Mətbuat Şurası 22 iyul – Milli Mətbuat Günü ərəfəsində mətbuatın iqtisadi durumunu yaxşılaşdırmaq üçün təkliflər paketi hazırlayıb.
Təkliflərdən biri qəzet və jurnallara verilən reklamların sayını artırmağa yönəlib. Mətbuat Şurasının rəhbəri Əflatun Amaşov deyir ki, indi şirkətlər verdikləri reklamdan vergi ödəyirlər və əgər hökumət reklamdan ödənən vergi yükünü azaltsa, şirkətlər mətbuata daha çox reklam verməkdə maraqlı olarlar. Bu isə mətbu nəşrlərin iqtisadi vəziyyətini yaxşılaşdırar:
«İqtisadi vəziyyəti yaxşı olan mətbuat daha müstəqil olur və müxtəlif siyasi qüvvələrdən asılılığı aradan qalxdığı üçün ifrat şəkildə siyasiləşmir».
Mətbuat Şurası dövlətin qəzet və jurnallara qrantlar verməsini də təklif edir. Əflatun Amaşov bildirib ki, mətbuatın iqtisadi durumunun yaxşılaşdırılmasına yönələn təkliflər yaxın zamanlarda ölkə jurnalistlərinin iştirakı ilə müzakirə olunandan sonra hökumətə təqdim ediləcək.