-
«Bədbəxt o millətdir ki, müstəmləkə tarixini bayram kimi qeyd edir».
Bəxtiyar Vahabzadə bu sözləri 1966-cü ildə - ovaxtkı Azərbaycan Dövlət Universiteti filologiya fakültəsinin ikinci kurs tələbələrinə ilk dərsində dilə gətirib.
TƏSƏLLİ
AzadlıqRadiosunun «Ulduzlar sönmür» radiodastanının bələdçilərindən olan və həmin kursda təhsil alan Kamil Vəli Nərimanoğlu 1964-cü ildə Azərbaycanın Rusiya tərkibinə «daxil olmasının» (o dövrün rəsmi ifadəsidir – red.) 150 illiyinin təntənə ilə qeyd edildiyini xatırlayır: «Məlum şairlər bu yubileyə şeirlər, poemalar yazırdı. Və o zaman Bəxtiyar müəllimin əzablı sifətindən və qayğılı ürəyindən bu sözləri eşitmək o dövrkü gənclər üçün böyük təsəlli idi... Bəlkə də, indiki gənclər bunu çətin anlarlar, amma Bəxtiyar müəllimin yazdığı «Gülüstan» poeması elə bir ağır dövrdə yaranmışdı ki, sovet rejimi get-gedə sərtləşirdi. Hətta o dövrdə bir dilə, bir millətə keçmək söhbətləri gedirdi. Orta Asiyada universitetlər rus dilində tədrisə keçmişdi. Və Azərbaycanda da bunu başlamaq istəyirdilər. Amma Azərbaycan, Gürcüstan və Ukraynadakı etirazlar buna mane oldu».
BOMBA PARTLAYIŞI...
Kamil Vəli Bəxtiyar Vahabzadəni mədəniyyətimizdə dissident hərəkatının böyük təmsilçisi sayır: «Dissident» deyərkən sovet rejiminə qarşı etiraz, onun ideologiyasıyla barışmazlıq, milli-demokratik dəyərlərin ortaya qoyulması nəzərdə tutulur. Bu mənada Bəxtiyar müəllim, bəlkə də, bir gizli təşkilatın üzvü deyildi, siyasi fəaliyyət göstərmirdi, amma onun milli dəyərləri qorumaq üçün göstərdiyi cəfa və xüsusən «Gülüstan» poemasında Azərbaycanın bölünmüşlüyünü, 150 illik faciəsini göstərməsi o dövrdə bomba partlayışı idi... Mən Bəxtiyar müəllimin ilk dərsdə dediyi o sözləri yaxşı xatırlayıram: Bədbəxt o millətdir ki, müstəmləkə tarixini bayram kimi qeyd edir...».
BAKI. 1965-Cİ İL. POÇT ŞÖBƏSİNİN DİLİ...
Sonralar universitetdə Bəxtiyar müəllimlə birgə çalışan Kamil Vəli Nərimanoğlu ona təzyiqlərdən də danışdı: «Dəfələrlə partiya iclaslarında onun məsələsini müzakirəyə çıxarırdılar. Universitetdən uzaqlaşdırılacağı ilə hədələyir, süni konfliktlər salırdılar. Yəni Müşfiqi, Cavidi məhv edən rejim yaşayan şairlərə dinclik vermirdi. Onlara verilən əzabı, bəlkə də çoxları görmürdü. Bizlərin yadında daha çox sovetlərin son dönəmi qalıb. Əslində, Stalin rejimi və sonrakı dövrlərdə vəziyyət – xüsusən milli dəyərlərlə bağlı vəziyyət olduqca ağır idi. Xalq bayramını keçirə bilmir, dinindən uzaqlaşdırılır, dili işlənmirdi. 1965-ci ildə Bakıya gələndə, poçta girib bir sifariş vermək mənimçün böyük problem oldu. Çünki bütün rəsmi idarələrin dili rus dili idi. Bakı rus şəhəri idi. Və Bəxtiyar müəllim belə şəraitdə çalışır, dərs deyir, şeirlər yazırdı... O dövrdə Şəhriyar-Bəxtiyar yazışmaları, Bəxtiyar müəllimin çıxışları, «Şəki» qəzetində çap olunan «Gülüstan» poemasının əlyazmasının əl-əl gəzməsi böyük hadisə idi».
«MİLLİ ORDUSU OLMAYAN MİLLƏTİN...»
Aparıcının «Totalitar rejimdə yaşayan şair nədə güzəştə getdi, nədə güzəştsiz oldu» sualını Kamil Vəli belə cavabladı: «Bəxtiyar müəllim milli məsələlərdə güzəştsiz idi. Yadınızdadırsa, bir dəfə parlamentdə bir hərbçi ilə onun milli ordu haqqında deyişməsi oldu. «Rus ordusu yetər, bizim də sərhədlərimizi qoruyar» deyənlərə Bəxtiyar müəllim çox sərt etiraz etdi və dedi ki, milli ordusu olmayan dövlətin milli müstəqilliyi də olmaz! Sonra Bəxtiyar müəllim Azərbaycan tarixini - türklükdən gələn tarixi təhrif edənlərə qarşı barışmaz idi. Bəxtiyar müəllimin yaxın dostları da -Xudu Məmmədov, Nurəddin Rzayev, Şirməmməd Hüseynov, - sanki mədəniyyətimizin qüdsiyyətini qoruyan, Azərbaycan tarixini, onun görkəmli şəxsiyyətlərini - Məhəmməd Əmin Rəsulzadə başda olmaqla o böyük kişilərin qoyub getdiyi irsə sahib çıxan insanlar idi».
