XİN Avropa İttifaqını Azərbaycanın daxili işlərinə "uğursuz" müdaxilədən çəkinməyə çağırır
Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə sözçüsü Peter Stanonun Azərbaycanda keçirilən növbədənkənar parlament seçkilərini tənqid etməsinə X platformasından cavab verib.
Hacızadə vurğulayıb ki, Azərbaycanda növbədənkənar parlament seçkiləri ölkənin konstitusiyasına və onun milli qanunlarına tam uyğun keçirilib: "ATƏT DTİHB-nin Azərbaycandakı seçkilərlə bağlı mənfi münasibətini təkrarlayan belə subyektiv iddia və siyasi baxış hüquqi baxımdan əhəmiyyətsiz və etibarsızdır".
"Avropa İttifaqının Xarici Fəaliyyət Xidməti rəsmilərini Azərbaycanın daxili işlərinə müdaxilələrinin uğursuz olduğunu anlamağa və bəzi Aİ dövlətlərinin daxili problemlərinə diqqət yetirməyə çağırırıq", - o qeyd edib.
Bundan əvvəl Peter Stanonun yazdığı X postunda deyilirdi: "Azərbaycanda erkən parlament seçkiləri məhdudlaşdırılmış siyasi və hüquqi mühitdə, rəqabətsiz şəraitdə keçirilib. ATƏT DTİHB habelə fərqli səslərin repressiyasının davam etdiyini vurğulayıb. Aİ Azərbaycanı ATƏT DTİHB-in tövsiyələrini icra etməyə çağırır".
ABŞ Azərbaycanda parlament seçkiləri ilə bağlı ATƏT-in rəyi ilə razıdır
"Biz Sentyabrın 1-də Azərbaycanda keçirilən parlament seçkiləri ilə bağlı ATƏT missiyasının dəyərləndirmə və narahatlığını bölüşürük", - ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller gündəlik mətbuat konfransında "Turan"ın suallarına cavabında deyib.
"Biz Azərbaycanı ATƏT-in tövsiyələrini yerinə yetirməyə, ölkənin Konstitusiyasına və beynəlxalq öhdəliklərinə uyğun olaraq əhalinin əsas azadlıqlarını təmin etməyə çağırırıq", - sözçü əlavə edib.
Sentyabrın 16-da Mərkəzi Seçki Komissiyası (MSK) iki həftə öncə VII çağırış Milli Məclisə keçirilmiş seçkilərlə əlaqədar səsvermənin ümumi yekunlarına dair protokolun təsdiqi və Konstitusiya Məhkəməsinə göndərilməsi barədə qərar qəbul edib.
MSK sədri Məzahir Pənahov bildirib ki, bu ilin parlament seçkilərində ümumilikdə 46 məntəqə üzrə səsvermənin nəticələri etibarsız sayılıb, 17 dairə üzrə 35 seçki məntəqəsinin seçki komissiyası buraxılıb. Amma bununla belə, seçki günü açıqlanan lider namizədlərin arasında heç bir dəyişiklik yoxdur.
M.Pənahovun sözlərinə görə, VII çağırış parlamentində 11 siyasi partiya təmsil olunacaq. Yerlərdən çoxu hakim Yeni Azərbaycan Partiyasına (YAP) mənsubdur. Digər partiyalar da elə əsasən əvvəlki çağırışda azlıqda qalan partiyalardır.
Qanunvericiliyə əsasən, Konstitusiya Məhkəməsi müvafiq sənədləri aldıqdan sonra 10 gün müddətində Milli Məclisə seçkilərin yekunları və nəticələrinin yoxlanılaraq təsdiq edilməsi prosesini başa çatdırmalıdır.
Konstitusiya Məhkəməsi parlament seçkilərinin nəticələrini təsdiqlədi
Sentyabrın 21-də Konstitusiya Məhkəməsi sentyabrın 1-də keçirilən növbədənkənar parlament seçkilərinin nəticələrini təsdiqləyib.
Konstitusiya Məhkəməsi Plenumunun iclasında Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov sualları cavablandırıb. Daha sonra hakimlər müşavirəyə gediblər. Müşavirədən sonra Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev qurumun Plenumunun qərarını elan edib. Qərara əsasən, seçkilərin nəticələri təsdiq edilib.