QİSMƏT. Ən böyük həqiqət MOTOSİKLETDİR

QİSMƏT

-

Dünyanı politik proqramlarla düzəltmək mümkün deyil, bu yalnız təməldə olan dəyərlərin düzgün olması ilə mümkündür.

Ən böyük həqiqət MOTOSİKLETDİR və ona qulluq etməyi bacarmaq lazımdır.



Oxunmalı kitablar


QİSMƏT


"DZEN VƏ MOTOSİKLETƏ QULLUQ SƏNƏTİ" KİTABI HAQQINDA

Hər kitab adama yeni bir təcrübə qazandırır; bəziləri yüksək mənəvi zövq, intellektual ləzzət verir, bəziləri isə sadəcə olaraq vaxt itkisi ilə bağlı dərs...

Vaxt isə elə şeydir ki, onu kreditə götürmək olmur, hissə-hissə ödəmək olmur, itirdinsə, vəssalam. Bu mənada, indiki sürət əsrində vaxt ən bahalı şeydir. Həyatımızın hər millimetrinə yayılmış qaçaqaçın, tələskənliyin, daha dəqiqi ötəriliyin içində, xırda bir səhv çox böyük vaxt itkisi bahasına düzəlir. Gündə biri də yox, bir neçəsi çap olunan səthi, primitivlik abidəsi kitabların keyfiyyətsizliyi, bəlkə də təkcə qeyri-peşakarlıq, dəb azarı, dünyagörüş azlığı deyil, bir az da tələskənlikdir, səbrsizlikdir. İndiki dünyanın ritmi elədir ki, mənə görə bu zamanda, mətn öz həqiqətindən başqa həqiqətlərə işarə vurmursa, işarə etmirsə, istiqamət vermirsə, ölümə məhkumdur.

Bir də qəribə səslənsə də, indiki ədəbiyyat praktik olmalıdı. "Praktik" sözü sizi çaşdırmasın, söhbət mətbəx cihazları praktikliyindən getmir. Söhbət düşüncənin praktikliyindən gedir. Bu da görünür ayrıca bir yazının mövzudur.

Sevdiyim bir neçə yazıçının müsahibəsində adını ilk dəfə eşitdiyim bir müəllifə rast gəldim: Robert Pirsig.

Kiçik bir araşdırma apardım və məlum oldu ki, Pirsigin ən məşhur kitabı "Dzen və motosiklet qulluq sənəti"dir.

Ötən həftə kitabı əldə edib oxumağa başladım və nə gizlədim, olduqca heyrətləndim. Təvazökarlıqdan uzaq səslənməsin, müəyyən mütaliə bazası olan adam kimi son vaxtlar əksər kitabların ifadə etdiyi mətləb mənim üçün 50 səhifədən sonra təxminən aydın olurdu.

Robert Pirsig

Robert Pirsigin kitabı roman deyil. Bu kitaba esse kitabı da, səyahətnamə də, özünüinkişaf kitabı da, fəlsəfə kitabı da demək olar, halbuki kitabı bu "qovluq"lardan heç biri qoymaq olmaz.

Orxan Pamuk bir müsahibəsində kitab haqqında çox dəqiq deyib : "Bu gözəl kitab fərdin ucsuz-bucaqsız Amerikada həyatın mənasını tapmaq çabası və dəyər axtarışı haqdadır.

Çox romantik bir kitabdır. Roman deyil, amma bütün ciddi romanların elədiyini edir, özü də bir çox gözəl romanlardan daha yaxşı edir: gündəlik həyatın detallarından fəlsəfi nəticələr çıxarır."

Robert Pirsigin oğlu və bir dostu, onun xanımı ilə çıxdığı motosiklet səyahəti, əslində, klassik dillə desək, bir iç səyahətdir.

Səyahətləri boyunca daha çox, kələ-kötür, kəşf olunmamış yerlərə can atan qəhrəmanlarımız, sanki sivilizasiyanın onlara bəxş etdiyi nəqliyyatla - motosikletlə sivilaziyadan qaçmaq istəyirlər. Daha dəqiqi, Robert Pirsig buna can atır, dostları isə başqa cür düşünür. Elə birinci səhifədəcə belə yazır Pirsig: "Bura elə bil heç haradır, məşhur heç nə yoxdur burda, elə buna görə də gözəldir".

Bəs niyə motosikletlə? Avtomobillə səyahət etmək daha praktik deyilmi? Ya da uzaq məsafəli qət etmək üçün təyyarə daha yaxşı olmazmı? Pirsig yazır:

"Motosikletlə gəzərkən hər şeyi maşındakından fərqli görürsünüz. Avtomobildə həmişə qapalı yerdə olursunuz,pəncərədən gördüklərinizlə televizorda gördükləriniz arasında elə də fərq olmur. Passiv müşahidəçi olursunuz avtomobildə və maşınınız sizinlə birgə hərəkət edən darıxdırıcı qəfəsdən başqa bir şey deyil."

Pirsig əsər boyu insanın özünün özünə yaratdığı problemləri çox sadə misallarla darmadağın edir, məsələn, evindəki su kranını düzəltməyə həvəsi olmayan, amma dünyanı dəyişmək istəyən dostlarından danışır və onları anlamağa çalışır.

Pirsig eyni yerə baxan, eyni şeyi görən, eyni şey haqqında danışan, amma başqa cür baxan, düşünən adamların arasındakı fərqlərdən danışır.

Pirsig həyat haqqında bir tərəfi ilə Dzen kimi müdrik olan, o biri tərəfi ilə olduqca praktik olan qənaətlərini bölüşür.

O düşünür ki, dünyanı politik proqramlarla düzəltmək mümkün deyil, bu yalnız təməldə olan dəyərlərin düzgün olması ilə mümkündür. O deyir ki, dünyanı düzəltmək üçün hamımız əvvəla ürəyimizi, qafamızı, qafamızın içindəkiləri, əllərimizi və əllərimizdən çıxanları düzəltməliyik.

Pirsig deyir ki, ən böyük həqiqət MOTOSİKLETDİR və ona qulluq etməyi bacarmaq lazımdır.

Bu kitab oxuyub bitirmək üçün deyil, bu kitab bəlkə də nadir kitablardandı ki, oxumaq üçündür, eləcə oxumaq, həmişə oxumaq...