2011 – İtirilmiş il yoxsa...

Azərbaycan bayrağı

2011-ci il başa çatdı. Ötən il dünya üçün «ərəb baharı», diktatorların devrilməsi, Rusiyadakı kütləvi mitinqlərlə yadda qaldı. Bəs 2011-ci il Azərbaycan üçün nəylə yadda qalan oldu? Sadalayaq:

- Azərbaycanın dövlət müstəqilliyinin 20 yaşı tamam oldu.

- Tənqidçi yazar-publisist Rafiq Tağı öldürüldü.

- Dövlət başçısı korrupsiya mübarizə elan etdi.

- Gənclər və müxalifətçi kəsimin yaratdığı İctimai Palata etiraz aksiyaları keçirdilər.

- Ziyalılar Forumu fəallaşdı. Onun üzvü Rüstəm İbrahimbəyov «Daha susmaq olmaz!» dedi.

- Forumun başqa üzvü Rafiq Əliyev işdən çıxarıldı.

- Və bir də... Azərbaycan BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçildi.

Bəs ötən ildən təəssüratlar nədir?

«ALLAHA ŞÜKÜR, CƏMİYYƏT AYAQDADIR»

«2011-ci ildə bütün dünyada ədalət küləyi əsməyə başladı». Rafiq Əliyev belə deyir. Bəs Azərbaycanda?

Rafiq Əliyev: «Allaha şükürlər olsun, cəmiyyət ayaqdadır. Azərbaycan cəmiyyəti son 5 ildə bir az öləzisə də, ölməyib, dəyərlər itməyib, ziyalı ruhu ölməyib. Gələcəyə də böyük inamım var. Bu ilin əsasında deyirəm. Bu inamı verən nədir? İki şeyə görə deyə bilərəm bunu. Virtual həyatda gənclər çox fəal mövqe tutdular… İkincisi də, gördüm ki, ziyalıların sözləri hədəfə dəydi.

Rafiq Əliyev

Ən başlıcası cəmiyyət, millət ziyalı sözünü eşitdi. Ən əsas yadımda qalan bu oldu. Amma hakimiyyət eşitdimi ziyalı sözünü? Məndə belə fikir var ki, eşitdi. Amma nə qərar çıxartdı, onu bilmirəm».

AZƏRBAYCANIN İTİRDİYİ İL - 2011

«2011-ci il də Azərbaycanın itirdiyi illər sırasındadır». AXCP sədri Əli Kərimli belə deyir:

«Azərbaycanda son illərin hamısı bir-birinə oxşardır. Ölkədə qeyri-legitim bir sülalə hakimiyyəti var. Hökumət korrupsiya ilə məşğuldur. Ölkə iqtisadiyyatı əvvəlki illərdə olduğu kimi, neft satışından ibarətdir. Onun da 20-30 faizi gözə kül üfürməkdən ötrü tikinti-quraşdırma, kommunikasiya işlərinə, infrastruktur layihələrinə xərclənir. Bu illər geniş mənada bir-birinə bənzərdir. Azərbaycanın inkişaf illəri yox, itirdiyi illərdir».

Amma müxalifət lideri 2011-ci ildə az da olsa, siyasi dinamizmin müşahidə edildiyini də söyləyir. Əli Kərimli deyir ki, «gənclər daha mütəşəkkil qüvvəyə çevrilib, ziyalılar susmamaq qərarına gəlib. Azərbaycan hüquqşünasları ictimai-siyasi mövqelərini ortaya qoyublar».

MÜXALİF LİDERİNDƏN ETİRAF

AXCP sədri Əli Kərimlinin qənaətincə, 2011-ci ildə Azərbaycan xalqı göstərdi ki, susmaq niyyətində deyil. Hətta həbs olunmaq bahasına belə. Amma müxalifət lideri etiraf edir ki, müəyyən canlanma olsa da,

Əli Kərimli

bu, yetərli deyil:

«Təəssüf ki, bu canlanma il ərzində bizim arzuladığımız köklü dəyişikliklərə gətirib çıxarmayıb. Müxalifət əvvəlki illərlə müqayisədə bu il daha dinamik, daha güclü olub. Hətta mart-aprel aylarında hakimiyyət qorxu keçirib. Amma müxalifət o həddə qədər güclənə bilməyib ki, siyasi proseslər hakimiyyətin nəzarətindən çıxsın. Hakimiyyət də özünün avtoritar mahiyyətini, siyasi situasiyaya nəzarəti saxlaya bilib».

«2011-ci il Azərbaycanın dövlət həyatında mühüm və vacib illərdən biridir...».

Ana Vətən Partiyasının sədri, deputat Fəzail Ağamalı belə deyir. Düzdür, etiraf edir ki, işğal olunmuş torpaqların azad edilməsində irəliyə doğru addım atılmadı. «Biz bu yolda özümüzdən asılı olan hər şeyi etsək də, işğalçılıq siyasətinə son qoya bilmədik» deyir.

Bununla belə, Fəzail Ağamalı 2011-ci ili Azərbaycan xarici siyasəti üçün uğur sayır. Azərbaycanın BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsini diplomatiyanın qələbəsi adlandırır.

Bundan başqa, deputat korrupsiya ilə mübarizəni də xüsusilə qeyd edir.

«MÜXALİFƏT DAĞINIQDIR»

Fəzail Ağamalı

​O ki qaldı, etiraz səslərinin eşidilməsinə, deputat narazıların olduğunu etiraf edir. Amma onun fikrincə, həmin kəsim hakimiyyətin olmadığı kimi, İctimai Palatanın da sosial bazası deyil:

«İctimai Palata özünü olduğundan daha güclü təqdim etməyə çalışsa da, mart və apreldəki aksiyalarda cəmiyyət onların sosial bazasının olmadığını gördü… Müxalifət dağınıqdır, səbatsızdır, ortaya ciddi proqram qoya və onu reallaşdıra bilmir».

Qısası, Fəzail Ağamalı 2011-ci ilə belə yekun vurur: Azərbaycan iqtidarı gücünü bir daha ortaya qoydu, müxalifət isə zəifliyini növbəti dəfə göstərmiş oldu.

«Ötən il sıravi vətəndaşın yadında nəylə qaldı?». Bu sualla üz tutduq sıravi Bakı sakinlərinə. Bu da cavabları:

- Bir fikrim yoxdur.

- Elə yerimizdə addımlayırıq. Heç bir siyasi uğurumuz yoxdur. Əsas Qarabağ məsələsidir. Bu məsələdə hansı uğurdan danışasan? Azərbaycan bu məsələdə öz sözünü demədi. Heç bir irəliləyiş yoxdur.

- O qədər siyasi hadisə var ki. Korrupsiya ilə mübarizə yaxşıdır, birtərəfli aparılmasa.

- Bilmirəm.

- BMT-nin Təhlükəsizlik Şurasına daxil olması. 2011-də bu oldu. Hamı sevinirdi. Bizim üçün böyük uğur idi.