Keçid linkləri

2024, 07 Noyabr, Cümə axşamı, Bakı vaxtı 21:48

Stiven Mannın səfəri həftəsonuna qaldı


ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Stiven Mann
ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Stiven Mann
Amerikalı diplomatın səfərində məqsəd həmsədrlərin təkliflərinə münaqişə tərəflərinin münasibətini öyrənməkdir

ABŞ Dövlət Departamentinin Avrasiyada münaqişələr üzrə xüsusi nümayəndəsi, ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Stiven Mannın Bakıya aprelin 18-nə planlaşdırılan səfəri həftəsonu baş tutacaq. «Azadlıq» radiosunun qeyri-rəsmi mənbələrdən aldığı məlumatlarda onun artıq Bakıda olduğu bildirilsə də, Birləşmiş Ştatların Bakıdakı səfirliyi bu xəbəri təsdiqləmir. Səfirliyin Mətbuat Xidmətinin məlumatına görə, Stiven Mann həftəsonu Azərbaycana səfər edəcək.

Xarici İşlər naziri Elmar Məmmədyarov aprelin 8-də Vaşinqtonda keçirdiyi görüşlərdən sonra demişdi ki, Birləşmiş Ştatlar ona Dağlıq Qarabağ münaqişəsilə bağlı çox maraqlı təkliflər edib. Azərbaycan bu təkliflərə münasibətini aprelin 18-də amerikalı səfir Stiven Mannın Bakıya səfərində açıqlayacaq.


Stiven Manndan əvvəl ötən həftə Bakıda olan Minsk Qrupunun fransalı həmsədri Bernar Fasye isə demişdi ki, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üçün tərəflər çox çətin qərarlar qəbul etməlidir. Onun sözlərinə görə, heç bir sülh razılaşması istəkləri tam ödəmir və yeni təklif Azərbaycan və Ermənistanın istəklərinin 80 faizinin həyata keçirilməsinə şərait yaradır. Prezident İlham Əliyevsə ötən həftə şimal-qərb bölgəsinə səfəri zamanı bildirdi ki, danışıqlar prosesi yeni formatda keçirilir, bu isə Azərbaycanın maraqlarına cavab verir.


Amerikanın Azərbaycandakı səfiri Rino Harniş elə ötən həftə «Turan» İnformasiya Agentliyinə müsahibəsində bildirib ki, Vaşinqtonun təklifləri yeni deyil. Ancaq Rino Harniş ümidvar olduğunu bildirib ki, Azərbaycan və Ermənistan xalqları öz liderlərini münaqişənin nizamlanmasında dəstəkləyəcək.


Səfir Stiven Mann sonuncu dəfə Bakıya martın 14-də ABŞ Dövlət katibinin köməkçisi Daniel Fridlə birlikdə səfər edib. Ondan sonra Minsk Qrupunun rusiyalı həmsədri Yuri Merzlyakov Bakıya səfər edəcək. Daha sonra hər üç həmsədrin Moskvada görüşü və bölgəyə birgə səfəri nəzərdə tutulur.


XS
SM
MD
LG