"Bu dəqiqə sizinlə danışıram, bax, gözümün qarşısında dam örtüyünün arasında ilan qıvrılır. Hər gün, azı, iki ilan başı əzirik. Srağagün bir ilan öldürdük, dünən yenə də birini... Səhər açılır, gözümüz evdə, çöldə ilan axtarır".
Oğuzun Padar kəndində məskunlaşan Kəlbəcər köçkünü Cəmşir Ələsgərli AzadlıqRadiosu-nun "Qaynar xətt"inə danışır ki, aprel ayının ortalarından evi ilanların "mühasirəsindədir". 1 ay 15 gündür ki, ailə üzvləri həyəcan və gərginlikdədir.
Buna da bax: '76-cı məhəllə'də toyuq başı, qan çanağı...
“HƏRƏ ƏLİNƏ BİR BEL ALIR, BAŞLAYIRIQ İLAN ÖLDÜRMƏYƏ”
Cəmşir Ələsgərlinin sözlərinə görə, 3-cü ildir ki, vəziyyət belədir – yaz başlayanda ilanlar "qonaq gəlir", bir də payızda sürünüb – çəkilib gedirlər:
"Birimiz yatanda birimiz keşik çəkirik. Zəhərli ilanlardır, uzunluğu 1 - 1,5, elə vaxt olur 2 metr olur. Uşaqlar vahimə içindədilər. Bir də görürsən, neçəsi birdən ortaya çıxdı. İkisi evdə, üçü həyətdə, 1-2-si dam örtüyünün arasında... ailəlikcə hərə əlinə bir bel alır, başlayırıq ilan öldürməyə..."
Kənddə evi ilanların oylağına çevrilən təkcə Cəmşir kişi deyil. Gülnur İmranovanın da evində eyni durumdur. 1 aya yaxındır ki, Gülnur xanım evində qalmır:
Buna da bax: Yeni Balaxanı – palçıq dizdən, problem xirtdəkdən...
"Bir neçə ev var ki, elə bil, bu evləri ilanlar qaralayıb. Yay başlayandan döşəmənin taxtasını vurub altından çıxırlar, tavandan sürüşüb düşürlər. Qapını açırsan, baxırsan ki, ilan, az qalırsan tapdalayasan. Keçən il yayda qızıma elçi gəlmişdi, şirinçay ortaya gələndə tavandan bir ilan qıvrıldı düşdü stolun ortasına, durub qaçdılar. Qaynanası qorxudan şəkər xəstəliyinə tutuldu. Günümüz belə keçir. Həyətimdə bostana yaxın düşə bilmirik, ilanlar qıvrılır".
BAŞQA YERƏ KÖÇÜRÜLMƏK İSTƏYİRLƏR
Sakinlərin deməsinə görə, əvvəlki illərdə evlərinin ətrafında aparılmış dərmanlama işlərinin heç bir nəticəsi olmayıb. Bununla belə, onlar yenə dərmanlama işlərinin aparılmasından ötrü rayonun sanitar və epidemioloji stansiyasına müraciət ediblər. Sakinlərin əsas istəyi isə ilanlardan qurtulmaq üçün başqa yerə köçürülməkdir.
Buna da bax: 200 minlik evdə də pandus problemi olanda...
Oğuz rayon Baytarlıq İdarəsindən "Qaynar xətt"ə yay vaxtı kəndlərin ərazisində ara-sıra ilanların göründüyünü deyirlər. Ancaq idarədə də düşünürlər ki, apreldən başlayaraq zəhərli sürünənlərin kütləvi şəkildə peyda olması xoşagələn hal deyil. İlanların hücumuna məruz qalan Ələsgərlilər ailəsi idarəyə müraciət edib. Mütəxəssislər əraziyə baxış keçirib, evin və həyətyanı sahənin dərmanlanması işi aparılıb. İlanların gəlməsinin qarşısını almaq üçün ərazi xüsusi iyə malik dərman preparatı ilə dezinfeksiya olunur. Dərmanın iyinə görə ilanlar evlərə, mal-qara tövləsinə yaxınlaşmır.
Oğuz rayon icra hakimiyyətindən isə bildirilib ki, bəzi kəndlərin yaxınlığında ilanların sürüylə dolaşdığı və yaşayışa münasib olmayan ərazilər var. Əsasən, köçkün ailələri belə ərazilərdə özbaşına evlər tikməklə həyatlarını təhlükəyə atırlar.