-
Davos İqtisadi Forumuna qatılan Azərbaycan prezidenti İlham Əliyev «RIA Novosti» agentliyinə müsahibəsində özəlləşdirməyə çıxarılacaq dövlət aktivlərindən söz açıb və SOCAR-ın özəlləşdirilməyəcəyini bəyan edib:
«SOCAR dövlətin strateji aktividir. Bu səbəbdən onun özəlləşdirilməsindən söhbət gedə bilməz».
«BEYNƏLXALQ EKSPERTLƏR CƏLB OLUNMALIDIR»
Bu bəyanat o üzdən diqqət çəkir ki, iqtisadi və sosial məsələlərin həllinə həsr edilmiş son müşavirədə İ.Əliyevın çıxışı həmin qurumun taleyini yenidən gündəmə gətirmişdi. Özəlləşdirmənin önəmini vurğulayan prezident belə demişdi: «Biznes mühitini yaxşılaşdırmaq və iqtisadi canlanmanı sürətləndirmək üçün mütləq geniş özəlləşdirmə proqramı həyata keçirilməlidir. Bu proqram tam şəffaf keçirilməlidir, beynəlxalq ekspertlər bu işə cəlb olunmalıdır. Yerli və xarici investorlar üçün elə şərait yaratmalıyıq ki, onlar böyük maraqla, həvəslə vəsait qoysunlar...».
SOCAR-ın özəlləşdirilməsi və ya heç olmasa, səhmdar cəmiyyətə çevrilməsi beynəlxalq təşkilatların tələblərindən biridir. Görünən odur ki, bu tələb, hələlik, gözlənti olaraq qalacaq. Elə isə, SOCAR-ın idarəçiliyində nə dəyişməlidir? Bu qurum səhmdar cəmiyyət çevrilməli, yoxsa özəlləşdirilməlidir?
«SOCAR-IN ÖZƏLLƏŞDİRİLMƏSİ YOX…»
Neftçilərin Hüquqlarını Müdafiə Cəmiyyətinin sədri Mirvari Qəhrəmanlının fikrincə, SOCAR normal biznes strukturuna çevrilsə, yetər. Onun sözlərinə görə, neft layihələrində dövlətin maraqlarını təmsil edən şirkət özəl ola bilməz: «Onda bu şirkət öz maraqlarını güdəcək».
«İQTİSADİ BÖHRAN VAXTI ÖZƏLLƏŞDİRMƏ EFFEKTİV DEYİL»
İqtisadçı ekspert Nazim Məmmədov, ümumiyyətlə, iqtisadi böhran dönəmində özəlləşdirməni doğru saymır: «İndiki iqtisadi durğunluq dövründə heç bir strateji müəssisənin, kommunal xidmət göstərən, iri vergiödəyicisi olan müəssisələrin özəlləşdirilməsi doğru deyil.Məncə, bunun səmərəsi çox cüzi olacaq».
Ekspert qeyd olunan müəssisələrin, o cümlədən SOCAR-ın idarəçiliyində problem görür: «Menecerlər üzərində sərt kollegial nəzarət orqanı yaradılmalıdır».