2022-ci ilin fevralında Rusiyanın Ukraynaya qarşı genişmiqyaslı müharibəyə başlamasından günlər öncə Boris Livşits Nyu Hempşirdə şəhər kənarındakı evinə Floridanın bir şirkətindən hərbi spektr təhlili cihazı sifariş edib.
Rusiyada yaşayan Livşits illərlə Amerika şirkətlərindən milyonlarla dollarlıq ikili təyinatlı texnologiya sifariş edib və bu texnologiyanın ABŞ-dəki vasitəçilər və “qılaf” şirkətlər vasitəsilə Rusiyaya göndərilməsini təşkil edib.
ABŞ hüquqi sənədlərinə əsasən, bu məhsulların yekun istifadəçisinin gizlədilməsi üçün incə bir sxem hazırlanıbmış. Yekun istifadəçi isə Rusiya hərbi-sənaye kompleksidir.
Şəbəkə ötən il sındırılıb
Elektron siqnalları ölçən spektr təhlilçisi döyüş meydanında və izləməyə qarşı əməliyyatlarda istifadə olunur. Nyu Hempşirdəki evdə bu cihaz Aleksey Brayman tərəfindən qablaşdırılaraq Almaniyada Rusiya kəşfiyyatının işlətdiyi çatdırılma ünvanına göndərilib, oradansa Rusiyaya çatdırılıb.
ABŞ Rusiyanın bu şəbəkəsini yalnız ötən il sındırıb. Brayman və Livşitsə nəzarətdə olan məhsulların sanksiya altında olan qurumlara ixracında kömək etdiyi iddia olunan digər Amerika vətəndaşları həbs olunub. Estoniya polisi ABŞ-nin xahişi ilə FSB əməkdaşı olmaqda şübhəli bilinən Vadim Konoşşenok adlı üçüncü bir şəxsi nəzarət altında olan məhsulları sərhəddən Rusiyaya keçirməyə çalışarkən həbs edib. Livşits də daxil olmaqla daha dörd rusiyalı öz aralarında razılaşaraq sanksiyaları pozmaq, elektron dələduzluq və pul yumaqda ittiham olunur. Ancaq onlar hələlik, həbs olunmayıblar.
Bəzi hesablamalara görə, rusiyalıların Qərbin 2022-ci ilin fevralından sonra Rusiyaya maliyyə sanksiyalarından və ixrac nəzarətindən yayınmaq üçün yararlandığı oxşar sxemlərin sayı yüzlərlədir.
11 mindən çox məhdudiyyət
ABŞ və Avropa Rusiya iqtisadiyyatını və onun müharibə aparmaq qabiliyyətini zəiflətmək üçün fərdlərə, şirkət, məhsul və texnologiyalara, o cümlədən mikroçip ixracına 11 mindən çox məhdudiyyət qoyub.
Ancaq Rusiya Qərbin maliyyə və ixracat sanksiyaları sunamisinə ilk vaxtlar gözlənildiyindən daha çox dözdü. Rusiyaya kömək edən amillər arasında yüksək enerji qiymətləri, iqtisadiyyatın Asiyaya yönləndirilməsi, hökumət xərclərinin artırılması və sanksiyalardan yayınma da var.
Artıq müharibə və sanksiyaların ikinci ili başlayıb. ABŞ və müttəfiqləri Rusiya iqtisadiyyatı və müharibə maşınını daha çox zəiflətmək üçün nəzarəti gücləndirərək boşluqları doldurmağa fokuslanırlar.
ABŞ Xəzinədarlıq Departamentinin keçmiş baş müşaviri, hazırda Atlantika Şurasının təhlilçisi Brayan O’Tul (Brian O'Toole) AzadlıqRadiosuna müsahibəsində deyib ki, sanksiyalara tabe olma səviyyəsi əsasən normal olsa da, ixracata nəzarət sahəsində çətinliklər var.
Proqnozdan daha az kiçilmə
Hökumətin statistika agentliyi Rosstat-ın məlumatına görə, Rusiya iqtisadiyyatı ötən il 2,1% kiçilib. Qərbin sanksiyalarının ilk raundu tətbiq olunanda bir çox iqtisadçılar bu göstəricinin 10-15% olacağını planlaşdırırdılar.
Bəzi iqtisadçılar Rosstat-ın məlumatları manipulyasiya edib-etmədiyini sorğulayırlar. Çünki Prezident Vladimir Putin Rusiyanın sanksiyalar qarşısında duruş gətirməsi mənzərəsini yaratmağa çalışır. Onun hökuməti bəzi statistik məlumatların dərcinə imkan vermir. Bu isə iqtisadiyyatın dinamikasının ölçülməsini çətinləşdirir.
