Keçid linkləri

2024, 08 Noyabr, Cümə, Bakı vaxtı 07:46

Bloqqerlərin məhkəməsi təxirə salındı


Adnan Hacızadə və Emin Milli Foto: IRFS

Gənc bloqqerlər - Emin Milli və Adnan Hacızadənin oktyabrın 13-nə təyin olunmuş məhkəməsi təxirə salındı. Buna səbəb prosesdə iştirak etmək üçün xəbərdarlıq edilən «Lebanese» restoranının sahibəsi Şahzeynəb Rüstəmova və zərərçəkənlərin məhkəməyə gəlməməsi idi.

Bundan başqa, Səbail rayon 9-cu polis bölməsinin məsul köməkçisi, şahid kimi dindirilməli olan Sənan Məmmədov da məhkəmədə iştirak etmirdi.

Hakim isə bildirdi ki, Şahzeynəb Rüstəmova və zərərçəkənlərə bir daha rəsmi məlumat göndəriləcək ki, növbəti məhkəmə prosesinə gəlsinlər, çünki onların prosesdə iştirakı vacibdir.

VƏKİLLƏR ETİRAZLARINI BİLDİRDİLƏR

Bloqqerlərin vəkilləri prosesin uzanmasına etirazlarını bildirərək, hakimdən zərərçəkənlərin prosesə məcburi gətirilməsi barədə qərar çıxarmasını istədilər. Hakim isə zərərçəkənlər Babək Hüseynov və Vüsal Məmmədovun nümayəndələrinin də məhkəmədə olmadığını əsas gətirərək dedi ki, əgər onlar növbəti prosesə də qatılmasalar, həmin iclasda məcburi gətirilmə məsələsinə baxılacaq.

Prosesdən sonra Emin Milli və Adnan Hacızadəyə valideynlərilə görüşməyə icazə veridi. Təxminən 45 dəqiqəlik görüşdən sonra valideynlər AzadlıqRadiosuna dedilər ki, övladları saxlanma şəraitindən şikayətlənmirlər. Amma bloqqerlər məhkəmə prosesini «tamaşa» adlandırıblar.

«YUXARIDA HANSISA SSENARiST OTURUB YAZIR»

Valideynlər özləri isə hələ də onlara övladları ilə davamlı görüş verilməməsindən və prosesin uzadılmasından narazıdırlar. Adnan Hacızadənin atası Hikmət Hacızadə:

- Bir balaca davaya görə iki aydır məhkəmə gedir. Nəyə görə məhkəmə iki həftə sonraya təxirə salındı? Bu iki həftəyə nə olacaq? Yuxarıda hansısa ssenarist oturub yazır, hansısa səhifə xoşuna gəlmir, cırır təzədən yazır.

Emin Millinin valideynləri isə hətta oktyabrın 14-ü oğullarının ad günündə belə onunla görüşə icazə verilməməsindən şikayətçidirlər.

Emin Milli və Adnan Hacızadə iyulun 8-də «Lebanese» restoranında baş verən münaqişədən sonra həbs ediliblər. Onlar xuliqanlıqda və qəsdən sağlamlığa az ağır zərər vurmada ittiham olunurlar.

Gənc fəallar ittihamları qəbul etmirlər və həbslərinin sifarişli olduğunu deyirlər.

Prosesdə zərərçəkənlər kimi tanınan Babək Hüseynov və Vüsal Məmmədov isə ifadələrində deyiblər ki, iyulun 8-də «Lebanese» restoranında Emin Milli və Adnan Hacızadə, həmçinin onlarla bir masada oturanlar söyüş söyüblər. Onlar buna etiraz edəndə dava düşüb və həmin masada oturanlar Vüsal Məmmədovla Babək Hüseynova hücum ediblər.

Bloqqerlərin növbəti məhkəməsi oktyabrın 27-nə təyin olunub.
XS
SM
MD
LG