Sveyqin “alman dilindən tərcüməsi”ndə görünən “horoz” quyruğu...

Seyfəddin Hüseynli

-
Stefan Sveyqin 2010-cu ildə Bakıda nəşr olunmuş, «Bəşəriyyətin ulduzlu saatları. Tarixi miniatürlər» adlandırılmış kitabının 6-cı səhifəsində belə bir qeyd var: «Alman dilindən tərcümə…»

Hansı dilə? Yazılmayıb.

Ancaq gərək yazılaydı!..



Seyfəddin Hüseynli



TƏRCÜMƏ TƏCRÜBƏLƏRİ: SEÇİLİB ÇEVRİLƏNLƏR

əvvəli

Dördüncü yazı

Tərcüməçilərin orijinala bağlılıqda ifrata varmaları, doğma dili də, öz oxucularını da əcnəbi müəlliflərin, xarici dillərin ayağına vermələri, hərfi çevirməyə meyllənmələri nə kimi səbəblər üzündən törəyib artır?

«Orijinala sadiqlik» nə olan söhbətdir?

Tərcümə olunan mətnlərin orijinalına bizdə kimlər nə dərəcədə sədaqət göstərirlər?

Bəs, kimlər hansı məqamda, nə cür xəyanət edirlər orijinala?..

Vəziyyətin xarablığı ondadır ki, indiki şəraitdə bizdə bu sualların istənilən birini, rahatca, o birinin cavabı kimi götürmək olar və eləcə də əksinə.

Yəni, məsələn, müəllif mətninə bağlılıqda ifrata varılması, ya orijinalın öz - ilkin dilinə, ya da «ara dil»ə «hörmət-ehtiram dozası»nın aşılması bədii tərcümədə «hərfi çevirmə uçurumu»na yuvarlanmaq, doğma dili əcnəbi dillərin ayağına vermək, tərcümələrin həm real, həm də potensial oxucularını fiziki-mənəvi işgəncələrlə üz-üzə qoymaq kimi kəmfürsət nəticələr doğurur.

Belə nəticələrin əmələ gəlməsində «müstəsna xidmətləri» olanların xarici dilləri bilmək, əcnəbi müəlliflərə bələdlik, seçib çevirdikləri mətnlərin orijinalını anlamaq sarıdan bəlkə də ciddi problemləri yoxdur.

Vəziyyətin bu tərəfi, ola bilsin, şükürlüdür. Olsun.

Ancaq onların doğmaca ana dilimizlə «yola getmədikləri», Azərbaycan türkcəsi ilə dərin anlaşılmazlıq içində, İstanbul türklərinin deyimincə, «şiddətli geçimsizlik durumu»nda olduqları açıq-aşkar ortadadır. İşin ən ağrı-acılı yönü də elə budur!

İstər ana dilimizə çevrilən mətnin öz - ilkin dili, istərsə də «ara dil» olsun, hər bir halda, qayğı-qüssənin kökü heç də həmin əcnəbi dilləri lazımınca bilib-bilməməkdə deyil!

Bu dərdin-ağrının qaynağını, ilk növbədə, doğma dilə nabələdlikdə, mərd-mərdanə desək, Azərbaycan türkcəsini layiqincə bilməməkdə axtarmaq lazımdır!

«Bir neçə dili söküb-yığıram», «mətni birbaşa çevirirəm», «orijinaldan tərcümələr edirəm» - bunları şərəf nişanı kimi döşə taxmaq da olar, lap belə, gözə soxmaq da!

Ancaq doğma dili layiqincə - zəruri keyfiyyətdə, bədii tərcümə işini yarıdacaq səviyyədə bilməyəndən, ana dilinə münasibətdə saymazyana davranandan sonra bu «nişan»ların nə oxucu nəzərində bir çürük qoz qədər dəyəri qalar, nə də kiməsə bir qozbel sual işarəsincə yararı olar!

