-
Arazın o tayından
Bəhram Sürgün
RÜBAİLƏR
Göyçək gül iyi boy atmadaydı sizdən
Güldanları kim yığışdırıb dəhlizdən?
Son qoyma gülüm şeirə əgər imkanı var
Gəl bir dənə də rübai yaz nərgizdən.
Qoç kəllərimiz hayanda gizlənmişdi?
Torpaq quduzun gözündə izlənmişdi
Namuslarını sillələr altında görən
Əllər nə yaman əsləhəsizlənmişdi!
Düşdən yazıram, düşün siz atdan, qorxun
Bu qorxulu qalxanlı həyatdan qorxun,
Qeyrətli qəzəl bıçaq çəkir meydanda
Can qorxusu var gəlin bu latdan qorxun!
Dörd bir yanımız alovlanır, bilmirsən
Köksün kimi tam könül yanır, bilmirsən
İllər boyu biz daş atmışıq sevgimizə
Mənlə səni də sevgi danır bilmirsən.
Düşdü qara tellərə bu ağ faciəsi,
Qaldı sinəm üstündə bu dağ faciəsi.
Səs dunyasına ayaq qoyanlar düşünür
Yer-göyləri tərpətdi dodaq faciəsi.
Könlüm quzu tək qalıbdır əllərdə mələr
Göy güllələnir baxın siz allah bəbələr.
Edam dirəyindən asılan bu qələmə
Boylandı baxa yanıb kül oldu meşələr.
Çıxmır kişilik dadı, da çıxmır sizdən
Güllə nəfəsin eşitmirəm Təbrizdən.
Ər bayrağını ellərə pay verməliyik
Atlar beli üstündə gəzən Çəngizdən.
Sürgün gedəli əlimdə bir izlik var,
Köksüm dolusu gorməli nərgizlik var.
Mən öz başıma burda qala bilməzdim,
Getdim ki görəm dalında sənsizlik var.
Hər mahnıda saz tellərinə iz düşdü,
Düşdu başıma dən belə sənsiz düşdü.
Qızlar qalasın mənimsəyən bir anda,
Birdən yadıma ərk ilə Təbriz düşdü.
Batdı qara nifrətlər içində dünlər,
Pas bağladı beynimizdə aylar, günlər
Göz durnaların gəlməyinə tikmişdik,
Sizdən xəbər olmadı yazıq sürgünlər.
Məftildən uca hasar görən gözlərimiz,
Dörd bir yanı dörd divar görən gözlərimiz.
Hər partiya gəldi xanlığı tamsındı
Rəiyət əlidir qabar görən gözlərimiz.
Şair yaralandı dərdini bilmək üçün,
Kimsə tapa bilmədi qanın silmək üçün.
Qan ağladı misralar, şəhid oldu qəzəl,
Yox, doğmadı bir qəsiydə əskilmək üçün.
Səssizcə özün sıxır bu səssiz savçı,
Birdən bir evi yıxır bu səssiz savçı.
Gah güllələyir ədaləti gah qavzır,
Gah məhkəmədən çıxır bu səssiz savçı.
Dondu, daşa döndü ağzımızda dillər,
Pas bağladı beynimizdə aylar illər.
Üz qoydu ərənlər tikələr körpüləri,
Gül açdı budaqlandı yenə məftillər.
Gahdan qara pul mərdi salır sırfalara,
Minnətli çörək başın çalır sırfalara.
Bir küncdə ac qalmış uşaqlar mələşir
Duz dərdi çörək dərdi qalır sırfalara.
Murdar yatağa sığınmağından danışır,
Qorxunc otağa sığınmağından danışır,
Bır gün evinə qayıtmayaydı kaşki
Peşman qucağa sığınmağından danışır.
Sevgi bu qoşa əldi gəzir meydanda,
Ah, qorxu bu sevgidir bitir hər yanda..
