Manatla əmanətlər artıb

Manat

-

Dekabrda əhalinin bank əmanətləri çoxalıb. Mərkəzi Bankın (MB) rəsmi saytında belə deyilir və bildirilir ki, bu ilin əvvəlinə banklardakı əmanət miqdarı 9 milyard 473.9 milyon manata çatıb. Bu məbləğ noyabrın sonuyla müqayisədə 2 milyard 384.4 milyon manat çoxdur.

«MB YANVARIN NƏTİCƏLƏRİNİ HƏLƏ DƏ GİZLƏDİR...»

Bank məsələləri eksperti Əkrəm Həsənovun fikrincə, artım devalvasiyadan qaynaqlanır: «Əmanətlər, əsasən, dollarla yerləşdirilib. Deməli, yanvarın 1-nə olan məzənnəni götürsək, hazırda banklarda 6 milyard 112.1 milyon dollar əmanət var. İndiki məzənnə ilə isə daha az - 5 milyard 958.4 milyon dollar. Ötən il dekabrın 1-nə olan məlumata görə, banklardakı əmanət məbləği 7 milyard 89.5 milyon manat idi - o dövrün məzənnəsiylə 6 milyard 751.9 milyon dollar. Bu isə o deməkdir ki, təkcə dekabr ayı ərzində banklardan 640 milyon dollara yaxın əmanət çıxarılıb».

Ekspertin sözlərinə görə, ötən il banklardan 3.1 milyard dollardan çox əmanət çıxarılıb: «Artıq fevralın 5-dir, amma MB yanvar ayının nəticələrini hələ də gizlədir. Ehtimal etmək olar ki, əmanətlərin məbləği daha da azalıb və 6 milyard dollardan da aşağı düşüb».

«ƏMANƏTLƏRİN KÜTLƏVİ ŞƏKİLDƏ...»

Əkrəm Həsənov əmanətçilərin öz pullarını banklardan kütləvi şəkildə çıxaracağına əmindir: «Səbəb aydındır: bank sisteminə etimadın azalması, MB-nin banklara səmərəsiz nəzarəti, bəzi bankların bağlanması və sığortalanmamış əmanətlərin, əslində, batması. Dahası da var - mövcud bankların bir qisminin əmanətləri həyasızcasına qaytarmaması və cəzasız qalması, problemli bank kreditlərinin xeyli artması və nəticədə əmanətlərin batma ehtimallarının çoxalması və s. Bir səbəbi də xüsusi qeyd etmək lazımdır: dövlət istiqrazlarının buraxılması. Təbii ki, pulunu mütləq yerləşdirmək istəyən adam indiki dövrdə onu banka deyil, dövlətə etibar edər. Bu üzdən əksər əmanətlərin dövlət istiqrazlarına «axması» qaçılmazdır».

«AXI ƏMANƏTLƏRƏ DÖVLƏT DEYİL, ƏSLİ-NƏCABƏTİ BİLİNMƏYƏN...»

Ekspertin qənaətinə görə, yaxınlarda «Əmanətlərin tam sığortalanması haqqında» Qanunun qüvvəyə minməsi də durumu çox dəyişməyəcək:

«Axı əmanətlərə dövlət deyil, əsli-nəcabəti bilinməyən Əmanətlərin Sığortalanması Fondu təminat verir. O Fondun özü də müflis ola bilər və bu halda əmanətlər batacaq, dövlətsə heç nəyə məsuliyyət daşımayacaq. Amma dövlət istiqrazlarına görə dövlət birbaşa cavabdehdir».

«ETİMADI BƏRPA ETMƏK LAZIMDIR, ƏKS HALDA...»

Əkrəm Həsənov banklara çıxış yolunu da göstərir: «Şəffaf olmaq, ictimaiyyəti dəqiq və vaxtında məlumatlandırmaq, borclulara gerçək və ciddi kompromisə getmək və xoş məram göstərmək lazımdır. Çünki kreditlər qayıtmasa, əmanətlərin də qaytarılması mümkün olmayacaq. Etimadı bərpa etmək lazımdır. Əks halda, əmanətləri tam itirəcəklər».