Tanış gedişatdır: bu məqamda növbə konkret misallarındır. Ancaq söhbətin axarı o səmtə yönəlsə, gərək bədii tərcümə bazarımızdakı malların mütləq çoxluğu ucdantutma qeyd oluna ki, buna da nə ürək dözər, nə insaf yol verər, nə hövsələ çatar…

Hərdən də tamam fərqli mənzərə ortaya çıxır: tərcüməçinin doğma dilin «şəhdü şirə»sinə hədsiz aludəçiliyinin, öz üslubunu hər cümlədə əcnəbi müəllifin yazı tərzinin, işləmə texnikasının çiyninə mindirmək meylinin, həm məzmun, həm forma, həm intonasiya səviyyəsində gen-bol sərbəstliyinin nəticəsi orijinala da, onu yazana da, tərcümə işinin ənənələrinə, ümdə prinsiplərinə də – ən yumşaq ifadə seçilsə - hörmətsizlik olur.

Bu da düzgün deyil, belə hallar da arzuolunmazdır, əlbəttə! Ancaq bu məqamda «yumşaq ifadələr» seçilməsinin səbəbləri həmin tərcüməçilərimizin (sayları barmaqhesabını keçmir) doğma dili gözəl bilmələri, bacardıqca ana dilimizin qeyrətini çəkmələri, Azərbaycan türkcəsini xarici dillərin ayağına verməmələridir.
Nə müəmmadırsa, bu sıradakı tərcüməçilərimizin doğma dil təəssübkeşliyinin, fərdi üslub azarkeşliyinin ən çox altını çəkən əcnəbi müəllif Qarsia Markes olub əvvəldən bəri, elə indi də belədir.

Böyükdən balacaya– Əkrəm Əylislidən Günel Mövludacan (hərçənd ki, indi hansının böyük, hansının balaca olduğunu dəqiqləşdirmək cəhdi xatasız iş deyil) – hər ağzıvartutan deyir ki, bəs, Markesi bizim dildə təzədən yazmışam. «Tərcümə
eləmişəm» deyənlər varsa da, könülsüz, candərdi dilə gətirirlər bunu, baxırsan ki, elə onların da fikri-xəyalı «yazmışam»dadır.

Əzizim, iki gözüm, niyə, nə vacib olmuşdu axı? Nə ehtiyac vardı Markesin uğrunda bu növ fədakarlığa? Bədii tərcümə işində bu altruizm təmayülü hardan çıxdı belə? Biz Sizi oxumuşuq, oxuyuruq, yenə də oxuyarıq – dönə-dönə, sevə-sevə! Ancaq özünüzü o «qədirbilməz, oyunbaz» Markesə görə, onu ana dilimizdə təzədən yazmaq naminə yorub əldən salmağınızı, sonra da bunu başımıza taqqıldatmağınızı anlamaq olmursa, neyləməliyik?

Axı, kimin də olsa, Sizin aranız pis olmamalıdır Belinski ilə! O kişi, təxminən, belə deyib ki, tərcümələrdə biz mütərcimi yox, müəllifi görmək istəyirik: əgər Puşkin də Göteni çevirməyə başlasaydı, biz ondan tələb edərdik ki, o bizə özünü yox, Göteni təqdim eləsin!

Elə Zabolotskinin də sözü qəribçiliyə salınmaya gərək! Deyir, tərcüməçinin önünə bir tərəzi qoyulub, tərəzinin də iki gözü var – biri orijinalın müəllifidir, digəri isə tərcümənin oxucusu: bədii tərcümə yalnız o halda uğurlu alına bilər ki, tərəzinin hər iki gözü bərabər olsun...

İndi bu iki kəlamın bir ucu, istər-istəməz, Əylis əhlinə sarı uzandısa, gərək böyük ustad öz ululuğunu göstərə, əfvinə sığınanın suçundan keçə! Əsas ünvan qətiyyən Əkrəm kişi deyil, əlbəttə! Heç şübhəsiz, ondan sonra gələnlərimizə, gələcəklərimizə tuşlanıb Belinski ilə Zabolotskinin bəlli sözləri!

Dünyaya çıxışımızın darlığı üzündən, orijinaldan çevirmə bizdə bədii tərcümə orqanizminin ən həssas, ağrılı nahiyəsi olub həmişə. Axır vaxtlar xarici dillərə bələdlik arealımızın genişlənməsi, əcnəbi dilləri öyrənənlərimizin sayının nisbətən artması yaxşıdır, sevindiricidir. Bu yolla «ara dil» amilinin yavaş-yavaş ortadan qalxacağını fikirləşmək adamı fərəhləndirir. Amma…

«Amma»sız işimiz var ki?!