QOŞA QANAD
Verilişin bələdçisi daha bir maraqlı nüansa diqqət çəkdi: «Bəxtiyar müəllim istəyirdi ki, Azərbaycan ədəbiyyatı istər Əli bəy Hüseynzadə, istərsə Mirzə Cəlil xətlərini, yəni «Molla Nəsrəddin» və «Füyuzat» xətlərini qoşa qanad kimi saxlasın. Sərbəst şeir və xalq şeiri adıyla üz-üzə qoyulan ədəbiyyat yenə qoşa qanad olsun və bir-birini tamamlasın. Bəxtiyar müəllim muğamla aşıq sənətini də qoşa qanad kimi təsəvvür edirdi. Onun bütün platformalarda, konsepsiyalarda birləşdirici bir gücü vardı. O, bir düşüncə yaratmaq və gəncləri bu yola dəvət etmək istəyirdi».
UMU-KÜSÜ...
Kamil Vəli Azərbaycan müstəqillik qazanandan sonra Bəxtiyar müəllimə ehtiyacın daha da artdığını vurğuladı: «Amma, yaşlanmışdı, hər şeyə gücü çatmırdı. Bəzən biz ondan umub-küsür, bəzən inciyirdik. Amma Bəxtiyar müəllimin ürəyi geniş idi. Səbir edir və zamanında yenə öz etirazını bildirirdi...».
«BEŞİK BAŞINDAKI ADAM»
Kamil Vəli müasirlərinin Bəxtiyar müəllimi necə dəyərləndirdiyindən də söz açdı: «Əbülfəz Elçibəy milli-azadlıq hərəkatından danışarkən, ilk növbədə, Bəxtiyar müəllimin adını çəkir, Rəsul Rzanı xatırlayırdı. Və deyirdi ki, siyasi hərəkatdan, meydan hərəkatından , Azərbaycanın milli-azadlıq duyğularının meydana gəlməsindən əvvəl bu fikri yaradan bizim ədəbiyyatımız olub. Bu ədəbiyyatın da beşiyi başında dayanan adamlardan biri, bəlkə birincisi Bəxtiyar Vahabzadə idi».
«VAHABZADƏ ÖZÜ BİR AZƏRBAYCAN İDİ -- BÜTÖV AZƏRBAYCAN!»
Aparıcının «Onu millətçi sayanlar nə dərəcədə haqlıydılar» sualını Kamil Vəli belə cavablandırdı: «Millətçiliyin iki mənası var. Aşırı, başqa millətlərə qarşı dayanan. Bu mənada, əlbəttə, Bəxtiyar müəllim millətçi deyil, millətsevər idi. Azərbaycan tarixiylə bağlı onun məktubları var. Bizim dövlət tariximiz, bu torpaqda yaşama tariximiz barədə onun çox ciddi iradları vardı və bizi köçəri hesab edənlərə, torpaqlarımızı mənimsəyənlərə qarşı etiraz səsini qaldırardı. Mən yaxşı xatırlayıram, Yazıçılar İttifaqının qurultaylarında o dövrün dövlət başçısı üzünü Bəxtiyar müəllimə tuturdu ki, «bu məsələni siz qaldırmalısınız, bizim gücümüz çatmır... Siz, Rəsul Rza, İsmayıl Şıxlı qaldırmalıdır, Çünki siz millətin səsisiniz». De Qollun bir yaxşı sözü var. Ona irad tuturlar ki, sən niyə Sartra qarşı çıxmırsan. Nə istəyir, onu yazır, Fransanın başını aşağı eləyir. De Qoll cavab verir: Mən ona nə edə bilərəm? Sartr özü bir Fransadır! Bax, Bəxtiyar müəllim özü bir Azərbaycan idi - Bütöv Azərbaycan!».
«BİR GÖRƏYDİM AYRILIĞI KİM SALDI?»
Kamil Vəli şairi təkcə 8 milyonluq Azərbaycanın oxumadığını xatırlatdı: «Bəxtiyar müəllimi 50 milyona yaxın Azərbaycan türkü oxuyur, sevirdi. Mən Cənubda - Təbrizdə, Ərdəbildə Bəxtiyar müəllimin əldən-ələ gəzən, sevilən şeirlərini eşitmişəm. Balaca uşaqların - ana dili yasaqlanan övladların o şeirləri gözyaşıyla əzbər dediyinin şahidi olmuşam. Fikrimcə, Bəxtiyar Vahabzadə min ildə bir olan tarixi şəxsiyyətlərdəndir. Azərbaycan tarixini, mədəniyyətini önə aparan, mədəniyyətin səsi, tarixin təsdiqi olan, bizim sözümüzün, ana dilimizin namusunun, qeyrətinin keşiyində dayanan bir kişi idi Bəxtiyar müəllim və bizlər onun yoxluğunu həmişə hiss edəcəyik».
