanın regiondakı siyasətini gözdən salmaq üçün addımlar atılır”.
Zaxarova qeyd edib ki, “xarici qüvvələrin Moskva və Yerevanın arasını vurmaq cəhdləri iflasa uğrayacaq”.
Buna da bax: Avropa Parlamentindən Azərbaycana insan haqları, demokratiya şərti“Müharibəni məhz Rusiya dayandırıb”
Sözçü əlavə edib ki, Moskva Ermənistanla starteji müttəfiqliyini və çoxtərəfli əməkdaşlığını gücləndirmək niyyətindədir:
“Rusiya ilə Ermənistanın hərbi-siyasi və hərbi texniki xətlər üzrə dialoqu inkişaf etdirilir. Ticarət dövriyyəsi rekord templərlə artır. Nəqliyyat-logistika, infrastruktur, dağ-mədən, yüksək texnologiyalar sahələrində ciddi layihələr həyata keçirilir və hazırlanır. Onlarla Rusiya şirkəti bundan sonra da Ermənistan iqtisadiyyatına investisiyalar yatırmağa hazırdır”.
Sizin brauzer HTML5-i dəstəkləmir
AzadlıqRadiosunun Erməni xidməti Azatutyun diqqəti belə bir məqama çəkir ki, Zaxarova Yerevanı ən çox narahat edən məsələyə, Moskvanın hərbi dəstəyi məsələsinə toxunmayıb.
Bunun əvəzində Zaxarova Moskvanın Ermənistan qarşısında təhlükəsizlik öhdəliklərini yerinə yetirmədiyinə dair verilən “əsassız” bəyanatları pisləyib:
“Bununla əlaqədar xatırlatmaq istərdik ki, məhz bizim ölkəmiz 2020-ci ilin noyabrında müharibəni dayandırıb, regiona sülh və sabitlik gətirmiş sülhməramlılar göndərib və günü bu gün də Bakı və Yerevan arasında silahlı insidentlərin tənzimlənməsinə həlledici töhfə verir”.
Buna da bax: OPEC-in son qərarını dəstəkləyən də var, qarşı çıxan da
“Kənar qüvvələrin emissarları”
Zaxarovanın sözlərinə görə “kənar qüvvələr” Rusiya sülhməramlı kontingentinin Qarabağdan çıxarılmasına nail olmaq istəyir, bu isə Cənubi Qafqazda vəziyyətin sabitsizləşməsinə səbəb ola bilər:
“Nə regional spesifika, nə bu problemin həssaslığı nəzərə alınmır. Vaşinqton və Brüsselin həqiqi məqsədləri heç də kompromisli və balanslı həllərin işlənməsi yox, özünüpiar və Rusiyanı Cənubi Qafqazdan sıxışdırıb çıxarmaqdır”.
Mariya Zaxarova bunu da qeyd edib ki, son zamanlar Ermənistana Avropa İttifaqı, ATƏT, Fransa adı altında Qərb emissarlarının səfərləri artıb və onlar “regionun bütün əhalisinin maraqlarını nəzərə almayan tələm-tələsik qondarılmış təşəbbüslərlə gəlirlər”.
Buna da bax: Ermənistan KTMT-nin iclasını çağıracaqmı?Rusiya XİN-in nümayəndəsi deyib ki, Qərbin bu cəhdləri Rusiya, Azərbaycan və Ermənistan liderlərinin heç də sadə olmayan şəraitdə, 9 noyabr 2020-ci il razılşması əsasında əldə olunmuş balansı poza bilər.
Zaxarova deyib ki, Moskva Azərbaycan və Ermənistan arasında münasibətlərin kompleks normallaşdırılması naminə nəqliyyat kommunikasiyalarının blokdan çıxarılması, sərhədlərin delimitasiyası, sülh müqaviləsinin razılaşdırılması, humanitar problemlərin həlli, ictimai və ekspert dialoqlarının nizamlanması istiqamətində səylərini davam etdirir:
“Bununla belə sülhün əldə olunması üçün hər iki tərəfdən siyasi iradənin olması zəruridir”.
Sizin brauzer HTML5-i dəstəkləmir
Qarşıdan gələn görüşlər
Bugünlərdə Rusiya prezidenti Vladimir Putinin təşəbbüsü ilə Moskvada Azərbaycan və Ermənistan liderlərinin iştirakilə üçtərəfli görüşün keçiriləcəyi xəbər verilib.
Bu xəbəri Kremlin sözçüsü Dmitri Peskov da təsdiqləyib, lakin o bildirib ki, görüşün yeri və vaxtı barədə əlavə məlumat veriləcək.
Hazırda məlum olan yalnız budur ki, Azərbaycan və Ermənistanın delimitasiya üzrə komissiyalarının üçüncü iclası noyabrın birinci həftəsində Brüsseldə keçiriləcək.
Qərbin vasitəçiliyi ilə Azərbaycan prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan da noyabr ayında Brüsseldə görüşmək barədə razılığa gəliblər.
Həmin görüşün də keçiriləcəyi tarix hələlik məlum deyil.
Sizin brauzer HTML5-i dəstəkləmir
Xatırlatma
2020-ci ildə 44 günlük İkinci Qarabağ Müharibəsi nəticəsində Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib.
Azərbaycan, Ermənistan və Rusiya rəhbərliyinin imzaladığı birgə bəyanatla (10 noyabr) döyüşlər dayandırılandan sonra Laçın dəhlizində və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.
1988-ci ildə başlayan Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında döyüşlərə səbəb olub.
1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.