«Ara dil»dən söz düşmüşkən, uzun müddət bizim üçün bu işin yükünü rus dili çəkib. Rus ədəbiyyatı öz yerində, «Avropaya pəncərə»ni də, çox vaxt, rusca açmışıq: arabir rahat, hərdən babat, əksərən də bərbad – olan olub, torba da ki belə…

İndilərdə isə bu mövqe Türkiyə türkcəsinindir. Ancaq «ara dil» kimi «öz yerini-həddini bilən», ana dilimizdə yalnız bəzi-para izlər qoymağa hünəri çatan ruscaya verdiyimiz təsir dairəsi ilə kifayətlənməyən Türkiyə türkcəsi, neçə müddətdən bəri, daha geniş planda, fərqli səviyyələr üzrə, yəni «bütün cəbhə boyu» Azərbaycan türkcəsini sıxışdırmağa başlayıb. Özcə mütərcimlərimizin, naşirlərimizin də fəal yardımı sayəsində Türkiyə türkcəsi artıq «ara dil» olmaqdan çıxıb, Azərbaycan türkcəsi ilə hansısa əcnəbi dil arasında körpü rolu oynamaq yerinə, hardasa, hakim-hegemon dil mərtəbəsinə qalxıb. Söhbətin bu məqamı lap sancılı-göynərtilidir, odur ki, yerindəcə misal çəkməmiş ötüşmək mümkün deyil:

Stefan Sveyqin 2010-cu ildə Bakıda nəşr olunmuş, «Bəşəriyyətin ulduzlu saatları. Tarixi miniatürlər» adlandırılmış kitabının 6-cı səhifəsində belə bir qeyd var: «Alman dilindən tərcümə…» Hansı dilə? Yazılmayıb. Ancaq gərək yazılaydı! «Niyə»sini çox gözləmək lazım gəlməyəcək…

Allahtərəfi, kitabın adındakı sözlər, məlum səhifədəki o biri qeydlər - redaksiya heyətindəki adlar, ya da lap aşağıdakı «Kitabın Azərbaycanda təkrar, yaxud hissə-hissə nəşr izni, yayımı… mənsubdur və qanunla qorunur» cümləsi Azərbaycan türkcəsini nişan verir.

Di gəl ki, vərəqlədikcə «Bəşəriyyətin ulduzlu saatları» yaddan çıxır, «tarixi miniatürlər»ə baxdıqca bu kitabın almancadan çevrildiyinə, azərbaycancaya çevrildiyinə, ümumiyyətlə hansısa dildən hansısa dilə çevrildiyinə - heç də miniatür ölçüdə olmayan - şübhələr ordan-burdan baş qaldırır. Şübhələr üzə durur ki, bu kitabdakı mətnlərdə Türkiyə
türkcəsinin «xüsusi çəkisi»nin bir belə ağır olmasının altında-arxasında necə bir niyyət var, görəsən?!

Mətnlər 12-ci səhifədən başlayır, artıq 13-cü səhifədəcə yazılıb: «…mürəttəbatı oluşdurmaq üçün bu dəfə təbilçilər və dəllallar gərəkli deyildi».

14-cü səhifədə: «…işlərində başarısızlığa uğrayanlar, qısacası İspaniya ədliyyəsinin aradığı nə qədər qaçaq, ya da oğru varsa hamısı Eldoradoya gedəcək olan gəmiyə doğru axın edir. Bir həmlədə zəngin olmaq üçün hər cür zorbalığa boyun qoymağa və hər cinayəti işləməyə qərar vermiş qaçaq və küçə sərsərilərindən ibarət çılğın bir aşiq seli. Bu yeni yolçuluğa alınmağı başarmayanlar da başqa bir yol seçmək zorunda qalır...»

Sonrakı səhifələrin «xülasəsi»:

- «…bu torpaqları və bu dənizləri, üzərində hər hansı bir prens və ya bir başçı haqq iddia edəcək olarsa, istər xristian, istər dinsiz, hansı imanlı olsun, buraları Kastiliya Kralı adına, bu andan başlayaraq və hər zaman, dünya döndükcə və qiyamət gününə qədər qoruyacağıma and içirəm»;

- «Keçən bu aylar boyunca Handel, umudsuz, həyata küskün, yaradıcılığına belə güvəni qalmamış…»;