BƏXTİYAR MÜƏLLİMİN İDEALI...
Kamil Vəlinin fikrincə, Bəxtiyar müəllim xoşbəxt idi: «Onun idealı Azərbaycanı müstəqil görmək idi və gördü. Əlbəttə, Azərbaycanın ziddiyyətləri, çətinlikləri, xüsusilə, demokratiya ilə bağlı çox böyük problemləri var. Bəxtiyar müəllim onu da ağrılı qəbul edirdi. Amma fikrimcə, Bəxtiyar müəllimin missiyası Azərbaycanın müstəqilliyi, ana dilinin varlığı, rəsmiliyi və türk əsaslı tariximiz idi. O, bunların əsgəriydi. Bunun yolunda axıracan mövqeyində dəyişməz qaldı, məktəb yetişdirdi. Bu cəhətdən o, xoşbəxt taleli insan idi».
ŞƏKİ. 1959-CU İL. «NUXA FƏHLƏSİ» QƏZETİ VƏ «GÜLÜSTAN»
Verilişin iştirakçısı-Bəxtiyar müəllimin «qardaşı, əqidədaşı, sirdaşı» Şirməmməd Hüseynov onunla keçirdikləri 60 illik yola nəzər saldı: «Bəxtiyar Vahabzadə mənə verdiyi kitabların üstündə bu sözləri yazmışdı. Bizi birləşdirən əqidə və məslək olub. Onu populyarlaşdıran birinci növbədə 1959-cu ildə yazdığı «Gülüstan» poeması oldu. 1960-cı ildə biz Şəkidə istirahət edirdik. Poemanı bir yerdə oxuduq. O vaxt mərkəzi mətbuat poemanı çap eləmədi. Çünki Azərbaycan «Gülüstan» müqaviləsinin 150 illiyini təntənə ilə qeyd etməyə hazırlaşırdı... Poemanı «Nuxa fəhləsi» qəzetinə apardıq. O vaxt qəzetin redaktoru Məhyəddin Abbasov idi. Onunla danışdıq və poema qəzetin 1960-cı il 23 və 26 oktyabr tarixli nömrələrində dərc olundu».
«NUXA FƏHLƏSİ»-GİZLİ MƏTBUAT
Şirməmməd müəllim ondan sonra şairə və poemaya qarşı hücum başladığını deyir: «Hətta rəsmi bir toplantıda dedilər ki, şair Bəxtiyar Vahabzadə son zamanlar əsərlərini gizli mətbuatda dərc eləməyə başlayıb... Nədənsə, «Nuxa fəhləsi» qəzetini onlar «gizli mətbuat» adlandırırdılar. Bunu Mərkəzi Komitənin katibi deyirdi. O illərin poeziyasında «Gülüstan» təzə bir hadisə idi və tamamilə yeni səpgili bir şairin sənət meydanına qədəm qoyduğundan xəbər verirdi. Sadəcə, mövcud adlar siyahısına növbəti bir ad, imzalar içinə imza əlavə olunmurdu. Poeziyaya milli narahatlığın tərcümanı, xalqın dərdinin dəlisi, azadlıq, istiqlal uğrunda mübarizənin əsgəri, vəkili qədəm qoyurdu. Bax, budur, Bəxtiyarı məşhurlaşdıran «Gülüstan» poemasının əhəmiyyəti...».
AZƏRBAYCAN SOVET ŞEİRİNDƏ İSTİQLALÇI İSTİQAMƏT
Şirməmməd müəllim «Gülüstan poemasının sonluğuna da diqqət çəkdi: «Bilirsiniz də, poema nəylə qurtarır? Şəhriyarın «Heydərbaba»sından sitatla:
Heydərbaba, göylər qara dumandı,
Günlərimiz bir-birindən yamandı.
Bir-birizdən ayrılmayın amandı,
Yaxşılığı əlimizdən aldılar
Yaxşı bizi yaman günə saldılar...
Bir uçaydım bu çırpınan yelinən,
Qovuşaydım dağdan əsən selinən.
Ağlaşaydım uzaq düşən elinən
Bir görəydim ayrılığı kim saldı
Ölkəmizdə kim qırıldı, kim qaldı?
Yəni bu hər iki Azərbaycana müraciətlə yazılmış əsərdir. Bəxtiyar «Gülüstan»la Azərbaycan sovet şeirində yeni bir istiqamət - istiqlalçı istiqamət götürdü, milli-azadlıq hərəkatının ideoloqu kimi çıxış etməyə başladı. Azərbaycan dilinin, müstəqilliyinin, ədəbiyyatının, varlığının nəğməkarına çevrildi. Bununla da, Bəxtiyar sovet dövründə yeni bir poeziyanın - istiqlalçı poeziyanın əsasını qoydu. Və ümummilli liderlərdən - milli mənafeləri müdafiə edən şəxsiyyətlərdən birinə çevrildi».