4 ilin yarısı getdi...

«O gördüklərini indi beyninə yazır»

«O gün Qənimətə deyirəm ki, həbsinin 2 ili tamam olur. Deyir darıxmayın, vaxtı yarılayandan sonra zaman üzüaşağı, azalmağa doğru gedir...»

«Azadlıq» qəzetinin həbsdə olan baş redaktoru Qənimət Zahidin həyat yoldaşı Ayəndə Mürsəliyeva belə deyir. O bildirir ki, bu iki il onlar üçün çox çətin keçib. Baxmayaraq ki, Qənimətin dostları həmişə yanlarında olub:

«Bu iki il bizə 10, 20 il kimi gəldi. Qənimət özü də tez çıxmasını istəyir. Amma hakimiyyətin siyasi məhbuslar problemini həll eləmək cəsarəti yoxdur. O cəsarəti nə vaxt özlərində hiss edəcəklər, onda siyasi məhbuslar, o cümlədən Qənimət də azad olunacaq».

«RƏİSƏ TAPŞIRMIŞAM ƏCNƏBİ MƏHBUS GƏTİRSİN»

A.Mürsəliyeva deyir ki, həbs olunandan Qənimət Zahid ümidini itirmir, vaxtını səmərəli keçirməyə çalışır. Bu illərdə ingilis dilini öyrənib, indi bu dildə kitablar oxuyur. Danışmağa isə hələ adam tapmır:

«O gün zarafatla deyir rəisə tapşırmışam, bura əcnəbi məhbus gətirsin ki, danışmaq qabiliyyətimi də yoxlayım. Qızıyla görüşəndə ingiliscə danışırlar. Bu dildə ona çoxlu ədəbiyyat aparıram. Sonra «Quran»ın ayələrini ərəbcə əzbərləyir. Vaxtını çox səmərəli keçirməyə çalışır».

«YAZMAĞA QOYMURLAR, BEYNİNƏ YAZIR»

Q.Zahid vaxtilə həbsdə kitab da yazırmış. Ancaq əlyazmalarını alandan sonra yaza bilmir.

A.Mürsəliyeva: «O gördüklərini indi beyninə yazır».

Həyat yoldaşı deyir ki, yəqin ki, beyninə yazdıqlarını azadlığa çıxandan sonra kitab şəklində çap etdirəcək.

A.Mürsəliyeva deyir ki, bu iki ildə Qənimətin həbsdə olanda ən çox sevindiyi xəbər qızının universitetə qəbulu olub. 10 yaşlı oğlu Ərhuna isə ailənin böyüyü olmasını tapşırıb:

«Həmişə yaxşı günlərdə zəng vurur. Ayın 10-u Ərhunun 10 yaşı tamam oldu. Zəng vurub ad gününü təbrik elədi. Evi ona tapşırdığını bir də çatdırdı. O da özünü ev sahibi kimi aparır, deyir evin kişisiyəm».

MƏHBUSLAR QƏNİMƏT ZAHİDLƏ BİR YERDƏ OLMAQDAN MƏMNUNDURLAR

Vəkil Elçin Sadıqovsa deyir ki, Q.Zahidin 4 illik cəzasının 2 ili tamam olsa da, bir müdafiəçi kimi onun vaxtından əvvəl azad olunmasına çalışır. Noyabrın 10-da vəkil yenə Əzizbəyov rayon Məhkəməsinə müraciət edib. Bu dəfə baş redaktorun cəzasının qalan hissəsini çəkməmək şərtilə azadlığa buraxılması tələb olunur. Bir gün əvvəlsə Apellyasiya Məhkəməsi Q.Zahidin daha yüngül cəzayla buraxılmasına dair müraciəti rədd edib.

Vəkil deyir ki, Qəniməti buraxmaq istəmədiklərini bilir, ancaq bütün hüquqi yollara baş vurur. E.Sadıqovun dediyinə görə, baş redaktora yazmaq qadağan olunduğundan indi oxumağa daha çox vaxt ayırır, ona çoxlu kitablar aparırlar:

«Hələ Bayılda olanda çox adama islam dinini, namaz qılmağı, oruc tutmağı öyrədirdi. İndi cəzaçəkmə yerində də elədir. Ona çox hörmətlə yanaşırlar. Elə adam var ki, ona yazıb-oxumağı, eləsi var ingilis dilini öyrədir. Mən məmnun olmasam da, məhbuslar «Azadlıq» qəzetinin baş redaktorunun onlarla bir yerdə olmasından məmnundurlar».

E.Sadıqov deyir ki, yazmağa qoysaydılar, həbsdə müstəqil divar qəzeti olsaydı, Qənimət onu da çıxarardı:

«Ancaq həbsdə belə imkan yoxdur».

«Azadlıq» qəzetinin baş redaktoru Qənimət Zahid 2007-ci ilin noyabrından həbsdədir. O xuliqanlıqda ittiham olunaraq 4 il azadlıqdan məhrum edilib. Beynəlxalq jurnalist və hüquq müdafiə təşkilatları baş redaktorun peşə fəaliyyətinə görə həbs olunduğunu bildirib, azad olunmasını tələb edirlər. Qənimət Zahidin söz atdığı iddia olunan qadın Sevgiladə Quliyeva isə bu yaxınlarda narkotik saxlama ittihamıyla həbs olunub. Onun döydüyü iddia olunan Vüsal Həsənovsa 1 il 6 aylıq çəzasını çəkib.