Keçid linkləri

2024, 08 Noyabr, Cümə, Bakı vaxtı 03:55

Azərbaycanın Gürcüstana sərmayə qoymaq perspektivləri


Azərbaycanın tikinti şirkətləri Tbilisidə də göydələnlər tikmək istəyir
Azərbaycanın tikinti şirkətləri Tbilisidə də göydələnlər tikmək istəyir

İndiyəcən Azərbaycanın Gürcüstana böyük həcmdə sərmayə yatırmaq istəyi ilə bağlı yalnız bir faktı xatırlamaq olar: Müxtəlif vaxtlarda Gürcüstanın Azərbaycana 16 milyon dollar borcu yaranıb. Son illər Azərbaycan bu borcu silmək əvəzinə Batumi və ya Poti limanlarından birinin özəlləşdirilməsində iştirak etməyə çalışırdı. Bu, Azərbaycana imkan verə bilərdi ki, neft məhsullarını Qara dəniz vasitəsilə Avropaya daha ucuz daşıya bilsin. Amma ötən il Tbilisidən bildirdilər ki, 16 milyon dollar o səviyyədə məbləğ deyil ki, onun əvəzinə Azərbaycana liman verilsin.


İndi isə dövlətə məxsus Azərbaycan Beynəlxalq Bankı və Dövlət Neft Şirkəti Gürcüstana sərmayə qoymaq niyyətlərini bildiriblər. Amma bu dəfə Gürcüstan təklifə müsbət yanaşdığını açıqlayıb. Özəl şirkətlər də bu ölkəyə maraq göstərirlər. Bu barədə indiyəcən iki ölkə sahibkarlarının qatıldığı bir sıra biznes-forumlarda iştirak etmiş Azərbaycan Sahibkarlar Konfederasiyasının sədri Ələkbər Məmmədov danışır: «Azərbaycanın tikinti sektoru çox inkişaf edib və yerli şirkətlər artıq ölkə hüdudlarından kənara çıxırlar. Bundan başqa, Azərbaycanın Qərb rayonlarından olan sahibkarlar Gürcüstana mebel ixrac etməyi sərfəli sayırlar və bu istiqamətdə işə başlayıblar».


Xaricdə sərmayə qoymaq Azərbaycana sərf edir


İqtisadi Tədqiqatlar Mərkəzinin sədri Qubad İbadoğlu isə deyir ki, Gürcüstan Azərbaycandan sərmayə cəlb etməkdə maraqlıdır, çünki iqtisadiyyatını böhrandan çıxarmaq istəyir. Bu eyni zamanda Azərbaycana da sərf edir, çünki ölkə daxilində inflyasiya yaranmasın deyə böyük neft gəlirlərini xaricdə saxlamağı və xərcləməyi üstün tutur. Qubad İbadoğlu deyir ki, Gürcüstanda sərmayə riskini artıran amillər var, məsələn, etnik münaqişələr, siyasi gərginlik və s. Amma ölkənin investisiya cəlbediciliyini artıran amillər də az deyil: «Gürcüstanda investisiya mühiti yaxşıdır. Ölkənin iqtisadi azadlıq reytinqi yüksəkdir. Son illər korrupsiyaya qarşı, kölgə iqtisadiyyatına qarşı ciddi mübarizə aparılır. «Forbs» jurnalının tərtib etdiyi investisiyaların yatırılması üçün cəlbedicilik reytinqində Gürcüstan hətta Azərbaycanı da xeyli qabaqlayır».


Gürcüstana sərmayə qoymaq nə üçün vacibdir?


«Qafqaz» Araşdırmalar Mərkəzinin rəhbəri Xaləddin İbrahimli isə deyir ki, Azərbaycanın Gürcüstan iqtisadiyyatına sərmayə qoyması, bu ölkəni iqtisadi cəhətdən özünə bağlaması çox vacibdir. Çünki Gürcüstan Azərbaycanla strateji müttəfiqdir, hər iki ölkə Şimali Atlantika məkanına inteqrasiya yolunu tutub. Gürcüstan həm də Azərbaycan üçün həm siyasi, həm də iqtisadi baxımdan Qərbə qapıdır. Bakı-Tbilisi-Ceyhan neft kəməri, Bakı-Tbilisi-Ərzrum qaz kəməri Gürcüstandan keçir. Xaləddin İbrahimlinin fikrincə, Azərbaycan Gürcüstana sərmayələr qoymaqla azərbaycanlı icmasının bu ölkədəki siyasi çəkisini də artıra bilər: «Borçalının çox münbit torpaqları var. Azərbaycan Gürcüstanla birgə həmin bölgələrə yatırımlar qoysa, bu həm o bölgənin iqtisadi çəkisini artırar, həm də həmin insanların dədə-baba torpaqlarında möhkəmlənməsinə zəmin yaradar».