...Parkın yolu ağzında kəmər əsləhəli
Bu qorxu həmişəlik qalır insanda
Miylələr arxasında qoç kəllərdən, ...Yaz
Xoflanırıq silahlı heykəllərdən....Yaz
Dar kəndiridir halqalanıb boğmaq üçün
Çək... diskinirəm boyundaki əllərdən.
Bu ölkədə mən mənası mənsizlikdir,
Sürgün adımın mənası sənsizlikdir.
Qış şallağı, güllələrdə öldürmədi heç
Amma hələ quşlara vətənsizlikdir.
Buz parçasıdır, daşdı ürəklər qardaş,
Qardaş ürəyin tutur kələklər qardaş.
Hər an əlimiz xəmirlidi qarnımız ac
Təndirdə yanır bizim çörəklər qardaş.
Yad silləsidir hər an yanaqlarda gəzir,
Başmaq kimi dostluğun ayaqlarda gəzir
Duzla çörəyin hörmətidir al ver olur
Duz sındıran alverçi yolaqlarda gəzir.
Beş qatlı çəpilə bağlamışdı başını,
Sildi divara asdı şəhıd qardaşını.
Həmişə yağışda ağlayan pəncərədi,
Dəsmallı qadın silir onun göz yaşını.
Hər söz yaraşır atılmamış bir ürəyə,
Hər yük suvaşır çatılmamış bir kürəyə.
Məndən aralı gəzin qumar oynamışam
Mən mənliyimi uduzmuşam bir çörəyə.
Ay aynası tək sınıb oğulsaydım əgər,
Aydan arı güzgüdə buğulsaydım əgər
Hamı ana tək sevərdi bu körpəsini
Şair yerinə pillə doğulsaydım əgər.
Sınmaqdı bu qorxu aynanı silməkdən,
Laylay balalar yorulmusuz ilməkdən.
Sizdə hələ bu düşüncələr dərd artır
Mən xoflanıram, diskinirəm bilməkdən.
Bizdə bu payız gözün əyir pəncərədən,
Hərdən yahalıb yağış dəyir pəncərədən
Yaz qəmli baxır, göz yaşını silmək üçün
Birdən bu günəş işıq sərir pəncərədən.
Yaz görkəmi nə pasdı bizim pəncərədən,
Yağmur otağa basdı bizim pəncərədən
Məftil tikən əllər yenə də zülm elədi
Bu pərdələri asdı bizim pəncərədən.
Dünya dəlilər yığıncağından da bizə
İz vermədilər sığıncağından da bizə.
Biz körpə ögey qızıq siz öyrətmədiniz
Bu kainatın oyuncağından da bizə.
Dindir belə həbsdə uzanmış Arazı,
Gəz tap küçələrdə dolanan sevginazı
Bas bu basabasda yaralı könlümüzə
Mıxdan daha taxçadan yorulmuş bu sazı.
Vitrin, şüşə, bu qızın ölən arzuları,
Hər an onu ağladıb, gülən arzuları
Min ildi bu vitrində gözün qaldı sənin
Yaz nömrəni yollara dilən arzuları.
Öz sevgisinə sığışdıran yoxdu məni,
Bu adətilə boğuşduran yoxdu məni
Qaldım küçələrdə, gözüm allah dalıyca
Mən bir dəliyəm yığışdıran yoxdu məni.
Cüt göz qamaşır şaxır mənə pəncərədən,
Cüt göz süzülür axır mənə pəncərədən
Səndən paradoks fəlsəfə öyrəndikcə
Bir körpə uşaq baxır mənə pəncərədən.
Körpə uşağın dizində bir parça zığam,
Yox körpə uşaqdanda bətərdən yazığam
Ah öz içimin savaşlarından qaçıram
Mən dırnağılan yerə çəkilmiş cızığam.
Fəndək odu paprızları yandırdıqca,
Məchul o izin məni usandırdıqca
Sənsizliyimi bir kağaza bük göndər
Mənsizliyimi məndən utandırdıqca.
(Azərbaycan Yazıçılar Birliyinin "Cənubi Azərbaycan ədəbiyyatı" şöbəsinin dəstəyilə çap olunur)