- «Ah, ona səslənmək, ətrafı çın-çın inildədən şeypurların gurultusu, orqan musiqisi və xorun dalğavari əks sədasıyla ona elə hayqırmaq ki, hələ də qaranlıqda qurcalananlar Tanrını idrak edərək oyansınlar…»;

- «Necə ola bilər ona şükür edilməz, necə ola bilər minlərcə sevinc çığırtısını öz çığırtısıyla qaynaşdırıb hayqırmaz və necə ola bilər mahnılar oxuyub «Glory to God!» deyərək onu mədh etməz!»;

- «Sözlər, eynilə əriməkdə olan isti işıq sağanağı kimi üzərinə sürəkli boşalır, qəlbə enən bu damlalar ona rahatlıq verir…»;

- «Ne was despised» - «Xor görülmüşdü». Handel bu sözləri oxuyunca içindəki bütün xatirələr, qaranlıq və sıxıcı bir nizamla geri gəldilər»;

- «Həyatı boyunca heç belə yaradıcı olmamışdı və özünü musiqinin ağuşuna beləsinə qapdırmamışdı»;

- «Bir kor kimi divara tutuna-tutuna yürüməyə çalışdı»;

- «…bütün olumsuzluqların öhdəsindən gəlməyi bacardı və bu altmış yaşında insan, heç bir şeyə baxmadan, əsərləriylə süslədiyi yolda yürüməkdədir»;

- «…böyük bir həyəcan və böyük bir yaradıcılıq bir anda bir araya gəlmiş və bu zavalı həvəskar musiqiçini, öz gücünü yüz min dəfə aşaraq, bir saniyəlik bir işıq dəməti kimi par-parıldayaraq ta ulduzlara qədər sürükləmişdi»;

- «Ölümündən cavabdeh olduğum bir nəfər belə olsaydı bunun hesabını vicdanım qarşısında verə bilməzdim»;

- «…pis hava şərtləri səbəbiylə briqadalar geri dönmək zorunda qaldılar»;

- «Sıxıntı içində keçən bu aylar boyunca kapitan Robert Skottun taleyi və başarısı qarlara və səssizliyə gömülmüşdü»;

- «Kimliyi bəlli olmayan bir sürü şübhəli insan diplomatların otaqlarından tələsə-tələsə və səssizcə çıxmaqdadırlar»…


Nəhayət, kitabın arxasında – Sveyqin şəklinin altında verilmiş cümlə:

«Bir millətin içindən bir dahinin çıxa bilməsi üçün milyonlarca insanın dünyaya gəlməsinə ehtiyac olmuş, gerçək bir tarixi hadisənin, yəni ulduzun parladığı saatların oluşması üçün də milyonlarca saat gözləmək məcburiyyətində qalınmışdır…»

Beləcə, «Bəşəriyyətin ulduzlu saatları»nın timsalında, bəşərin imza atdığı daha bir nəşrin ulduzu qaralır, neçə-neçə oxucunun mütaliə saatları alatoranlıq içində hədər gedir.

Ana dilimiz 8-9 il əvvəl Orxan Pamukun «Qar» romanından parçaların tərcüməsində də oxşar davranışla üzləşib. Həmin tərcümədə Azərbaycan türkcəsinə qar kimi soyuq münasibət göstərilib:

- «Onu Ərzurumdan Qarsa götürəsi avtobusa son anda yetişmişdi»;

Orxan Pamuk

- «Sürücü uzaq işıqlarını qapatdı və yarıqaranlıqda yol daha aydınlaşarkən avtobusun içi qaranlıqlaşdı»;

- «Danışanda fısıldaşaraq danışırdılar. Köksünə sürüşüb yuxuya daldığı oturacaq qonşusu Kadan belə bir fısıltı ilə, Qarsa nə məqsədlə getdiyini sordu. «Qəzetçiyəm» deyə fısıldadı Ka»;

- «Yalın sözlərində və məğrur-məğrur söhbət etməsi halında Kada sayğı oyandıran sirli nəsə vardı»;

- «Qarın qocaman dənələrlə necə durmadan yağmasını seyr etdi»;

- «Qəsəbəyə gələn yabançıların – qəzetçi olsalar belə – polisə dəymələri 1940-cı illərdən qalan bir əyalət alışqanlığıydı.

