Keçid linkləri

2024, 08 Noyabr, Cümə, Bakı vaxtı 17:49

Tripoli: 'Liviya Rusiyaya baza yaratmaq imkanı verməyəcək'


ABŞ hərbiyyəsi Rusiyanın MiG-29 təyyarəsinin bu fotosunun Liviya üzərində çəkildiyini bildirir
ABŞ hərbiyyəsi Rusiyanın MiG-29 təyyarəsinin bu fotosunun Liviya üzərində çəkildiyini bildirir

Liviyanın dirçəlməkdə olan qanuni hökuməti bəyan edib ki, Rusiyanın hər cür xəbərdarlıqlarını rədd edəcək və ölkənin qərbindəki daha iki strateji məntəqəni ələ keçirmək planlarını dayandırmayacaq.

BMT tərəfindən tanınmış və Türkiyə tərəfindən dəstəklənən Milli Barışıq Hökuməti (MBH) bildirib ki, bu iki məntəqənin ələ keçirilməsi Moskvanın Liviyada da Suriyada olduğu kimi hərbi baza yaratmaq planlarının qarşısının alınması üçün lazımdır.

The Guardian qəzetinin yazdığına görə, bundan başqa Tripolidə mənzillənən hökumət bəyan edib ki, yanvar ayından bağlı olan neft hasilatına yenidən başlanıb.

MBH-nin bəyanatında dəqiqləşdirilir ki, hazırda başlıca məqsəd Sirte və əl-Cufra sahil şəhərlərinin qiyamçı general Haftarın birliklərindən geri alınmasıdır. Rusiyanın göndərdiyi deyilən 14 MiG-29 və Su-24 döyüş təyyarələrinin Əl-Cufradakı bazada saxlandığı iddia olunur.

Son həftələr ərzində Liviyadakı vətəndaş münaqişəsində qüvvələr balansı hökumətin xeyrinə dəyişməkdədir.

Türkiyənin dronları ilə dəstəklənən hökumət qoşunları ölkənin şərqində Rusiya tərəfindən dəstəklənən general Khalifa Haftarın qoşunlarını geri çəkilməyə məcbur edib.

Moskvanın “qırmızı xətti”

MBH-nin daha çox ərazi ələ keçirmək planlarını iyunun 7-də Liviyanın daxili işlər naziri Fathi Bashagha elan edib.

Bununla da MBH-də bəzilərinin “hökumət Rusiyanın xəbərdarlığına əməl edərək Sirte şəhəri üzərinə hücumdan çəkilmələdir” kimi iddialarına son qoyulub.

Rusiya bildirmişdi ki, Sirtenin hökumət tərəfindən tutulması Moskvanın qoyduğu “qırmızı xəttin” keçilməsi kimi qiymətləndiriləcək.

Guardian yazır ki, Rusiya Liviyada nüfuz dairələrinin Moskva və Ankara arasında bölüşdürlməsinə çalışır.

MBH ötən həftə paytaxt Tripolinin mühasirədən tamamilə çıxdığını elan etmiş, bu münasibətlə baş nazir Fayez al-Sarraj öz təyyarəsi ilə şəhərin üzərində alçaqdan uçmuşdu.

Misir təcili atəşkəsə çağırsa da…

Haftarın əsas regional dəstəkçisi olan Misir prezidenti Abdel Fatah al-Sisi şənbə günü bazar ertəsindən başlanacaq təcili atəşkəsə çağırmışdı.

Misirin bu çağırışı Fransa tərəfindən dəstəklənsə də, Ankara Qahirəni Haftara dəstək verməkdən çəkinməyə çağırıb.

Türkiyə prezidentinin sözçüsü İbrahim Kalın deyib ki, “Haftarın vaxtı qurtarıb”.

MBH bildirib ki, Haftar hərbi cinayətlərə görə mühakimə olunmalıdır və Liviyanın gələcəyinıə dair hər hansı danışıqlarda iştirak edə bilməz.

Guardian yazır ki, Haftar hələ də mövqeyinin zəiflədiyini qəbul etmir və Sisini Ankaraya təzyiq göstərərək Türkiyədən silah və muzdlu döyüşçülər gətirilməsinin qarşısını almağa çağırır.

Haftarın mövqeləri zəiflədikcə ölkənin şərqində təşəbbüs onun əlindən çıxaraq parlamentin spikeri Aguila Salehin əlində cəmləşməyə başlayır.

Bashagha deyib MBH siyasi danışıqlar aparmağa hazırdır, lakin bu, yalnız Sirte şəhərinin və əl-Cufra hərbi hava bazasının ələ keçirilməsindən sonra baş tuta bilər.

İki rusiyalı muzdlunun əsir düşdüyü xəbər verilir

Guardian yazır ki, daxili işlər nazirinin Rusiyanı Liviyada baza yaratmaqdan məhrum etmək əzmi heç şübhəsiz Birləşmiş Ştatlar tərəfindən müsbət qarşılanacaq. Beləki, ABŞ son vaxtlarda Rusiyanın Liviyada hibrid müharibəsi apardığına əmin olub.

Rusiya hələki Liviya münaqişəsində üstüörtülü iştirak edir. Moskvanın bu ölkəyə Suriyada nişanlarının gizlədilməsi üçün rənglənmiş döyüş təyyarələri gətirməsi, Liviyada 1000-dək rusiyalı muzdlu əsgərin olduğuna dair xəbərlər var.

Guardian yazır ki, bütün bunların Vladimir Putinin xeyir-duası ilə edildiyi çox az adamda şübhə doğurur.

MBH bugünlərdə iki rusiyalı muzdlunun yaxalandığını və hazırda “Liviyada demokratiyaya qarşı mübarizə üçün gətirildiklərinə” dair ifadə verdiklərini bildirib.

Türkiyənin çoxsaylı məqsədləri

Məqalədə deyilir ki, Türkiyə indilik bu münaqişəsinin qalibi kimi görünür. Prezident Recep Tayyip Erdoğan BMT-nin mövcud silah embarqosunu pozaraq məxfi şəkildə Liviya hökumətini silahlarla təchiz edir.

Şərhçilər bildirirlər ki, Türkiyənin bu münaqişədə iştirakının əsas məqsədi müharibədən sonrakı Liviyada tikinti kontraktlarına sahiblənmək, Aralıq dənizindəki qaz yataqlarına çıxış əldə etmək və hətta Liviyanın neft ehtiyatlarından pay almaqdır.

Liviya Milli Neft Şirkəti iyunun 7-də bildirib ki, ölkənin ən böyük Şarara neft mədənində hasilat tam bərpa olunub. Bu mədən Haftarın hücumlarına görə aylardır ki, bağlı idi.

Paytaxt Tripolinin 900 kilometrliyində yerləşən Şararada günə 315 min barrel neft çıxarılır. Bu, Liviyanın bütün neft hasilatının üçdə biri qədərdir.

XS
SM
MD
LG