Sahibə Qafarova Milli Məclisin yenə sədri seçilib
Sentyabrın 23-də Milli Məclisin yeni tərkibinin ilk iclasında Sahibə Qafarova bu qurumun sədri seçilib.
S.Qafarova bundan əvvəl VI çağırış Milli Məclisin sədri olmuşdu.
Əli Əhmədov Milli Məclis sədrinin I müavini seçilib. Hakim Yeni Azərbaycan Partiyası (YAP) sədrinin müavini olan Ə.Əhmədov buna qədər baş nazirin müavini olub.
Milli Məclisin sədrinin müavinləri Ziyafət Əsgərov, Rafael Hüseynov və Musa Qasımlı olublar.
YAP üzvü Z.Əsgərov Milli Məclisin III çağırış (2005-2010) tərkibində spikerin 1-ci müavini idi.
R.Hüseynov Vətəndaş Həmrəyliyi Partiyasını (VHP) təmsil edir. Milli Məclisin bundan əvvəlki tərkibində VHP-nin digər üzvü Fəzail İbrahimli müavin postunu tuturdu. F.İbrahimli də Milli Məclisin yeni tərkibində var.
Tarixçi M.Qasımlı 2003-cü ildə, İlham Əliyevin prezident seçilməsindən sonra müxalifətdə olan Müsavat Partiyasını tərk edib.
Konstitusiya Məhkəməsi parlament seçkilərinin nəticələrini təsdiqlədi
Sentyabrın 21-də Konstitusiya Məhkəməsi sentyabrın 1-də keçirilən növbədənkənar parlament seçkilərinin nəticələrini təsdiqləyib.
Konstitusiya Məhkəməsi Plenumunun iclasında Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov sualları cavablandırıb. Daha sonra hakimlər müşavirəyə gediblər. Müşavirədən sonra Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev qurumun Plenumunun qərarını elan edib. Qərara əsasən, seçkilərin nəticələri təsdiq edilib.
Sentyabrın 16-da Mərkəzi Seçki Komissiyası (MSK) iki həftə öncə VII çağırış Milli Məclisə keçirilmiş seçkilərlə əlaqədar səsvermənin ümumi yekunlarına dair protokolun təsdiqi və Konstitusiya Məhkəməsinə göndərilməsi barədə qərar qəbul edib.
MSK sədri Məzahir Pənahov bildirib ki, bu ilin parlament seçkilərində ümumilikdə 46 məntəqə üzrə səsvermənin nəticələri etibarsız sayılıb, 17 dairə üzrə 35 seçki məntəqəsinin seçki komissiyası buraxılıb. Amma bununla belə, seçki günü açıqlanan lider namizədlərin arasında heç bir dəyişiklik yoxdur.
M.Pənahovun sözlərinə görə, VII çağırış parlamentində 11 siyasi partiya təmsil olunacaq. Yerlərdən çoxu hakim Yeni Azərbaycan Partiyasına (YAP) mənsubdur. Digər partiyalar da elə əsasən əvvəlki çağırışda azlıqda qalan partiyalardır.
Qanunvericiliyə əsasən, Konstitusiya Məhkəməsi müvafiq sənədləri aldıqdan sonra 10 gün müddətində Milli Məclisə seçkilərin yekunları və nəticələrinin yoxlanılaraq təsdiq edilməsi prosesini başa çatdırmalıdır.
ABŞ Azərbaycanda parlament seçkiləri ilə bağlı ATƏT-in rəyi ilə razıdır
"Biz Sentyabrın 1-də Azərbaycanda keçirilən parlament seçkiləri ilə bağlı ATƏT missiyasının dəyərləndirmə və narahatlığını bölüşürük", - ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller gündəlik mətbuat konfransında "Turan"ın suallarına cavabında deyib.
"Biz Azərbaycanı ATƏT-in tövsiyələrini yerinə yetirməyə, ölkənin Konstitusiyasına və beynəlxalq öhdəliklərinə uyğun olaraq əhalinin əsas azadlıqlarını təmin etməyə çağırırıq", - sözçü əlavə edib.