- «…Qasım bəy dəhlizə çıxıb onları otağına aldı…

Sərdar bəyin sözü bitincə:

- Qorunma istəyirsinizmi? – dedi Kaya…

- Buna ehtiyac varmı? – dedi Ka, həkimin necə qaçaraq yürüdüyünü görən bir xəstənin təlaşıyla»;

- «Bu özgürlüklə yuxu dərmanı və viski ilə ağır-ağır icra edəcəyi öz intiharının xəyallarına hər dalanda Ka ordakı səssiz yalnızlıqdan elə qorxardı ki, heç bir zaman intihar fikrini ciddiyə almazdı»;

- «Zatən buna görə, bu qədər əsəbi olmağıma baxmayaraq, fikir mücadiləsi sonunda kimsəyə təpki göstərmirəm»;

- «Bir gün Rüstəm ova çıxarkən öncə yolunu, gecə yuxuya dalarkən isə atını qeyb etmiş. Rakş adlı atını tapacaq deyə gedib düşmən torpaqlarına çıxmış, Turana girmiş»;

- «Sən Allaha inamı qeyb etmisən, üstəlik bunun fərqində deyilsən»…


Bu cür çevirmələrlə biz nələri "qeyb etdiyimizin fərqindəyikmi"? Allah bilir!..

Bədii tərcümə işi haqqında dəqiq, konkret resept verilməsinin, bu sahənin bir elm kimi qəti şəkildə sistemləşdirilməsinin mümkünsüzlüyü çoxdan, özü də xeyli mötəbər səviyyədə vurğulanıb.

Müxtəlif kitablardan, indiki dövrdə isə, xüsusilə internetdən bu barədə neçə-neçə sanballı fikir, əsaslı mülahizə oxumaq olar.

Məşhur dilçilərdən Reformatski bunu belə əsaslandırmağa çalışıb ki, tərcümə işi eyni vaxtda dilçiliyin, dil haqqında təlimlərin ayrı-ayrı, fərqli yönlərindən bəhrələndiyi üçün onun özü haqqında məxsusi elmi sistem hazırlanması mümkün deyil.

Müəyyən nəzəriyyələrdən, bəlli qaydalardan, fərqli metodlardan, çeşidli üsullardan illər boyu danışılıb-yazıldığı halda, Reformatskinin dediyi kimi, yenə də tərcümə işinin rəsmən elm adlandırılmaması bəlkə də hansısa ali iradənin təzahürü, ilahi bir ədalətin təntənəsidir.

Çünki hər nə qədər elmi metodlar hazırlanıb, nəzəri modellər – denotativ, transformativ, semantik – müəyyənləşdirilsə də, çevirmə prosesinə kimsə morfoloji, sintaktik, stilistik, semantik əməliyyatlar üzrə, bir başqası isə, formal əlamətlərə görə, yəni yerdəyişmə, əlavəetmə, əvəzləmə kimi təsnifat versə də, adekvatlıq, ekvivalentlik zərurəti şüara çevrilsə də, iş prosesində – «meydana girəndə» bunlar hamısı «aradan çıxır».

Fitri imkanlar, məqsədyönlü zəhmət, lüğətlər, bir də təcrübəyə bağlı peşəkarlıq qalır tərcüməçiyə! Tərcümə - fitri ilə təcrübinin övladıdır, bu ikisi - arada qartımış nəzəriyyələr olmadan da - birləşə bilər. Ancaq fitri keyfiyyətlər öz ilkinliyi ilə bu işin əsası, mayası olduğundan, tərcüməyə onlarsız girişməyin sonu sonsuzluq, qısırlıq olar. Fitri imkanlarsız, kəko-pəltək dillə, yalın-yumşaq əllə tərcüməçilik həvəsi, məhsul dalınca birbaşa təcrübə sahəsinə cummaq meyli - eynilə «hər dərədə bir at öldürməklə baytar olmaq» sevdası kimi - qaravəlli bir niyyətdən xəbər verir.

Bu sözlər isə, niyyət deyil, söhbətdi: Gözəl günlər görək! Ölkəmizdə tərcümə təcrübələrinin sağlam, keyfiyyətli məhsullar verəcəyi, bu yazının da - nə vaxtsa kiminsə rastına çıxanda - indiki kimi hirs-hikkə, acıq-qıcıq yox, yaxın keçmiş üçün ya yüngül təəssüf, ya da ani təbəssüm doğuracağı günlər!