Amma digər ekspert Qubad İbadoğlu onu da deyir ki, dövlət siyasi mülahizələri əsas götürüb bəzi layihələrə sərmayə yatıra bilər, məsələn, Ermənistandan yan keçən Qars-Axalkalaki-Bakı dəmiryolu layihəsi kimi. Amma o düşünür ki, özəl şirkətlərin Gürcüstana böyük həcmlərdə sərmayə yatırması o qədər də real deyil. Onun fikrincə, Gürcüstan bazarının ən böyük çatışmazlığı yerli bazarın məhdudluğu, əhalinin sayının azlığı və insanların dolanışıq səviyyəsinin aşağı olmasıdır.


Gürcüstanda turizm, nəqliyyat və tikinti sahələri daha cəlbedicidir


Gürcüstanın Baş naziri Zurab Noqaydeli Azərbaycan sahibkarlarını ölkəsinə sərmayə qoymağa çağırır. Gürcüstan İqtisadi İnkişaf Nazirliyinin rəsmisi Merab Lomidze isə deyir ki, hər iki tərəfdən bəzi iş adamları artıq birgə fəaliyyətə başlamaq üçün danışıqlar da aparıblar. O, ölkəsində sərmayə qoyulması üçün kifayət qədər yaxşı imkanlar olduğunu bildirir: «Bizdə elə bir sahə yoxdur ki, sərmayəçiləri məhz ora yönəldək. Çalışırıq ki, biznes azadlığı verək - sərmayə qoyulması lazım olan istənilən sahə sərbəst seçilsin. Bundan başqa, əvvəllər bizdə 24 vergi növü vardı, indi isə vergilərin sayı 7-yə endirilib. Turizm, sənaye və infrastruktura sərmayə qoyuluşlarına daha çox ehtiyac var».


Cənab Lomidze düşünür ki, azərbaycanlı iş adamları ilə turizm, nəqliyyat və tikinti sahələrində əməkdaşlıq daha realdır: «Biz bir azdan sanatoriyaların özəlləşdirilməsinə başlayacağıq. Bura Barjomidəki sanatoriyalar da daxildir. Azərbaycan sahibkarları bunda iştirak edə bilər. Əminəm ki, onlar nəqliyyat sahəsinə də maraq göstərə bilərlər. Tikinti ilə məşğul olanların özlərinə yaxşı tərəfdaşlar tapması mümkündür».


Dövlətin rolu bitib, növbə iş adamlarınındır


Merab Lomidze onu da qeyd edir ki, Gürcüstanda müəssisələrin əksəriyyəti özəlləşdirildiyi üçün çox güman ki, azərbaycanlı iş adamları özəl sektorda daha çox əməkdaşlıq edəcəklər.


Müstəqil iqtisadçı ekspert Rezo Sakaraşvilinin sözlərinə görəsə, azərbaycanlı iş adamları ticarət, bank sektoru, nəqliyyat, yeyinti sənayesi və infrastruktur sahəsində də uğurla çalışa bilərlər: «Bu sahələr digərlərindən daha yaxşı inkişaf edir. Bildiyimə görə, Azərbaycan Beynəlxalq Bankı artıq Gürcüstanda öz filialını açıb».


Batumi limanının özəlləşdirilməsində Azərbaycanın iştirak edib-etməyəcəyinə gəlincə isə, cənab Sakaraşvili deyir ki, bu liman özəlləşməyib, sadəcə olaraq, idarə olunmaq üçün 49 il müddətinə Danimarkanın «Qrino» şirkətinə verilib. Ölkə Konstitusiyasına görə, hava və dəniz limanları satıla bilməz.


Gürcüstan İqtisadi İnkişaf Nazirliyinin rəsmisi Merab Lomidze onu da bildirir ki, iki ölkənin iş adamlarının əməkdaşlığına yardım üçün dövlətin rolu artıq bitib: «Dövlət bu görüşdə sadəcə, vasitəçi rolunu oynayırdı, gələcək fəaliyyət biznes adamlarının özlərindən asılıdır».



XS
SM
MD
LG