-
Münhen Təhlükəsizlik Konfransı çərçivəsində keçirilən dəyirmi masaların birində Azərbaycan prezidenti İlham Əliyev neftin qiymətini səhv proqnozlaşdırdıqlarını bildirib: «İndi yaşadığımız vəziyyəti neft hasilatının azalmağa başladığı bir dövrdə, ola bilsin, 15-20 il bundan sonra proqnozlaşdırmağa çalışırdıq. Biz bu dövrə hazır deyildik».
«ALLAH KƏRİMDİR, QUYUSU DƏRİNDİR...»
İqtisadçı ekspert Qubad İbadoğlunun fikrincə, bu etiraf makroiqtisadi proqnozlaşdırma və planlaşdırma aparan dövlət strukturlarının hansı vəziyyətdə olduğunu göstərir: «Buradan çıxan ilk nəticə odur ki, ölkənin gələcək inkişaf perspektivlərinə baxış təkssenarili və yanlış olub. Səhvin zaman miqyası də nə az, nə çox - düz 20 ildir. Bu səhvin doğuracağı fəlakətlərin miqyas ölçülərini də bir Allah bilir. Belə yerdə deyiblər ki, Allah kərimdir, quyusu dərindir! Bu iqtidarın iqtisadçı başbilənlərinin Azərbaycan xalqını hansı dərin quyuya saldığını zaman göstərəcək. Allah qorusun!».
Ekspert mütəxəssislərin həyəcan dolu xəbərdarlıqlarını hökumətin qulaqardına vurduğunu söyləyərək deyib: «Müasir informasiya texnologiyaları eyniparametrli iqtisadi modeli bir neçə ssenaridə proqnozlaşdırmağa imkan verir. Bunun üçün yüksək iqtisadi biliklər də tələb olunmur. Belə çıxır ki, hökumətin işi gələn pulları saymaq və xərcləməkdən ibarət olub. Axı gəlirlərin proqnozu səhv olubsa, deməli, gələcək xərclər də düzgün planlaşdırılmayıb».
«YOXSA, SİZ ÖZÜNÜZÜ O GƏLƏCƏYİN VƏ O XALQIN İÇƏRİSİNDƏ GÖRMÜRSÜNÜZ?!»
Q.İbadoğlu hökumətlə yanaşı, dövlət qurumlarının fəaliyyət göstərərkən hansı bilgilərə dayanmasının suallı qaldığına diqqət çəkir: «İqtisadiyyat Nazirliyinin «Strateji proqnozlaşdırma və planlaşdırma», Maliyyə Nazirliyinin «Makroiqtisadi proqnozlaşdırma və iqtisadi təhlil» şöbələri, Dövlət Neft Fondunun «Büdcə proqnozlaşdırma və layihələr» departamenti, Dövlət Neft Şirkətinin strateji inkişaf üzrə vitse-prezidenti hansı işlə məşğul olub, gələcək strategiyalarını nəyin əsasında qurublar? Yaxşı ki, prezident səmimi etiraf etdi. Heç olmazsa, bundan sonra nəticə çıxarın, bir neçə ssenarili proqnozlar hazırlayın. Axı sizin proqnozlaşdırdığınız o gələcək əlahiddə bir gələcək deyil, onun içərisində bütün Azərbaycan xalqının taleyi var! Yoxsa, siz özünüzü o gələcəyin və o xalqın içərisində görmürsünüz?!».