"Rusiya statistikanı dezinformasiya müharibəsinin alətinə çevirib", – “Economist” jurnalının kəşfiyyat şöbəsinin qlobal proqnozlaşdırma qrupunun direktoru Aqat Demare (Agathe Demarais) ötən ay “Foreign Policy” üçün yazdığı köşə yazısında qeyd edir. Demare eyni zamanda sanksiyalar haqda kitabın müəllifidir.
Vəziyyət daha pisdir
Bundan başqa ekspertlər deyirlər ki, Rusiya iqtisadiyyatının vəziyyəti Rosstat-ın öz məlumatlarında göstərdiyindən daha pisdir. Onlar qeyd edirlər ki, nisbətən yaxşı görünən göstəricilər artan hərbi xərclərin hesabına formalaşır ki, bu da yaşayış standartlarının yaxşılaşmasına təsir etmir. Rusiyalılar ötən il xərclərini 2015-ci ildən bəri qeydə alınmış ən böyük sürətlə kəsiblər. Müharibə istehlakçıların etibarına öz mənfi təsirini göstərib.
Qərb hökumətləri sanksiyalar üzərində nəzarəti daha da sərtləşdirməyin yollarını axtarırlar.
ABŞ və müttəfiqləri eyni zamanda həm yerli şirkətlərə arzuolunmaz aktyorları müəyyənləşdirməkdə kömək edir, həm də üçüncü ölkələrə qaçaqmalçılıq və pulyuma hallarının qarşısını almağa təşviq edir.
Livşits Floridadakı şirkətə, aldığı spektr təhlili cihazının kalibri ilə bağlı apreldə yazdığı şikayət məktubunda özünün Rusiyada olduğunu bildirib, bununla da ABŞ hüquq mühafizə qurumlarını şübhələndirib və şəbəkəsini ələ verib. Səkkiz ay sonra Livşitsin ABŞ-dəki havadarları həbs edilib.
Səfərlər
ABŞ Dövlət Katibi Entoni Blinken ötən həftə sanksiyaların tətbiqi də daxil olmaqla bir sıra məsələlərin müzakirəsi üçün Qazaxıstan və Özbəkistana səfər edib. Bu ölkələr Türkiyə və Çinlə birlikdə qadağan edilmiş malların Rusiyaya ötürülməsi və maliyyə sanksiyalarından yayınma üçün tranzit rolunu oynayır.
"Biz sanksiyalara əməl edilməsi məsələsini çox yaxından izləyirik”, – Blinken fevralın 28-də qazaxıstanlı həmkarı ilə birgə keçirdiyi mətbuat konfransında deyib.
Bundan bir neçə həftə öncə ABŞ Xəzinədarlıq Departamentini sanksiyalara cavabdeh olan yüksək rütbəli rəsmisi oxşar mesajları çatdırmaq üçün Türkiyə və Yaxın Şərqə səfər etmişdi.
ABŞ-nin tövsiyələri
ABŞ-nin Ədalət, Xəzinədarlıq və Ticarət departamentləri martın 2-də ölkə şirkətlərinə birgə müraciət dərc ediblər. Sənədə Livşitsin idarə etdiyi şəbəkə kimi sxemlərin arıtlanaraq təmizlənməsi ilə bağlı tövsiyələr salınıb.
Sənəddə eyni zamanda Ermənistan və Özbəkistanın Rusiyanın qadağan olunmuş malları aldığı əsas iki ölkə olduğu göstərilir.
Mütəxəssislər Qazaxıstan və Qırğızıstanın da bu baxımdan tranzit ölkələr olduğunu deyirlər. Ermənistan, Qazaxıstan və Qırğızıstanın Rusiyanın rəhbərlik etdiyi Avrasiya İqtisadi Birliyinin üzvləri olması bu ölkələr arasında malların sərbəst dövriyyəsinə imkan verir.
Qazaxıstanın Xarici İşlər Naziri Muxtar Tileuberdi Blinkenlə birgə mətbuat konfransında deyib ki, Rusiya ilə gömrük sərhədinin olmaması sanksiyalardan yayınma hallarının "idarə edilməsini çox çətinləşdirir”.
Bu yaxınlarda ABŞ, Rusiyanın hərbi-sənaye kompleksinə aid “PKK Milandr” mikroelektronika şirkətinin bəzi cihazların daxilində olan mikroçipləri sifariş etmək və onların pulunu ödəmək üçün Ermənistan və İsveçrə şirkətlərindən yararlandığını iddia edib.
Noyabrda ABŞ həmin Ermənistan və İsveçrə şirkətləri və onların rəhbərlərinə sanksiya tətbiq edib.